Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyətinin üzvləri "Regionlarda elmin təbliği və təşviqi" kampaniyası çərçivəsində Lənkəranda tələbələrlə görüşmüşlər.
AMEA rəyasət heyəti mərkəzi aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, gənc alimlər əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmişlər. Sonra Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzi ilə tanışlıq olmuşdur.
Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatında gənclərlə keçirilən görüşdə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov çıxış edərək bildirmişdir ki, rəhbərlik etdiyi qurum təsis olunmasından qısa vaxt keçməsinə baxmayaraq bir sıra mühüm layihələrə imza atmışdır. Xüsusən də gənclərin elmə axınını hədəfləyən "Regionlarda elmin təbliği və təşviqi" kampaniyası az müddətdə öz müsbət nəticələrini verməkdədir. İndiyədək Gəncə və Şəkidə keçirilmiş görüşlər, tələbələr üçün nümayiş olunan elmi təqdimatlar maraqla qarşılanmışdır. Bunu nəzərə alan akademiya rəhbərliyi layihənin genişləndirilməsini məqsədəuyğun saymışdır. Lənkəranın intellektual gəncləri ilə görüş məhz AMEA-nın prezidenti, akademik Akif Əlizadənin təşəbbüsü ilə keçirilir.
Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov elmin regionlarda, o cümlədən cənub bölgəsində kütləviləşdirilməsi üçün göstərilən bu təşəbbüsləri yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, rəhbərlik etdiyi təşkilat siyasi fəaliyyət göstərməklə bərabər, həm də gənclərin asudə vaxtlarının səmərəli keçirməsi üçün müxtəlif maraqlı tədbirlər təşkil edir. AMEA Gənc Alim və Mütəxəssislər Şurası ilə əməkdaşlığın perspektivlərindən də danışan qurum rəhbəri gələcəkdə birgə elmi tədbirlərin keçirilməsini təklif etmişdir.
Sonra Lənkəran Dövlət Universitetində tələbələrlə görüş olmuşdur.
Universitetin rektoru, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Asəf İskəndərov ərsəyə gətirilən bu layihənin vacib bir missiyanın daşıyıcısı olduğunu qeyd etmişdir. O, universitetdə oxuyan tələbələrin nəzəri-təcrübi biliklərinin artırılması üçün akademiyanın elmi müəssisə və təşkilatlarında fərdi və qrup halında təcrübə keçməyə böyük ehtiyac olduğunu vurğulamış, təhsillə elmin vəhdətini yaratmaq üçün həmin qurumlarla əməkdaşlığa hazır olduqlarını bildirmişdir.
F.Salmanov qeyd etmişdir ki, akademik A.Əlizadənin qarşıya qoyduğu vəzifələrdən biri də məhz elmdə gənclərin kütləviliyinin artırılması, ali məktəblərdə oxuyan istedadlı tələbələrin bu elm ocağına cəlb olunması, onların sonrakı potensialının Azərbaycan elminin inkişafına yönəldilməsini təmin etməkdir. Akademiya institutlarının mövcud müasir maddi-texniki infrastrukturu burada tələbələrin təcrübə keçmələri, buraxılış işlərinin həm təcrübi və həm də nəzəri hissələrini yerinə yetirmələrinə yeni imkanlar yaradır. Bundan əlavə, gənclər gələcəkdə öz elmi fəaliyyətlərini AMEA-da davam etdirmək fürsətini qazanırlar.
Sonra "Çağdaş dövrdə klassik irsimizin tədqiqi məsələləri", "Azərbaycanda tunc dövrünün dəfn adətləri", "Cəmiyyətin informasiyalaşdırılmasında kitabxanaların rolu və bu sahədə aparılan dövlət siyasəti", "Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında AMEA İqtisadiyyat İnstitutunun rolu", "Etnik özünüdərk və milli kimlik məsələləri folklor müstəvisində" mövzularında məruzələr dinlənilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB