Məlumdur ki, hazırda bir çox analar körpə uşaqları süni qidalarla böyüdürlər. Bunu bəziləri məcburiyyətdən, bəziləri isə sırf özlərini düşünərək edirlər. Süni qidaların körpələrin səhhətinə təsiri, satılma, saxlanılma qaydaları və s. haqda mütəxəssislərin fikirlərini öyrəndik.
5 №-li Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının həkim-infeksionisti Rəna Hüseynova bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatının müddəalarına əsasən, 1 yaşa qədər uşaqlar ana südü ilə qidalanmalıdır: "Ona görə ki, uşaq ana südü ilə qidalananda immun sistemi artır. Bir yaşından sonra uşağın immuniteti normal fəaliyyətə başlayır. İmmunitet uşağa ana südü ilə keçir. Süni qidalanan uşaqlarda bağırsaq bakteriyaları olur.
Ana südü olmayanda isə adaptə olunmuş süni qidalardan istifadə etmək lazımdır. Ancaq evdə hazırlanmış qidalardan istifadə olunmamalıdır (inək, keçi südü, undan (düyü unu) hazırlanmış yeməklər və s.). Allergik reaksiyaların 80 faizini isə inək südü əmələ gətirir.
Süni qidalar uşağın neçə aylıq olmasından asılı olaraq, körpə müayinə edildikdən sonra həkim tərəfindən məsləhət görülür. Çünki, süni qidaların tərkibi müxtəlif olur. Uşağın bədənində hansı maddələrə ehtiyac olduğu və problemlərin mövcudluğu müəyyənləşdiriləndən sonra bu barədə həkim tərəfindən qərar verilir".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə dedi ki, ölkəmizdə 10 ildən artıqdır erkən yaşlı körpələrin qidalandırılması haqda qanun qəbul olunub, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının Ana Südü ilə Qidalandırma Çərçivə Konvensiyasına qoşulub: "Qanunda süni qidaların marketinqi və satışı ilə bağlı bir sıra məhdudiyyətlər var. Məsələn, qanunda, eləcə də adıçəkilən beynəlxalq sənəddə göstərilir ki, süni qida reklamı zamanı mütləq böyük hərflərlə "ana südü əvəzedilməzdir, körpələrinizi ana südü ilə qidalandırın" yazısı qeyd olunmalıdır. Qanuna görə, süni qida məhsulları üzərində şən, sağlam uşaq şəkli (ümumiyyətlə uşaq şəkli) olmamalıdır, süni qida distrübiterləri doğum evləri və pediatrlarla əlaqədə saxlamamalıdır. Pediatrlara da bu məsələlər qadağan olunub. Lakin Azad İstehlakçılar Birliyinə gələn telefon zənglərindən məlumdur ki, doğum evində qadın ana olanda ona zəng gəlir və körpəyə hansı qidaları vermək barədə məsləhətlər olunur. Beynəlxalq təcrübə göstərir ki, anaya süni qida barədə məlumat verəndə avtomatik olaraq südü kəsilir. Azərbaycan dünyada ana südü ilə qidanlanmaya görə ön sıralarda deyil, orta səviyyədən aşağıdadır. Pediatrların əksər hissəsi süni qida distrübiterlərinin təsiri altındadır.
Süni qidaların satışında və reklamında ciddi qanun pozuntularına yol verilir. Xarici ölkələrdəki təcrübə ilə müqayisədə süni qidalar hər yerdə satılmamalı, anaların gözünə görünməməlidir. Süni qidalar 25 dərəcə temperaturdan aşağı xüsusi ixtisaslaşdırılmış dükanlarda satılmalıdır. Bizdə isə apteklərdə, dükanlarda, yay aylarında isti hava şəraitində harada gəldi satılır. Qanunda 3-cü ölkədən süni qidaların idxal olunması qadağandır.
Bu qidaların tərkibində olan soya Azad İstehlakçılar Birliyini narahat edir. Soya yer üzündə 98 faiz genetik modifikasiya olunmuş bitkidir. Süni qidaların tərkibində soya unu, yağı, südü var. Təəssüf ki, analar körpələrin sağlamlığının qayğısına qalmır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB