Səudiyyə Ərəbistanının Şura Məclisinin üzvləri, başda Məclisin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Abdullah ən-Nasir olmaqla, iyunun 9-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar. Səudiyyəli parlamentariləri Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleym müşayiət edirdi. Qonaqlar ilk olaraq Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva ilə görüşüblər.
G.Baxşəliyeva İnstitutda ərəbşünaslıq və islamşünaslıq sahələrində aparılan tədqiqatlardan danışdı, qonaqları son zamanlar bu sahədə nəşr olunmuş ən mühüm əsərlərlə tanış edib. Gövhər xanım İnstitutun bir sıra ərəb ölkələrinin elmi mərkəzləri ilə əlaqələrindən söz açaraq, bəzi universitetlərlə əməkdaşlıq haqqında memorandumların imzalandığını qeyd edib. Şərqşünaslıq İnstitutunda olmalarından şad olduqlarını dilə gətirən Abdullah ən-Nasir ölkələrimiz arasında mehriban dostluq münasibətləri fonunda elmi əlaqələrin də genişlənəcəyinə ümidini bildirib.
Səudiyyəli deputatlar daha sonra Şərqşünaslıq İnstitutunun kollektivi ilə görüşüblər. Qonaqları İnstitutun kollektivinə təqdim edən G.Baxşəliyeva bu cür görüşlərin iki ölkə arasında elmi əlaqələrin genişlənməsinə təkan verəcəyini bildirib.
Abdullah ən-Nasir ölkələrimiz arasında münasibətlərdən söz açaraq, tarix boyu ərəblərin və azərbaycanlıların müxtəlif sahələrdə əlaqələrinə də toxunub.
Görüşün sonunda Gövhər Baxşəliyeva səudiyyəli deputatların, Abdullah ən-Nasir isə şərqşünas alimlərin suallarını cavablandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB