Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu Qarabağ ərazisində arxeoloji tədqiqatlar aparıb. SİA-nın xəbərinə görə, Rəyasət Heyətinin bugünkü iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək bildirib ki, araşdırmalar 2010-2013-cü illərdə Qarabağ düzənliyində, Ağdamın işğal edilmyən əraziləri və Ağcabədi rayonunun şimal-qərbində həyata keçirilib.
Onun sözlərinə görə, işlər Qarabağ Neolit-Eneolit ekspedisiyası tərəfindən Prezident yanında Elmin İnkişafı Fondunun ayırdığı qrant dəstəyi ilə görülüb və mühüm nəticələr əldə olunub.
Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov sözügedən nəticələr barədə "Qarabağ ərazisində aparılmış yeni arxeoloji tədqiqatlar" adlı məruzə ilə çıxış edib. O bildirib ki, arxeoloji kəşfiyyat təxminən 990 kvadratkilometr ərazini əhatə edir. Ümumən 169 arxeoloji abidə elektron qeydiyyata alınıb və "Qarabağın arxeoloji abidələri xəritəsi" tərtib edilib.
Alim bu faktın Qafqaz arxeologiyası üçün yenilik olduğunu bildirib. Abidələrin qeydiyyatı ilə yanaşı, 2011-2012-ci illərdə Mədəniyyət Nazirliyinin "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutu ilə birgə Füzuli rayonunun Babı kəndində yerləşən XIII-XIV əsrlərə aid Şeyx Babi türbəsində arxeoloji qazıntı və bərpa-konservasiya işləri aparılıb, nəticədə 2700 kvadratmetr ərazidə xanəgah kompleksi tamamilə qazılaraq üzə çıxarılıb.
Məruzədə həmçinin Qarabağ ərazisində yerləşən erkən oturaq əkinçi-maldar tayfalarına məxsus yaşayış məskənlərində aparılan arxeoloji araşdırmalardan da bəhs edilib. Ekspedisiya qrupu İsmayılbəytəpə Neolit dövrü yaşayış məskənində 400 kvadratmetr, Leylatəpə mədəniyyətinə aid Fərmantəpə yaşayış yerində isə 100 kvadratmetr ərazidə arxeoloji qazıntı işləri aparıb. Abidənin mədəni təbəqəsinin qalınlığı və stratiqrafiyası müəyyənləşdirilib. Hər iki abidənin xronoloji dövrünün təyini üçün götürülən nümunələr analiz məqsədi ilə Yaponiya və İsrailin müvafiq laboratoriyalarına göndərilib.
Elmi məruzənin nəticələri çoxsaylı sual və müzakirədən sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB