FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Sumqayıt şəhəri 2 saylı xəstəxanada "Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirilib. FHN-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, FHN-nin Sumqayıt Regional Mərkəzi ilə Sumqayıt şəhər Səhiyyə Şöbəsi arasında razılaşdırılmış Tədbirlər Planına əsasən keçirilən bu maarifləndirmə tədbirində əsas məqsəd səhiyyə işçilərinin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, səhiyyə müəssisələrində baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsinə nail olmaqdır.

Sumqayıt Regional Mərkəzi, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi və Sumqayıt şəhər Səhiyyə şöbəsinin əməkdaşları, xəstəxananın tibbi personalının iştirak etdiyi tədbirdə "Fövqəladə hallar zamanı davranış qaydaları", "Yanğın təhlükəsizliyi qaydaları", "Məişətdə qaz cihazlarının təhlükəsizliyini necə təmin etməli?", "Elektriklə davranış qaydaları", "112 Qaynar Telefon Xətti təhlükəsizliyimizin qarantıdır" mövzularında çıxışlar dinlənilib.

Qeyd edək ki, sonda Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, onun strukturu haqqında sənədli film nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə