Azərbaycan Milli Elmlər Akademiyası ilə (AMEA) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) arasında əməkdaşlıq yeni təşəbbüslə genişləndirilir. SİA-nın xəbərinə görə, Akademiya ilə neft şirkətinin "Azərkimya" İstehsalat Birliyinin fəaliyyətini daha sıx əlaqələndirəcək birgə işçi qrupu yaradılıb. Bu barədə qərar Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub.
İclasda akademiyanın prezidenti, akademik Akif Əlizadə təşəbbüsün əhəmiyyətindən danışaraq bildirib ki, 2011-ci ildə ARDNŞ-in Elm Fondunun təşkili ölkədə elmi tədqiqatların maliyyələşdirilməsində, həmçinin elmi müəssisə və təşkilatların maddi-texniki bazasının möhkəmləndirilməsində mühüm addım olub: "AMEA-da neft şirkətinin maliyyə dəstəyi ilə aparılan tədqiqatların nəticələrinin bir qismi istehsalatda tətbiq edilməkdədir. Hazırda "Azərkimya" özünün yeni istehsalat sahələrini yaradır".
Akademik bu müəssisə ilə əməkdaşlığın inkişafını elmi-tədqiqat işlərinin daha geniş miqyasda aparılmasına, elmi nəticələrin istehsalatda tətbiqi prosesinin sürətləndirilməsinə, həmçinin alimlərin əməyinin daha da stimullaşdırılmasına imkan yaradacağına əminliyini ifadə edib.
Tədbirdə "Azərkimya" İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev müəssisədə yeni formalaşdırılan istehsalat sahələrindən danışıb.
İki qurum arasında əməkdaşlıq imkanları geniş müzakirə olunub. Daimi fəaliyyət göstərəcək işçi qrupu bu il sentyabrın sonuna qədər akademiyanın Kimya Elmləri Bölməsinin təkliflərini müzakirə etməli və konkret tədbirlər planı işləyib hazırlayaraq istehsal üçün "Azərkimya"ya təhvil verməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB