Azərbaycan Universiteti ilə "Səs" qəzetininbirgə keçirdiyi müsabiqəyə yekun vuruldu

Azərbaycan Universiteti ilə "Səs" qəzetininbirgə keçirdiyi müsabiqəyə yekun vuruldu

Bu gün Azərbaycan Universiteti ilə "Səs" qəzetinin birgə keçirdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci və hakimiyyətə qayıdışının 21-ci ildönümünə həsr edilən "Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir" adlı inşa müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. SİA-nın məlumatına görə, Bakının müxtəlif ali məktəblərinin tələbələri arasında keçirilən müsabiqəyə aprelin 1-də start verilib və iyunun 10-da yekunlaşıb.

Tədbirdə "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, universitetin rektoru Eldar Qəhrəmanov, kafedra müdiri Yaşar Əhmədov, ali məktəbin müəllimləri, tələbələri və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ali məktəbin rektoru Eldar Qəhrəmanov qonaqları salamlayaraq bildirib ki, universitetin bir çox ənənələri var ki, bunlardan biri də tələbələrin bilik bacarığını üzə çıxarmaqdır: "Bu işlər yalnız universitet çərçivəsində deyil, həm də digər ali məktəblərin tələbələrinin birgə iştirakı ilə keçirilir. Bu müsabiqə də "Səs" qəzeti ilə birgə keçirilib. Bizim universitet daim "Səs" qəzeti ilə əməkdaşlıq edir və yeri gəlmişkən bizimlə əməkdaşlığa görə "Səs" qəzetinə təşəkkür edirəm. Bu qəzet gənclərin inkişafına dəstək verir. Budəfəki müsabiqənin mövzusu hər kəsə məlumdur. Belə ki, yazı müsabiqəsi Ümummilli Liderin anadan olmasının 91-ci ildönümünə və dahi siyasətçinin, dünyaca məhşur dövlət xadiminin hakimiyyətə qayıdışının 21-ci ildönümünə həsr edilib. Mövzu çox önəmlidir. Müsabiqədə qalib gələnləri təbrik edir, onlara uğurlar arzu edirəm".

Tədbir Azərbaycan himni ilə açıq elan edilib.

Tədbirdə çıxış edən "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev qəzetin tələbələrlə əlaqə qurmasında yardımçı olduğuna görə, Azərbaycan Universitetinin rəhbərliyinə təşəkkür edib: "Biz Azəbaycan Universitetinə tələbələrlə əlaqə qurmaqda yardımçı olduqlarına görə təşəkkür edirik. Çünki, gənclərin fikri bizim üçün çox önəmlidir. Müsabiqənin mövzusu həm bizim, həm də gənclər üçün çox aktualdır. Biz gənclərimizin müstəqillik tariximizi necə gördüklərini bilmək istəyirik. Qarşıdan 15 iyun - Milli Qurtuluş günü gəlir. Sizləri və bütün Azərbaycan xalqını bu gün münasibətilə ürəkdən təbrik edirəm. Qurtuluş günü bizə müqayisə olunmayan imkanlar verdi. Vətəndaş müharibəsinin bitməsindən 21 il keçib. 1990-cı illərin əvvəlinə nəzər salsaq, o zamanki əziyyətləri görməmək mümkün deyil. O illər bütün yaş qrupları ilə yanaşı, gənclər üçün də ağır bir dövr idi. Ulu Öndər bizi bu qədər ağır vəziyyətdən xilas edib. Ümummilli Liderin sayəsində biz vətəndaş cəmiyyətinin inkişafına qədəm qoyduq".

Baş redaktor çıxışının sonunda yazı müsabiqəsinin qalib gələnləri təbrik edərək, onlara uğurlar arzulayıb.

Müsabiqə ilə bağlı məlumat verən Universitetin kafedra müdiri Yaşar Əhmədov bildirib ki, müsabiqə bu il Universitetlə "Səs" qəzeti arasında keçirilən ikinci layihədir: "İlk müsabiqə müstəqilliyimizlə bağlı idi. İlk yazı müsabiqəsində 217 yazı təqdim olunmuşdusa, budəfəki müsabiqəyə 450-dən çox yazı təqdim olunub. Müsabiqədə bütün ali məktəblərin tələbələri iştirak ediblər. IV yer üzrə 2 nəfər qalib müəyyənləşib. 6 nəfər isə doploma layiq görülüb".

Tədbirin davamında qaliblərə diplom, sertifikat və pul mükafatı təqdim edilib.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə