Azər Məhərrəmov: "Bizim əsas vəzifələrimizdən biri triatlonu Azərbaycanda daha da populyarlaşdırmaqdır"
Azərbaycan Triatlon Federasiyası (ATF) fəaliyyətə başladığı 10 ay ərzində artıq bir sıra nailiyyətlər əldə edib. Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin tövsiyəsi ilə yaradılan bu qurum hazırda beynəlxalq və Avropa miqyasında təşkilatlarda ən fəal qurumlardan biridir. Yığmanın idmançıları bir neçə böyük reytinqli yarışlarda mükafatlar qazanmışlar. Yeniyetmələrdən ibarət komanda isə birinci beynəlxalq turnirdə ilk sınaqdan uğurla çıxmışdır. Ən yaxın prioritet – 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına əsaslı hazırlaşmaqdır. Proqramına triatlonun da daxil olduğu bu Oyunlarda habelə 2016-cı il Olimpiadasına lisenziyalar qazanmaq şansı verilir.
SİA-nın verdiyi məlumata görə, ATF-nin icraçı direktoru Azər Məhərrəmov AzərTAc-a müsahibəsində Azərbaycan triatlonunun ilk uğurları, hazırkı vəziyyəti və gələcək planları barədə fikirlərini bölüşüb.
- Son aylar Azərbaycan triatlon komandası üçün çox məhsuldar olmuşdur. Yəqin ki, ilk nailiyyətlər haqqında məlumat vermək vaxtıdır...
- Doğrudan da, Azərbaycan Triatlon Federasiyasının yaranmasından az vaxt keçsə də, bu müddətdə əldə olunan nailiyyətlər haqqında bu gün artıq danışmaq mümkündür. On ay ötdükdən sonra tam əminliklə demək olar ki, bizim yığma və yeniyetmələrdən ibarət iki komandamız mövcuddur. Birinciyə indiyədək cəmi üç idmançı - Rostislav Pevtsov, Kseniya Levkovskaya və Aleksandr Yatsenko daxil idi. Amma bu günlərdə onların sırasına daha bir azərbaycanlı idmançı – Zaur Arkaniya qoşulmuşdur. İlk üçlük çoxlu sayda təlim-məşq toplanışlarında iştirak etmiş, beynəlxalq yarışlarda öz mövqelərini möhkəmləndirmişdir.
Yığma komandamız mövsümün açılışını Kaliforniyada etmişdir. Burada idmançılar hazırlıq keçməklə yanaşı, Klermont şəhərində Panamerika kubokunda iştirak etmişlər. Bu yarışda R.Pevtsov yeddinci nəticəni göstərmişdir. Komandaya ilk beynəlxalq uğuru isə Meksikadakı La-Pas şəhərindəki Panamerika kubokunda elə R.Pevtsov gətirmişdir. Burada idmançımız ikinci yeri tutmuşdur. Qürur hissi doğuran bu nailiyyət Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsinin zəhməti və əməyi sayəsində əldə olunmuşdur.
- Bu uğur həm də komandanın növbəti nailiyyətlərə imza atması üçün əsaslı zəmin olmuşdur. Elə deyilmi?
- Tamamilə doğrudur. Kaliforniyadakı təlim-məşq toplanışlarından sonra yığma hazırlığı davam etdirmək üçün Kiprə yola düşmüşdür. Larnakadakı toplanışlar çox önəmli olmuşdur. Ona görə ki, burada qitənin ən qabaqcıl idmançıları bir yerə toplanaraq birgə məşqlər edirlər. Kiprdəki hazırlıqlar da öz bəhrəsini vermişdir. Çində Asiya kubokunda Rostislav Pevtsov gümüş medal və xüsusi kubok qazanmışdır.
Bu triatletin nailiyyətləri bizi sevindirməyə bilməz, çünki o, ən yüksək bacarıqlarını Azərbaycan yığmasının tərkibində nümayiş etdirir. Buna sübut olaraq idmançının beynəlxalq yarışlardan ən mötəbəri sayılan Londonda keçirilən dünya seriyası mərhələsindəki nəticəsini də göstərmək mümkündür. Sentyabradək Beynəlxalq Triatlon Federasiyasının bayrağı altında çıxış edəcək R.Petsov burada 16 idmançı arasında finişə 11-ci gəlmişdir. Bu atletlər dünya triatlonunda adını təsdiqləmiş peşəkarlar idi. Belə bir ulduzlu komandada 11-ci nəticəni R.Pevtsovun karyerasında ən yüksək nöqtə kimi qeyd etmək olar.
Bu turnirdəki çıxışdan sonra müxtəlif ölkələrin triatlon federasiyalarının üzvləri bizi təbrik edirdilər. R.Pevtsov hələlik dünyanın birinci onluğunda yer almasa da, Azərbaycan yığmasının tərkibində xeyli nailiyyət əldə etmişdir. Bizim üçün bu, çox vacibdir. Çünki federasiyamız da beynəlxalq səviyyədə ilk addımlarını atır. Ümidvarıq ki, R.Pevtsov Bakıda təşkil olunacaq Avropa Oyunlarında da özünü göstərməyi bacaracaq və 2016-cı ildə keçiriləcək Olimpiadaya lisenziya uğrunda mübarizə aparacaqdır.
- Triatlonda idmançı bir çox vərdişlərə, xüsusiyyətlərə malik olmalıdır. Bura həm üzgüçülük, həm velosport, həm də qaçış daxildir. Bu dissiplinlərin xüsusiyyətləri nədən ibarətdir?
- Məlumdur ki, triatlon digər idman növləri ilə yanaşı, çox bahalı idman növüdür. Buraya həm velosiped qismində texnika, müxtəlif ehtiyat hissələri, onların təmiri üçün xüsusi təchizat daxil olmaqla yanaşı, həm də idman geyimi, termokostyumlar daxildir. Bütün bunlar xarici ölkələrdən alınır. İdmançıların xüsusi avadanlıq, idman alətləri, ekipirovka və digər vasitələrlə təmin olunmaları üçün biz ən yaxşılarını alırıq.
- Komandalara legionerlərin cəlb olunması bir çox ölkədə normal prosesdir. Bu, xüsusən də dünya idman səhnəsində mövqelərini möhkəmləndirmək üçün yenicə addımlar atmağa başlayan federasiyalar üçün önəmlidir. Məsələnin həllini siz nədə görürsünüz?
- Sirr deyil ki, idmanın inkişaf istiqamətlərindən biri də, ələlxüsus, hər şey sıfırdan başlayırsa, bu da legionerlərin cəlb olunmasıdır. Biz bunu gizlətmirik. Doğrudur, gənc idmançılarla işə başlamaq mümkündür. Lakin buna bəlkə də 10 il vaxt gedəcəkdir. Bu zaman perspektivli gənc komanda ilə yanaşı, biz triatlonda mövqelərini təsdiqləmiş şəxsləri dəvət ediriksə, bu, başqa məsələdir. Bir tərəfdən onlar bir növ püxtələşməkdə olan nəsil üçün mayak rolu oynayar, digər tərəfdən isə Azərbaycanın aktivinə ilk medallar gətirə bilərlər. Yəni triatlonun inkişafına idmanın bu növündə bizdən xeyli öndə gedən digər ölkələrdən cəlb edilmiş idmançılar olmadan başlamaq düzgün deyildir.
- Yeniyetmələrdən ibarət komanda ilə vəziyyət nə yerdədir? Ən yaxın perspektivdə daha çox kimə ümid bəsləmək olar?
-Ötən ilin sonunda biz yeniyetmələrdən ibarət komandanı formalaşdırdıq. Onun tərkibinə Nurlan Əliyev, Elmir Yusifov, Orxan Heydərli, Sahib Salahov və Denis Karçaşkin daxildir. Onlar yaxşıların yaxşısıdır. Bu idmançılar hər gün gözəl şəraiti olan Şağan Olimpiya Kompleksində məşq edirlər. Orada hovuz, stadion, eləcə də triatlon üçün əldə etdiyimiz müvafiq avadanlıq, o cümlədən velosipedlər mövcuddur. İdmançılarımızın öz yaşıdları arasında yaxşı nəticələr əldə etmələri məqsədilə onların məşq prosesinə bütün şərait yaradılmışdır. Bununla yanaşı, komandanın üzvləri Azərbaycan Avarçəkmə Federasiyasının Mingəçevirdəki bazasında məşq etmişlər. Yeri gəlmişkən, Azərbaycan Avarçəkmə Federasiyasına, eləcə də üzgüçülük, velosport və atletika federasiyalarına təşəkkürümü bildirirəm.
Təlim-məşq toplanışlarında birinci komandanın məşqçisi Sergey Yatsenko da iştirak etmişdir. Bundan sonra biz gənclərimizi Antalyaya da apardıq. Orada da atletlərimiz Avropa kuboku çərçivəsində bir neçə tədbirdə iştirak etmişlər. Aydın məsələdir ki, yeniyetmə idmançılarımız hələlik nə yaşları, nə də təcrübələri baxımından bu yarışda iştirak edə bilməzlər. Amma bu, onlar üçün əsl triatlonun necə olduğunu hiss etmək üçün böyük təkanverici qüvvə idi. Çünki startla, üzgüçülükdən sonra velosipedlərə mindiyi terminalı, sonda isə qaçış məsafəsini qət etməsi ilə bağlı müxtəlif məqamlar mövcuddur. Amma bütün bunlar arasında ən maraqlısı Türkiyənin yeniyetmələrdən ibarət yığması ilə birgə yarışlar olmuşdur. Orada da bizim yeniyetmə triatletlərimiz öz bacarıqlarını sınaqdan keçirmişlər.
- Bu turniri, ümumilikdə, siz necə səciyyələndirirsiniz?
- Bir sıra yarışlarda iştirak etmiş idmançılarla yanaşı, Nurlan Əliyev və Elmir Yusifov aralarında nəticə etibarilə bir saniyə fərq olmaqla ilk onluğa daxil ola bilmələri bizi sevindirir. Bu, həm emosional, həm də peşəkarlıq cəhətdən çox vacib yarışma olmuşdur. Çoxlu sayda türkiyəli azarkeşlər yolun kənarında dayanıb bizim triatletlərimiz üçün xoş şüarlar səsləndirmiş və komandamıza azarkeşlik etmişlər.
Avropa kuboku mərhələsi çərçivəsində həm də yığmaların məşqçi heyəti üçün seminar da keçirilmişdir. Bu seminarda yığmamızın baş məşqçisi, dünya triatlonunda kifayət qədər tanınan Serfey Yatsenko da iştirak etmişdir. Bu toplantını isə Türkiyə yığmasının rəhbəri Andrea Qabba aparmışdır. Bu kurslar çox böyük əhəmiyyət kəsb etmişdir. Triatlon veloidman, qaçış və üzgüçülüyün vəhdətidir. Burada həm enerjinin qənaəti mövcuddur, həm də məşqçilər bir işləməli olduqları məqamlar vardır. Məhz bu seminarlar vasitəsilə əslində triatlonun nə olduğunu tam anlamaq mümkündür. Əks halda İ.Krılovun məşhur "Ququşu, xərçəng və naqqabalığı" təmsilindəki kimi ola bilər.
- Triatlon barədə danışanda bu idman növünün də təmsil olunacağı Avropa Oyunları mövzusundan kənarda qalmaq mümkün deyildir. Bu istiqamətdə olan hansı yeniliklər və məqamları açıqlaya bilərsiniz?
- Ölkə rəhbərliyinin idman sahəsində əldə etdiyi ən böyük uğurlardan biri də məhz Bakıda belə mötəbər yarışların keçirilməsinə nail olmaqdır. Bəzən insanlar bu yarışların əhəmiyyətini, o cümlədən beynəlxalq əhəmiyyətini tam aydınlığı ilə dərk edə bilmirlər. Dünyada Olimpiada zirvədirsə, Avropada da bu Oyunların əhəmiyyəti şəksizdir. Daha bir mühüm məqam ondan ibarətdir ki, bu, tarixdə ilk oxşar yarış olacaqdır. Azərbaycanın hər il müxtəlif idman növləri üzrə yarışların keçirilməsinin öhdəsindən yüksək peşəkarlıqla gəlməsini nəzərə alaraq artıq indidən əminliklə demək olar ki, bu Avropa Oyunları öz miqyası, qeyri-adiliyi, gözəlliyi, kütləviliyi ilə seçiləcəkdir. Çünki bu istiqamətdə görülən işlər, bütün sahələrin sürətlə inkişafı göz qabağındadır. Avropa Oyunlarının təşkilatı məsələləri üzrə bölməsi tam gücü ilə çalışır. Eyni zamanda, biz Macarıstandan olan idman nümayəndəsi Alpar Naqi ilə birgə çalışırıq. O, triatlon üzrə yarışlarda əlaqələndiricidir. İndi son marşrutla əlaqədar iş gedir, yəni buraya start, könüllülərin yerləşdirilməsi, bu idman növünün bütün məqamları nəzərə alınaraq müvafiq işlər görülür.
Bildiyiniz kimi, triatlonda dissiplin üzgüçülüklə başlayır, daha sonra idmançılar 40 kilometr məsafəni velosipeddə qət etməlidirlər. Onların yolu bizim şəhərin ən görkəmli və gözəl yerlərindən, ələlxüsus da Neftçilər prospektindən keçəcəkdir. Bütün dünyada televiziya ilə milyonlarla tamaşaçının izləyəcəyi bu yarış çox gözəl və möhtəşəm keçirilməlidir. Azərbaycana ev sahibi qismində iki qadın və iki kişi idmançı olmaqla dörd idmançı üçün yer ayrılmışdır. Hazırda müəyyən texniki məsələləri tam həll etmək məqsədilə Bakı Avropa Oyunları Əməliyyat Komitəsi ilə daim təmasda oluruq.
- Yəqin ki, Avropa Oyunları 2016-cı il Olimpiadası nəzərə alınaraq bizim triatletlər üçün bir növ həm də keçid rolunu oynayacaqdır?
- Əlbəttə. O da nəzərə alınsa ki, Bakıdakı oyunların nəticəsinə görə "Rio-2016" Olimpiadasına lisenziya veriləcəkdir. Bakıya qitənin ən titullu və ən adlı-sanlı idmançıları təşrif buyuracaqlar. Avropa Oyunları 2016-cı ildə keçiriləcək Olimpiadaya tramplindir. İndi təsnifat dövrü başlamışdır. Burada idmançılar müxtəlif turnirlərdə Braziliyaya getmək üçün xallar toplayırlar. Buna görə də R.Pevtsovun hələ Bakı yarışlarından əvvəl Olimpiadaya getmək üçün xal qazanması istisna deyildir. Bundan başqa, yığmanın tərkibində özünü göstərməyi bacaranlar - Kseniya Levkovskaya, eləcə də Filippində keçirilmiş Asiya kubokunda yeddinci yeri qazanan Aleksandr Yatsenkodir.
- Yəqin ki, triatlonun Azərbaycanda populyarlaşdırılması üçün istifadə edilən yollardan biri də sosial şəbəkələrdir?
- Bizim mətbuat xidmətimiz çox fəal işləyir, bütün son xəbərlər isə ən qısa müddətdə ilk növbədə federasiyanın rəsmi saytında – triathlon.az ünvanında yerləşdirilir. Bununla yanaşı, "Facebook"da "Triathlon Azerbaijan" adlı fəal səhifəmiz vardır. Onun vasitəsilə biz ünsiyyət qururuq, şərhlər oxuyuruq, müxtəlif müraciətlər əldə edirik, digər idman saytları ilə əməkdaşlıq edirik.
Müvafiq saytların oxucuları da Azərbaycanda yeni idman növü barədə məlumata xüsusi maraq göstərirlər. Çünki triatlon Olimpiya proqramlarına, həmçinin Bakıda keçiriləcək Avropa Oyunlarının proqramına daxildir. Hesab edirik ki, "Rio-2016" Olimpiadasına lisenziyalar uğrunda layiqli mübarizə aparmağa qadirik. Bir sözlə, sosial şəbəkələr böyük rol oynayırlar. Hər halda, onların vasitəsilə biz ən çətin işlərdən birinin yerinə yetirilməsinə başlayacağıq. Bu, triatlonun Azərbaycanda daha da populyarlaşdırılmasıdır.
- Sizcə, buna necə nail olmaq mümkündür?
- Bizə triatlonla maraqlanan çoxlu sayda valideyn, yeniyetmə, əcnəbilər müraciət edir. Aydındır ki, federasiya yaradılmamışdan əvvəl bu idman növü ilə, xüsusilə ölkəmizdə işləyən xarici vətəndaşlar arasında maraqlananlar olmuşdur. Hətta soydaşlarımızdan da duatlon və triatlon üzrə qeyri-rəsmi yarışlarda iştirak edənləri az olmamışdır. Ona görə də bu idman növü ilə fəal şəkildə maraqlananlardan yəqin ki, çoxlu müraciətlər olacaqdır. Bundan başqa, uğurlu dövlət siyasəti nəticəsində Azərbaycan idman aləmində mötəbər yerlərdən birini tutur. Bunu ölkəmiz London Olimpiadasında bir daha sübut etmişdir. İndi əsas vəzifəmiz – triatlonu əhali arasında daha da məşhurlaşdırmaq, idmanın bu növünə daha çox diqqəti çəkməkdir. Bu iş böyük səy, əziyyət tələb etsə də, müvafiq istiqamətlərdə ən yaxın vaxtlarda addımlar atmağa başlayacağıq. Burada məşqçi heyətinin təkmilləşdirilməsi, regionlarda triatlon bölmələrinin açılması da olduqca mühüm əhəmiyyət kəsb edir.
- Azərbaycan Triatlon Federasiyasının digər ölkələrdən olan həmkarları ilə əməkdaşlığı necə qurulmuşdur?
- Bizim bir çox federasiyalarla çox gözəl münasibətlərimiz mövcuddur. İlk növbədə bu təşkilatların rəhbəri Həmdi Günəşin yaxın səyləri sayəsində Türkiyədəki həmkarlarla. Bundan başqa, Rusiyanın Triatlon Federasiyası ilə əməkdaşlığı qeyd etməmək qeyri-mümkündür. Bu ölkə federasiyasının rəhbəri ilə mən Londonda, dünya çempionatı çərçivəsində tanış oldum. Onlar da bizə yaxından kömək göstərirlər. Ukraynadan olan həmkarlarımızla da, başda Andrey Bildı olmaqla, münasibətlərimiz yüksək səviyyədədir. Bu cür əməkdaşlıqla nəinki bütün idman aləmində, həm də idmanın triatlon növündə irəliləyişlər əldə etmək mümkündür.
-Yaxın gələcək üçün planlarınız nədən ibarətdir?
- Kiçik fasilədən sonra yığma Avstriyada təlim-məşq toplanışlarına yollanacaqdır. Burada da idmançılara yenisi – Zaur Arkaniya qoşulacaqdır. Məşqçilərin fikrincə, onun triatlonda ölkəmizi təmsil etməsi üçün kifayət qədər göstəriciləri vardır. Ona görə Z.Arkaniya birbaşa birinci komandanın tərkibinə daxil olacaqdır. Burada mən tamamilə Aleksandr Yatsenkoya güvənirəm. Yeniyetmələrdən ibarət komandaya gəldikdə isə idmançılar 23 yaşınadək olan atletlər arasında Avropa çempionatına hazırlıq görürlər. Rusiyanın Penza şəhərində təşkil ediləcək bu yarışlarda ölkəmiz 3-4 idmançı ilə təmsil olunacaqdır. Həmin yarışlar onlar üçün sınaq və təcrübə arenası olacaqdır. İdmançılar burada ilk reytinq xallarını qazanmağa başlamaqla yanaşı, belə səviyyəli yarışlarda özlərini sınamaq imkanı da qazanacaqlar.
- Sonda arzularınızı oxucularla bölüşərdiniz...
- Şübhəsiz ki, indiki durumda ilk yerlərə sahib olmaq bir növ illüziya kimidir. Lakin federasiyanın fəaliyyətinin ilk 10 ayında qurur duyacağımız çox şey vardır. İnkişafı davam etdirəcəyik. Biz idman ictimaiyyəti və idmana böyük əhəmiyyət verən şəxslərlə eyni addımlamağa çalışırıq. Triatlon nəinki Qərbdə, Avstraliyada, Yeni Zelandiya, eləcə də Rusiyada olduqca populyardır. Azərbaycanda triatlonun hansı uğurlar əldə edəcəyindən də çox şey asılı olacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB