Hicran Hüseynova: "Azərbaycan xalqına edilən ədalətsizliyə qarşı bu günədək ciddi tədbirlər görülməyib" FOTOLAR

Hicran Hüseynova: "Azərbaycan xalqına edilən ədalətsizliyə qarşı bu günədək ciddi tədbirlər görülməyib" FOTOLAR

Azərbaycan Londonda keçirilən "Cinsi zorakılığa son" mövzusunda beynəlxalq sammit çərçivəsində təşkil olunmuş "Nazirlər günü" sessiyasının "dəyirmi masa" müzakirələrində təmsil olunub.

SİA-nın xəbərinə görə, sessiyanın "Cinsi zorakılığın gizlədilmiş qurbanları" və "Qadınların iştirakı ilə irəliləyiş əldə edilməsi" mövzularına həsr edilmiş "dəyirmi masa"larında ölkəmizi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təmsil edib.

Müzakirələrə qatılan H.Hüseynova tədbirin təşkilatçılarına, o cümlədən həmsədrlər, Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq və BMT-nin qaçqınlar üzrə ali komissarının xüsusi elçisi Ancelina Coliyə beynəlxalq səviyyədə aktual olan mövzunu diqqət mərkəzində saxladıqalarına görə onlara minnətdarlığını bildirib.

O, xüsusilə beynəlxalq münaqişələr zamanı zorakılıqdan əziyyət çəkən qadın və azyaşlı uşaqların toxunulmazlığı naminə ciddi tədbirlər görülməsinin vacibliyini vurğulayıb. Azərbaycanın erməni işğalından əziyyət çəkən, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan bir ölkə olaraq hər zaman münaqişə və cinsi zorakılıqlara son qoyulması naminə görülən beynəlxalq səviyyəli işləri dəstəklədiyini diqqətə çatdırıb.

Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yalnız bir şəhərdə-Xocalıda aralarında 63 azyaşlı, 106 qadın və 70 qoca olmaqla 613 nəfər vəhşicəsinə qətlə yetirilib. 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb. 76-sı uşaq olmaqla 487 nəfərə işgəncə verilib. Ağlasığmaz işgəncələrlə hamilə qadınlar qətlə yetirilib, qoca və uşaqlar şikəst edilib. Bu faktlara və münaqişə ilə bağlı Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, münaqişə hələ də davam edir. BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı, ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatların dünyada zorakılıq, şiddət, dinc əhalinin qətlə yetirilməsi, beynəlxalq hüququn norma və prinsiplərinin pozulması hallarını təkzib etməsinə baxmayaraq Azərbaycan xalqına edilən ədalətsizliyə qarşı bu günədək ciddi tədbirlər görülməyib.

Münaqişələrdə zorakılığın xüsusilə azyaşlı uşaqların psixologiyasına ciddi təsirindən söz açan H.Hüseynova, onların cəmiyyətə inteqrasiyasının getdikcə çətinləşdiyini vurğulayıb.

Sonda Hicran Hüseynova beynəlxalq ictimaiyyəti mövzu ilə bağlı ciddi tədbirlər görməyə cağırıb. İnsan hüquqlarının müdafiəsi, münaqişələr zamanı dinc əhalinin qorunması ilə ciddi şəkildə məşğul olan beynəlxalq qrupun yaradılmasının əhəmiyyətini diqqətə çatdırıb. Beynəlxlaq və regional hesabatlılığın vacibliyinə diqqəti cəlb edən komitə sədri, cazasız qalan ədalətsizliklərin daha da artabiləcəyini qeyd edib. Bu sahədə qlobal fəaliyyətlərin nəticə verəcəyinə ümidvar olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə