MTN-in Heydər Əliyev adına Akademiyasında Milli Qurtuluş Günü qeyd olunub
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir keçirilmişdir.
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
Akademiya rəisinin müavini, general-mayor İsgəndər Allahverdiyev tədbirdə çıxış edərək bildirmişdir ki, müasir tariximizə Milli Qurtuluş Günü kimi yazılmış 15 iyun xalqımızın taleyini, onun gələcəyini müəyyənləşdirmiş gündür. Çağdaş tariximizin çox mürəkkəb və ağrılı bir dövründə Ulu Öndərin rəhbərliyi öz üzərinə götürməsi dövlətimizi siyasi iflasdan, Vətənimizi parçalanmaqdan, xalqımızı yenidən əsarət altına düşməkdən xilas etdi. Təcrübəli, iradəli və müdrik dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı, əslində böyük, ulu bir millətin oyanışı, özünəqayıdışı idi. Müstəqilliyi əldə etmək böyük nailiyyətdir, lakin onu qoruyub saxlamaq, yaşatmaq daha çətin və şərəflidir.
Bildirilmişdir ki, 1993-cü ilin 15 iyun günü müstəqilliyini yenicə bərpa etmiş gənc respublikanın taleyində mühüm mərhələnin başlanğıcı, dönüş nöqtəsi olmuşdur. Dahi rəhbərin gərgin zəhməti, möhkəm siyasi iradəsi və zəngin idarəçilik təcrübəsi sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir. Azərbaycan xalqı vətəndaş müharibəsi uçurumuna yuvarlanmaq, xaos və iqtisadi böhran girdabına düşmək, müstəqilliyini yenidən itirmək təhlükəsindən məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə qurtularaq, müasir, demokratik dövlət quruculuğu, hərtərəfli inkişaf və tərəqqi yoluna qədəm qoydu. Böyük düha sahibi olan Heydər Əliyev millətini işıqlı gələcəyə, müasir, sivil və demokratik cəmiyyət quruculuğuna doğru apararaq, dövlətimizi yeni dünya düzənində söz və mövqe sahibinə çevirməyə nail oldu, hazırda regionun lider dövləti olan Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi.
General-mayor İ.Allahverdiyev demişdir ki, Azərbaycan tarixinin 1993-cü il iyunun 15-dən sonrakı dövrü millətimiz üçün yeni eranın başlanğıcı olmuşdur. Əsası həmin vaxt qoyulmuş və başlıca hədəfi inkişaf etmiş, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu olan siyasi xəttin ardıcıl və məqsədyönlü surətdə reallaşdırılması ölkəmizdə demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olmasını təmin etmişdir.
Bildirilmişdir ki, müstəqil Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi tərəqqi yolunda inamla irəliləyir, dövlətçiliyini qətiyyətlə qoruyur və möhkəmləndirir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda yeni-yeni nailiyyətlər əldə edir. Heydər Əliyev siyasi irsi, respublikanın sükanı etibarlı əllərdədir. Ulu öndərimizin "Mən ona özüm kimi inanıram", - deyərək istedadına, bilik və bacarığına yüksək qiymət verdiyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirir, milli inkişaf strategiyasını məharətlə həyata keçirir. Dövlətimizin başçısı İlham Əliyevin qətiyyətli idarəçiliyi, beynəlxalq nüfuzu, ümumxalq məhəbbəti belə deməyə əsas verir ki, Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan daha böyük uğurlara, yeni-yeni zəfərlərə doğru inamla addımlayır. Azərbaycan Prezidentinin müdrik, inamlı, son dərəcə cəsarətli daxili və xarici siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir, əhalinin sosial rifahı getdikcə yaxşılaşır, iqtisadi-siyasi sabitlik dönməz xarakter alır, Vətənimizin siyasi-iqtisadi nüfuzu və çəkisi dünyada ildən-ilə artır. Mütərəqqi dünya ictimaiyyəti, mötəbər beynəlxalq qurumlar Ermənistanın işğalçı və təcavüzkar siyasətini birmənalı şəkildə pisləyir, Azərbaycanı regionda lider dövləti kimi tanıyırlar. Bütün bunlar Ulu Öndərin müəyyən etdiyi və Prezident İlham Əliyev tərəfindən ardıcıl olaraq həyata keçirilən tərəqqi kursunun möhtəşəm təntənəsidir.
Diqqətə çatdırılmışdır ki, 1998-ci ildə Ümummilli Lider tərəfindən yaradılmış və bu gün dahi rəhbərin adını şərəflə daşıyan Heydər Əliyev adına Akademiya dövlətimizin başçısının diqqət və qayğısı, Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinin gündəlik nəzarəti sayəsində müasir tələblərə cavab verən mükəmməl təhsil ocağına çevrilmişdir. Akademiyanın şəxsi heyəti qazanılmış uğurlara, bu xüsusi təyinatlı tədris müəssisəsinin inkişafı üçün görülmüş böyük işlərə görə Ulu Öndərin siyasi kursunun davamçısı, Prezident İlham Əliyevə qəlbən minnətdardır.
Tədbirdə çıxış edən Akademiyanın dinləyicisi, leytenant V.Allahverdi, kursantlar Ə.Vahidov və Ü.Hacızadə Azərbaycanın bu gününün və gələcəyinin təməli olan 15 İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışmışlar. Bildirmişlər ki, daim Heydər Əliyev irsinə və amallarına sadiq olacaq, Vətənin müstəqilliyini və suverenliyini var qüvvə ilə qoruyacaq, Silahlı Qüvvələrin Ali Baş Komandanının ətrafında bundan sonra da sıx birləşəcək, dövlətçiliyimizin möhkəmlənməsi naminə bilik və bacarıqlarını əsirgəməyəcəklər.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB