Şərqşünaslıq və Niderland İnstitutu əməkdaşlıq edəcək FOTO

Şərqşünaslıq və Niderland İnstitutu əməkdaşlıq edəcək FOTO

Bu gün AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə Niderlandın Amsterdam şəhərində yerləşən Beynəlxalq Sosial Tarix İnstitutu arasında əməkdaşlığa dair saziş imzalanıb. SİA-nın xəbərinə görə, institutda keçirilən imzalanma mərasimində Niderlandın Beynəlxalq Sosial Tarix İnstitutunu həmin elmi müəssisənin Orta Şərq və Mərkəzi Asiya şöbəsinin rəhbəri Turac Atabəki təmsil edib.

Tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva elmimizin inteqrasiyası istiqamətində görülən işlərdən söz açaraq, Niderlandın Beynəlxalq Sosial Tarix İnstitutu ilə bağlanan sazişin əhəmiyyətindən danışıb.

Turac Atabəki çıxış edərək, təmsil etdiyi institutun tarixindən danışdı, orada həm zəngin arxivin olduğunu, həm də dəyərli tədqiqatların aparıldığını qeyd etdi. T.Atabəki imzalanan sazişin hər iki elmi müəssisə üçün böyük fayda verəcəyinə əminliyini bildirib.

Daha sonra AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə Niderlandın Beynəlxalq Sosial Tarix İnstitutu arasında saziş imzalanıb. Sazişi Azərbaycan tərəfdən Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, Niderland tərəfdən Beynəlxalq Sosial Tarix İnstitutunun Orta Şərq və Mərkəzi Asiya şöbəsinin rəhbəri Turac Atabəki imzalayıblar.

Saziş iki elm müəssisəsi arasında faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin, layihələrin yerinə yetirilməsini, alimlərin araşdırma işlərini yerinə yetirmələrinə kömək məqsədilə ədəbiyyat və kitabxana materialları ilə təmin edilməsini; kitab və jurnalların qarşılıqlı mübadiləsi və çapını; beynəlxalq səviyyəli simpozium, konfrans və sərgilərin birgə təşkilini, elmi mübadiləni və qarşılıqlı maraq doğuran digər fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə