"Lisenziyaları olmayan təşkilatlar nə dövlət tərəfindən dəstəklənəcək, nə də onların fəaliyyətinə icazə veriləcək." SİA-nın xəbərinə görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycana gələn turistlərə, qonaqlara xidmət göstərən hər bir müəssisə mütləq qanun çərçivəsində çalışmalıdır. Azərbaycana gələn turistlərin sayına gəlincə nazir vurğulayıb ki, ötən ilə nisbətən 2014-cü ilin yarım ili ərzində Azərbaycana gələn insanların sayı stabildir: "Ötən ilə nisbətən bu yarım ildə hansısa böyük sıçrayışın, 20-30% artımın olduğunu demək mümkün deyil. Ötən ilə nisbətən təxminən 2-3% artım mövcuddur. Bu təbii prosesdir. Əsas məqsədimiz gələn il Bakıda keçiriləcək Avropa Olimpiya oyunlarına yüksək səviyyədə hazırlaşması məqsədilə bütün müəssisələrin qanunvericiliyə uyğunlaşdırılmasından ibarətdir. Elan etmişik ki, olimpiya oyunları zamanı Azərbaycanda otellər lisenziyasız fəaliyyət göstərə bilməyəcəklər. Bu proses yalnız Bakıdakı deyil, bütün regionlardakı müəssisələrə də şamil olunacaq".
Nazir bununla bağlı mütəmadi monitorinqlərin keçirildiyini də deyib: "Mövsümqabağı və mövsüm zamanı nazirlik tərəfindən monitorinqlər davam etdiriləcək. Turizm müəssisələrində insanlara göstərilən xidmətlərin kifayət qədər normal olmayan, standartlara cavab verməyən müəssisələrə qarşı müvafiq ölçülər götürüləcək. Bu monitorinqlər qabaqlayıcı prosesdir. Bu imkan verir ki, müəssisələrə kömək edək. Nəticədə hansısa nöqsanlar, çatışmazlıqlar olan müəssisələrə vaxt veririk. Kim onların öhdəsindən gəlirsə, onları aradan qaldırırsa, canla-başla işləyə biləcək".
Müəssisələrdəki qiymətlərə gəlincə nazir son 3 ildə Azərbaycanda turizm müəssisələrinin qiymətlərində artma müşahidə olunmadığını qeyd edib: "4 il bundan qabaq bir il ərzində rəqabət nəticəsində qiymətlərin aşağı salınmasına nail olunub. Bundan sonra da artım mövcud deyil, yəni qiymətlər stabildir. Bu gün hər bir təbəqəyə, imkanlara uyğun olaraq xidmətləri əldə etmək olar. Bu gün Azərbaycanın bəzi yerlərində səhər yeməkləri də daxil olmaqla 25-30 manata otellər, kempinqlər var. Eyni zamanda qiyməti 200-300 manata olanlar yerlər də var. Bu çeşidlilik mövcuddur, olmalıdır və hər kəs asudə vaxtını cibinə görə uyğunlaşdırmalıdır".
Samirə Abdullayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB