Qırğızıstanda Milli Qurtuluş Günü ilə bağlı mətbuat konfransı təşkil edilib

Qırğızıstanda Milli Qurtuluş Günü ilə bağlı mətbuat konfransı təşkil edilib

Azərbaycanın Qırğızıstandakı səfirliyi 15 İyun-Milli Qurtuluş Günü ilə bağlı mətbuat konfransı təşkil edib. SİA-nın AzərTAC-a istinadən verdiyi xəbərə görə, mətbuat konfransında Bişkekdə fəaliyyət göstərən aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Səfir Hidayət Orucov deyib ki, Azərbaycan müstəqilliyini 1991-ci il oktyabrın 18-də bərpa edib. Lakin müstəqilliyin ilk illərində ölkədə hakimiyyət böhranı yaranıb və Ermənistanın təcavüzü getdikcə güclənirdi.

H.Orucov bildirib ki, 1993-cü il iyunun 15-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdıb. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Azərbaycan Milli Məclisi 1997-ci ilin iyununda bu günü bayram elan edib.

Diplomat vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin qətiyyəti xalqın inamını özünə qaytardı. Onun uzaqgörən siyasəti sayəsində ölkədə sabitlik və əmin-amanlıq bərqərar olub. Ulu Öndər Heydər Əliyev Azərbaycanı xaosdan xilas edib, ölkəmiz sivil demokratik inkişaf yolu ilə irəliləyərək böyük nailiyyətlər qazanıb. Ulu Öndər öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir" kəlamına sadiq qaldığını sübut edib.

Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyev türkdilli dövlətlər ilə qardaşlıq münasibətlərinin yaranması və inkişafı istiqamətində mühüm xidmətlər göstərib. Türk dünyasının liderlərindən biri olan Ulu Öndər Heydər Əliyev Orta Asiya ölkələri, xüsusilə Qırğızıstan ilə qarşılılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün çox iş görmüşdür və bu, Ulu Öndərin xarici siyasətinin əsas istiqamətlərindən biri idi. Ümummilli Lider Heydər Əliyev deyirdi: "Bizim xalqlarımız qardaşdır və "Manas" dastanı bizim ümumi dildə yazılıb".

Bildirilib ki, Heydər Əliyev diasporla işə xüsusi önəm verib. Məhz Ulu Öndərin təşəbbüsü ilə 2001-ci ilin noyabrında Bakıda 36 ölkədən 540 soydaşımızın iştirak etdiyi Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib.

Məlumat verilib ki, bu ilin may ayında səfirliyin təşəbbüsü ilə çap edilən "Heydər Əliyev - həmişə zamandan irəli" adlı kitabın təqdimat mərasimi keçirilib. Bu kitabda Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan eyni adlı beynəlxalq konfransın və Ümummilli Liderin anım günü ilə bağlı keçirilən "dəyirmi masa"nın materialları toplanıb.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Almazbek Atambayevin rəhbərliyi ilə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişaf etdiyini bildirib.

Diplomat Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deyib ki, hələ 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyən, Ermənistan silahlı qüvvələrinin işğal edilən Azərbaycan ərazilərindən qeyd-şərtsiz, dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul olunub. Təəssüf ki, indiyədək bu qətnamələr Ermənistan tərəfindən icra olunmur.

Sonra diplomat jurnalistlərin suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə