15 İyun - Tariximizin qurtuluş zirvəsi

ZƏRİFƏ QULİYEVA, YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi rayon Ağbirçəklər Şurasının sədri
15 İyun - Tariximizin qurtuluş zirvəsi

Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlişi ilə Azərbaycanın xilasının və əsil müstəqilliyinin təməli qoyuldu

Azərbaycan tarixində elə məqamlar olubdur ki, həmin məqamlar mühüm mərhələnin başlanğıcı kimi tariximizə həkk olunubdur. Belə məqamlardan biri də Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xilaskar missiyası ilə yenidən Azərbaycana ikinci dəfə ali hakimiyyətə TARİXİ QAYIDIŞI oldu.

1993-cü ildə ölkə ictimaiyyətinin ümid bəslədiyi, inandığı Ulu Öndər Heydər Əliyev idi. Dövlət idarəçiliyindəki kobud səhvlərin məntiqi nəticəsi olaraq ağır sosial-iqtisadi gərginliyin pik həddinə çatdığı, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı, cəbhədə torpaqlarımızın itirildiyi, Azərbaycanın dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi vaxtda xalqımızın özünün böyük oğlu, həyatı və mübarizəsi üçün Ümummilli Liderlik missiyası xarakterik olan Heydər Əliyevə üz tutulması təsadüfi deyildi. Hər kəs yaxşı anlayırdı ki, ölkədəki hərc-mərcliyi, itaətsizliyi, anarxiyanı, siyasi çəkişmələri, Gəncədə başlanmış qardaş qırğınını, hərbi xəyanəti, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünü yalnız bu böyük insan aradan qaldıra bilərdi. Bunun üçün Naxçıvana - Ulu Öndərin ünvanına yüzlərlə məktub, teleqram göndərilirdi. Bu müraciətlər təkcə maddi-mənəvi iztirablara məruz qalan bir xalqın sadəcə vəziyyətdən çıxış yolu deyildi. Bu, həm də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi bir ümumxalq qərarı idi.

TARİXİ ŞƏXSİYYƏT

Müasir tariximizin bir qərinəlik dövrü Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Zamanı, bütöv bir dövrü, bəzən bir anı tarixləşdirən, əbədiləşdirən qüdrətli, müdrik, dahi

şəxsiyyətlərdir. Tarix əbədiliyi, zaman dolğunluğu, kəşməkəşliyi, bəşəriyyət isə azad, firavan həyatı üçün belə insanlara, şəxsiyyətlərə borcludur. Tarixi şəxsiyyət Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə bəyan etmişdir: "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir".

Tarixi şəxsiyyət Heydər Əliyevin böyüklüyü həm də onda idi ki, hakimiyyətin Ona qarşı həyata keçirdiyi təxribatlara, qarayaxma kampaniyasına baxmayaraq, ağır günlərdə xalqın köməyinə çatdı. Ulu Öndər sonralar həmin vaxtları xatırlayaraq deyirdi: "1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycan ərazisinin, demək olar ki, yarıdan çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".

UĞUR VƏ İNKİŞAFIN BAŞLANĞIC YOLU

Qurtuluş missiyalı bu qayıdış Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə olan ümidini artırdı. Məhz Ümummilli Liderimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ilk demokratik prezident seçkiləri keçirildi. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı yekdilliklə öz böyük oğlunu ölkənin prezidenti seçdi. Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar qruplaşmalar cəmiyyətdən təcrid edildilər. İctimai-siyasi sabitliyi pozan qanunsuz silahlı dəstələr ləğv edildi. Nizami ordu quruculuğuna başlanıldı. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəs sazişi imzalandı. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrin genişlənməsində əsil dönüş yarandı. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalandı və yeni neft strategiyasının həyata keçirilməsinə başlanıldı. Ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi neft-qaz sektoruna milyardlarla dollar sərmayə yatırılmasına imkan yaratdı. İqtisadi islahatların həyata keçirilməsi istiqamətində böyük addımlar

atıldı. Torpaqlar kəndlilərin mülkiyyətinə verildi. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının yaradıcısı olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının bərqərar olması üçün əsaslı zəmin yaratdı.

ÜMUMMİLLİ LİDER, ULU ÖNDƏR HEYDƏR ƏLİYEV İRSİNƏ DAİM SƏDAQƏTLİYİK, BUNDAN SONRA DA BELƏ OLACAĞIQ

Ümmilli Liderimiz bu gün aramızda olmasa da onun bizlərə qoyduğu ərməğan möhkəm təməllərə əsaslanmışdır. Bizlər həm də ona görə xoşbəxtik ki, məhz Heydər Əliyevin zəngin ideyalarının davamçısı olan layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında gələcəyə addımlayırıq. Çünki artıq 10 ilə yaxındır ki, Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Onun rəhbərliyi ilə ölkədə iqtisadi islahatlar daha da sürətlənmiş, xüsusi prezident Fərmanı ilə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları qəbul olunmuşdur. Prezident İlham Əliyev ölkədə insan haqları və azadlıqlarının daha dolğun təmin olunmasını daim diqqət mərkəzində saxlayır. O, Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir.

Cənab Prezident, partiyamızın Sədri İlham Əliyev Azərbaycan xalqının tarixi keçmişinə xüsusi qayğı və diqqət göstərir. O, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki roluna yüksək qiymət vermişdir: "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tariximizdə çox əlamətdar və önəmli hadisə idi. İlk dəfə müsəlman aləmində demokratik respublika yaranırdı, Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Ölkəmiz dünya birliyinə üzv olurdu. Bu, çox əlamətdar hadisə idi".

Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz

qazanmışdır. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.

Bütün bu kimi əhəmiyyətli amillər isə həm də o deməkdir ki, müqəddəs, sarsılmaz və qüdrətli dövlətimiz etibarlı əllərdədir. Təməli hələ 1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş xarici və daxili siyasət kursumuzun dəyişməz olduğu, bu siyasətin yalnız milli maraqlar çərçivəsində aparıldığı göz qabağındadır.

Bu gün Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, bu siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan bütün sahələrdə yüksək sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, doğma vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər Ulu Öndərin qoyduğu yolun davamından başqa cür qiymətləndirilə bilməz. Bu yüksəliş Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə