Şamaxıda YAP-ın təşkilatçılığı ilə Milli Qurtuluş Günü qeyd edilib FOTO
Bu gün Şamaxıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, YAP fəalları iştirak edib. Tarixi bayram münasibətilə konfrans iştirakçılarını təbrik edən Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 15 iyun tarixinin xalqımızın və dövlətimizin həyatında əhəmiyyətindən bəhs edib. O bildirib ki, Milli Qurtuluş Azərbaycanın yeni mərhələdə milli dövlət quruculuğunun ideya əsası kimi çıxış edir: "Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atılan addımların qurtuluş məfkurəsinə istinad etməsi heç də təsadüfi deyil. Bu, Azərbaycanda 1990-cı illərin əvvəllərində yaranmış tarixi şəraitdə milli dövlət quruculuğunun üzləşdiyi spesifik xüsusiyyətlərlə və tarixi şərtlərlə bilavasitə əlaqədar idi. Azərbaycanın müasir tarixi Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb".
Məhz Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycanın təhlükələrdən qurtulduğunu qeyd edən YAP Sədrinin müavini, 15 iyun tarixinin Azərbaycan tarixində tutduğu yerdən danışıb. O qeyd edib ki, bu gün xalqın taleyində dönüş anı olub: "Ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizi anarxiyadan, parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edib. Bu qayıdış ölkəni ağır durumdan xilas etməklə yanaşı, müasir inkişafımızın, rifahımızın təminatı olub. Ölkədə sabitliyin bərqərar olunması ilə bütün sahələrdə uğurlu islahatlar həyata keçirilib, iqtisadi tənəzzülün qarşısı alınıb. Ümummilli liderin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində möhkəm təməli olan müasir Azərbaycan cəmiyyəti qurulub. Milli Qurtuluş günü Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin rəhnidir. Ulu öndərin işləyib hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub".
Hazırda Azərbaycanın inkişaf etməsinin məhz Qurtuluş günü ilə başlamasını bir daha vurğulayan Əli Əhmədov, Heydər Əliyev siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Natiq həmçinin qeyd edib ki, bu gün Azərbaycanın bütün dünya tərəfindən etiraf olunan dinamik inkişafı ilk növbədə vətəndaşlarımızın maddi-rifah halının yaxşılaşmasına xidmət edir, paytaxtla bərabər regionlar da sürətli tərəqqi yolu ilə inamla addımlayır. Azərbaycanın regionun ən güclü dövlətlərindən biri olduğunu vurğulayan Əli Əhmədov vurğulayıb ki, insanların ölkəsinə, dövlətinə, Prezidentinə inamı artıb. O eyni zamanda bildirib ki, tədbirin Şamaxıda keçirilməsi qurtuluşun Azərbaycanın regionlarına da müsbət təsirini ifadə etməkdir: "Bu gün Bakı şəhəri ilə yanaşı bölgələrimiz də sürətlə inkişaf edir. Ümumilikdə, ölkəmizdə insanların layiqli həyat şəraitinin təmin olunması üçün bütün işlər görülür".
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov 15 İyun - Milli Qurtuluş gününün mahiyyəti, onun müstəqil Azərbaycan dövlətinin formalaşmasında və inkişafında rolu barədə geniş danışıb. Eldar İbrahimov böyük qayıdışı doğuran səbəbləri, həmin vaxt cərəyan edən hadisələrin siyasi mahiyyətini açıb. O qeyd ki, Heydər Əliyev öz liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində duran nəhəng şəxsiyyətlərdəndir: "Bu zirvədən bütöv bir xalqın – Azərbaycan xalqının dünəni, bu günü və sabahı görünür. Bu dahi şəxsiyyətin fəaliyyətinin hər səhifəsi Azərbaycanın son yarıməsrlik tarixinin mərhələləri ilə üst-üstə düşür. Ona görə də ən yeni tariximizi Ümummilli lider Heydər Əliyevdən ayrı təsəvvür etmək mümkün deyildir".
Milli Qurtuluş günündən sonra Ümummilli lider Heydər Əliyevin hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolunu tutmasından, buna qədər Naxçıvanda Ali Məclisin sədri olarkən həyata keçirdiyi islahatlardan danışan komitə sədri bildirib ki, Ulu öndər demokratik Azərbaycanın gələcək inkişaf istiqamətlərinin əsasını məhz bu qədim torpağımızda başlayıb: "Blokada şəraitində olan, heç kimdən yardım və kömək almayan, öz taleyi ilə baş-başa qalıb həddindən çox ağır şəraitdə yaşayan Naxçıvanda Heydər Əliyev gələcəyə nur kimi işıq saçmağa başladı. İlk növbədə Naxçıvanın müdafiəsini təmin etmək məqsədi ilə onun rəhbərliyi altında Müdafiə Komitəsi yaradıldı və erməni hücumlarına tutarlı cavablar verildi. Respublikada ilk dəfə olaraq sovet ordu hissələri bütün əmlakını qoyaraq muxtar respublikanın ərazisini tərk etdi. Qonşu Türkiyə və İranla münasibətlər normallaşdırıldı, əlaqələr genişləndirildi, Sədərəkdə "Ümid körpüsü" inşa olundu. Muxtar respublikada siyasi və iqtisadi sabitlik bərpa edildi. İlk dəfə məhz burada torpaq islahatlarına və bazar iqtisadiyyatının ayrılmaz atributu olan dövlət əmlakının özəlləşdirilməsinə başlanıldı".
E.İbrahimov Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra həmin islahatları daha geniş çərçivədə tətbiq etdiyini, məhz bunun nəticəsində də bu gün ölkəmizin qüdrətli dövlətə çevrildiyini vurğulayıb.
Qeyd edək ki, bununla yanaşı tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı Asif Məmmədov çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB