Qaradağda Milli Qurtuluş günü ilə bağlı tədbir keçirilib

Qaradağda Milli Qurtuluş günü ilə bağlı tədbir keçirilib

13 iyun 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş "15 iyun Xaosun sonu-Milli Qurtuluşun başlanğıcı" mövzusunda dəyirmi masa keçirilib.

SİA-nın xəbərinə görə, ilk öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirov, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor, tarix elmləri doktoru Anar İsgəndərov, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini, iqtisad üzrə fəlsəfə doktoru Elşad Səmədzadə, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şura üzvləri və digər qonaqlar iştirak ediriblər.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova bu günün ölkəmizin tarixinə qızıl hərflərlə yazıldığını qeyd edərək, 1990-cı illərin əvvəllərində hökm sürən olduqca mürəkkəb və gərgin bir şəraitdə yenicə əldə olunmuş dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, Azərbaycanın dövlətçilik ənənələrinin bərpa olunmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinin olduğunu qeyd edib. Bildirib ki, Azərbaycanın taleyinin həll olunduğu ən ağır və faciəli günlərdə dahi rəhbərin xalqının təkidli tələbləri ilə yenidən hakimiyyətə qayıtması ölkəmizin tarixində həqiqətən dönüş nöqtəsi olub. Bu qayıdış Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə olan ümidini artırıb. 15 iyun-Milli Qurtuluş günü Ulu Öndər Heydər Əliyevin bütünlüklə xalqı azrəbaycançılıq ideyası ətrafında birləşdirməsinin bariz sübutu oldu. Məhz Ümummilli Lider Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində ölkəmiz hərtərəfli inkişaf və tərəqqi yoluna qədəm qoyub.

Digər natiqlər də öz çıxışlarında o dövrdə xaos və anarxiya nəticəsində dövlətçiliyimizin itirilmək təhlükəsinin olduğu fikrini səsləndiriblər. Qeyd edilib ki, ölkənin hər bir tərəfindən fəallaşan silahlı dəstələr yenicə müstəqillik əldə etmiş dövlətimizi parçalamaq niyyətindəydilər. Lakin xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev xalqına arxalanaraq müəyyən daxili və xarici qüvvələrin Azərbaycan dövlətçiliyini məhv etmək, ölkəni parçalamaq, vətəndaş qarşıdurması yaratmaq kimi cəhdlərinin qarşısını qətiyyətlə alıb. Məhz Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ilk demokratik prezident seçkiləri keçirilib. Nizami ordu quruculuğuna başlanılıb. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəs sazişi imzalanıb. Ölkənin ictimai-siyasi, siyasi-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrin genişlənməsində əsl dönüş yaranıb. 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanması ilə yeni neft strategiyasının həyata keçirilməsinə başlanıb, aparılan iqtisadi islahatlar nəticəsində ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilib. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının yaradıcısı olan Ulu Öndər Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının bərqərar olması üçün əsaslı zəmin yaradıb. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt bu gün onun siyasi kursunun davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirin sonunda rayonun ictimai-siyasi və mədəni kütləvi həyatında fəal iştirakına görə 7 yeddi nəfərə hədiyyələr, həmçinin Yeni Azərbaycan Partiyasının sıralarına yeni üzv olanlara YAP biletləri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə