Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri təşkil edilib. SİA-ya verilən məlumata görə, rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin mühüm xidmətlərindən danışıb.
A.Fərzəliyev bildirib ki, 1993-cü ilin iyununda ölkədə böhran ən acınacaqlı həddə çatmışdı. Qədirbilən xalqımız məhz belə ağır günlərdə birləşərək ölkəni bürümüş acınacaqlı vəziyyətə qarşı məntiqli, iradəli gücünü ortaya qoymuş, təkidlə Ulu Öndərin hakimiyyətə qayıdışını tələb etmişdir. Məhz həmin ağır günlərdə Azərbaycanı vətəndaş qarşıdurmasından, səfalətdən, ölkəni parçalanmaq təhlükəsindən xilas etmək gücündə olan bir insan - Heydər Əliyev xalqına və dövlətinə sahib çıxmışdır. Bugünkü əmin-amanlıq, sabitlik, iqtisadi inkişaf üçün böyük fədakarlıqlar edən ulu öndər Heydər Əliyev belə bir ağır məsuliyyəti üzərinə götürərək hakimiyyətə qayıtmış, uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan xalqını düçar olduğu böhranlı vəziyyətdən xilas etmişdir.
A.Fərzəliyev ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən gəlişinin xalqımıza itirilmiş inamını qaytardığını vurğulayıb, həmin dövrün Azərbaycanın ən şərəfli tarixi kimi yaddaşlarda əbədi olaraq qalacağına əminlik ifadə edib.
O qeyd edib ki, Ümummilli Liderin tarixi qayıdışı ilə Azərbaycanda müstəqil dövlət quruculuğunun, iqtisadi islahatların, ölkənin gələcəyi üçün əhəmiyyəti olan neft müqavilələrinin təməli qoyulub. Onun yorulmaz fəaliyyəti, yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter alıb, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görülüb. Məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi Azərbaycanın iqtisadi qüdrəti durmadan artır, ölkəmizdə ictimai-siyasi sabitlik möhkəmlənir, xalqımızın sosial vəziyyəti günbəgün yaxşılaşır.
Milli Məclisin deputatı Rasim Musabəyov, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Elmi Tədqiqat və Tibbi Bərpa İnstitutunun direktoru Əlişir Musayev diqqətə çatdırıblar ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasət Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda rayonun ictimai-siyasi, sosial-mədəni həyatında fəal xidmətləri ilə fərqlənən şəxslərə Nərimanov Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim olunub.
Bayram tədbiri tanınmış incəsənət ustalarının ifasında rəngarəng konsert proqramı ilə davam etdirilib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB