İnsanlar çimərlik mövsümünü narazılıqla açdı... REPORTAJ

İnsanlar çimərlik mövsümünü narazılıqla açdı... REPORTAJ

Artıq çimərlik mövsümü başlayıb. İsti günlərdə sərinlənmək həvəsi insanları daha çox çimərliklərə üz tutmağa vadar edir. SİA-nın məlumatına görə, yaşından asılı olmayaraq sağlamlığı imkan verən hər kəsin dənizlə təmasda olmaq, qumsallarda ayaqyalın gəzmək, havanın isti hərarətini özündən uzaq tutub suya baş vuraraq sərinləmək arzusu qaçılmazdır. Çimərlik mövsümü başlanandan bəri Xəzərin qumsallarla əhatə olunan çimərliklərində, daxili sututarlarda bir qələbəlik hökm sürür.

Çoxları səbirsizliklə bu mövzümü gözləyir. Bəziləri çimmək üçün, bəziləri gün almaq üçün, bəziləri isə sadəcə çimənlərə tamaşa etmək üçün gəlir.

Amma çəkiliş apardığımız Şıxov çimərliyində yerləşən, Min bir gecə istirahət mərkəzində istirahət edənlərin kimisi qiymətlərdən, kimisi isə burada yaradılan şəraitdən qismən də olsa narazılığını bildirdi.

Şəhər sakini Zaur Həsənov: "İstirahətim çox gözəl keçir. Bizdə dəniz çox yüksək səviyyədədir. Hər mövsüm çimərliyə gəlirəm. Mən əsas olaraq dənizdə təmizliyə üstünlük verirəm. Amma qiymətlər sərf etmir".

İran vətəndaşı Muştaba: "İstirahətim çox yaxşı keçir. Azərbaycanda çox yeniliklərin şahidi oldum. Dənizkənarı Milli Parkda oldum, Fəvvarələr Meydanını gəzdim indi isə burada istirahət edirəm. İki ildən bir mən Bakıda oluram".

Şəhər sakini Vüqar Əhmədov: "Ötən illərə nisbətən bu ilki mövsümdə heç bir yeniliyin şahidi olmadım. Sadəcə qiymətlərdən bir qədər narazıyıq. Çünki adambaşına 5 manat pul ödəməli oluruq. Əgər 10 nəfər istirahətə gəlsək, gərək ki, onda da 50 manat pul ödəyək. Başqa yerlərə nisbətən bura çox bahadır".

Şəhər sakini Könül Güləliyeva: "Mənim ən sevdiyim dəniz, günəş və qumdur. Sevinirəm ki, onların hər biri də burada var. Burada insanlara ayrılan təmizlik və rahatlıq qismən təmin olunub. Amma sevinirəm ki, insanlara güclü nəzarət edilir. Qiymətlərə gəlincə deyə bilərəm ki, bu heç də insanların aylıq məvacibinə uyğun deyil".

Şəhər sakini Elbrus Məmmədov: "Hər mövsüm çimərliyə gəlirəm. Hər şey qaydasındadır, sadəcə olaraq giriş haqqı bir qədər yüksəkdir".

İnzibatçı Elşən Səfərov: "Bizdə şahidi oluruq ki, bəzi sakinlərimiz istirahətə gələrkən narazılıqlarını bildirirlər ki, onların ödədikləri 5 manant məbləğində pul çoxdur. Onlara demək istəyirəm ki, həmin 5 manat məbləğin içərisində xidmətlər mövcuddur. Həmin xidmətlərə vətəndaşların avtomobillərinin dayanacaqda saxlaması, ayaqyolu, geyinmə otağı, duş kabinesi və unzamaq üçün "lejanka" daxildir.

Təmizliyə gəldikdə isə deyə bilərəm ki, bizim ərazidə səliqə-səhman öz yerindədir. Dənizin kənarlarında zibili atmaq üçün müvafiq qablar qoyulub".

Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətinin qayğıları bu günlər çoxalıb. Vətəndaşların mənalı istirahəti üçün əlverişli məkan olan sahilzolagı ərazilərdə onların təhlükəsizliyinin təminatını əsas vəzifəsi hesab edən Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti bu istiqamətdə öz işini səmərəli təşkil edir, müasir tipli məntəqə və postların fəaliyyəti, xilasetmə - dalğıc avadanlıqlarının tətbiqi öz nəticələrini göstərir.

Əhalinin təhlükəsiz şəraitdə istirahətini təmin etmək, hansı səbəbdənsə dənizdə fəlakətlə üzləşən insanlara həyan olmaq kimi xeyirxah missiyanı yerinə yetirən xilasedici və dalğıcların müqəddəs bir arzusu var.Bütün imkanlardan maksimum istifadə edib mövsümü itkisiz başa vurmaq!

Hər bir vətəndaş çimərlik mövsümünü xoş ovqatla keçirmək istəyirsə öz təhlükəsizliyinin qeydinə qalmalı, qeyri-qanuni çimərliklərə getməməli, küləkli havada və sərxoş vəziyyətdə suya girməməli, yalnız xilasetmə məntəqə və postları, xilasedicilər olan çimərliklərdə istirahət etməlidir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicisi Rövşən Lalayev: "İnsanların təhlükəsizliyi çox yüksək səviyyədə təşkil olunub. Dənizdə şarladan ibarət sədlər çəkilib ki, insanlar həmin şarlardan digər əraziyə keçməsinlər. Bəzən görürsən ki, istirahətə təşrif buyuran qonaqlar buna məhəl qoymurlar. Bu zaman biz məcbur olub Skuter vasitəsilə onların yanına gedib təlimatlandırırıq. Hazırda 3 xilasedici fəaliyyətdədir. Sutka ərzində iş başında oluruq. Bizdə artıq 8-9 ildir ki, heç bir bədbəxt hadisə baş verməyib".

Qeyd edək ki, ötən gün rəsmi Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) Buzovna Sularda Xilasetmə Məntəqəsində "Azərbaycanda 2014-cü il çimərlik mövsümü"nə start verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə