Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib

Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib

Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib. SİA-nın məlumatına görə, paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara mövsümə uyğun meyvə-tərəvəz məhsulları çıxarılıb. Bazar günü "Təzə bazar" MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 12,2 ton məhsul, o cümlədən 0,3 ton ət, 0,1 ton ağartı, 4 ton meyvə və s. təklif olunub. Ümumilikdə şənbə və bazar günlərində yarmarkada 24,5 ton məhsul satılıb.

Paytaxt sakinləri təzə və keyfiyyətli məhsullar alır, bəzi məhsulların bazarlardakından ucuz olduğuna görə yarmarkanın təşkilatçılarına və fermerlərə minnətdarlıqlarını bildirirdilər. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Səfəralı Nəsirov bildirib ki, yarmarkadakı qiymətlər bazarlardakından 20-25 faiz ucuzdur. Burada qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manata, soğan 35-50, yumurtanın 1 ədədi 6 qəpiyə və s. satılır.

Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satış yarmarkasına istirahət günlərində bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran rayonlarının, bundan əlavə, Quba, Göyçay və Gədəbəy rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri 63,3 ton meyvə-tərəvəz, mal və qoyun əti, ağartı, göyərti və digər məhsullar gətiriblər.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrət Eminov məlumat verib ki, yarmarkaya çıxarılan mövsümə uyğun məhsullar arasında yerkökü, çuğundur, badımcan, bibər, alma, armud, göyərti və digər məhsullar üstünlük təşkil etmişdir. Bu məhsullar arasında mövsümə uyğun meyvə-tərəvəzlər- təzə kartof, soğan, kələm, alça, çiyələk, ərik, gilas, lobya, s. daha həvəslə alınırdı.

Məhsullar bazarlardakından 25-30 faiz ucuz qiymətə satılıb. Bunun nəticəsində istirahət günlərində yarmarkaya daxil olmuş məhsulun təqribən 85 faizi satılıb. Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yayında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.

Yarmarkada qoyulmuş nəzarət tərəzisində hər kəs aldığı məhsulun çəkisini yoxlamaq imkanı qazanıb.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov məlumat verdi ki, bazar günü Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - "Günəş" ticarət mərkəzində (15,2 ton) və "Suraxanı Maşınqayırma Zavodu" Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (1,9 ton) satışa bir gün əvvəl Samux, Quba, Biləsuvar, Cəlilabad və Ağsu rayonlarından gətirilmiş ümumilikdə 17,1 ton məhsulun, demək olar ki, hamısı satılıb.

Hər iki yarmarkada meyvələrdən alma, armud, alça, çiyələk, gilas, ərik, gilənar, gavalı, tərəvəzlərdən pomidor, xiyar, soğan, kartof, badımcan, bibər, göyərti və digər mövsümi kənd nemətlərinin alıcıları çoxluq təşkil edirdi.

Bazarlarla müqayisədə qiymətlər 25-30 faiz ucuz olmuşdur. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, ət və süd məhsulları baytar müayinəsindən keçirilib.

Xətai rayonunda, "Bakı" kinoteatrının yaxınlığındakı yarmarkaya Kürdəmir, Salyan, Biləsuvar, Qax, Şəmkir, Qəbələ, Quba, Astara, Daşkəsən rayonlarından 245 ton meyvə-tərəvəz, ət və süd məhsulları gətirilib.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynov məlumat verib ki, şənbə və bazar günlərində yarmarkada bazarlardakından 20-30 faiz ucuz qiymətə 240 tondan çox təzə kartof, alça, çiyələk, ərik, armud, gilas, kələm, pomidor, xiyar, badımcan, lobya, bibər, yerkökü, göyərti və digər məhsullar satılıb.

Şəhər sakinləri yarmarkada yaradılan şəraitdən və məhsulların keyfiyyətindən razılıqlarını bildiriblər.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirib ki, şənbə-bazar günləri Nərimanov rayonunda, metronun "Gənclik" stansiyasının yaxınlığındakı yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan, Tovuz, Neftçala, Oğuz rayonlarından gətirilmiş 34 ton kənd təsərrüfatı məhsulları, Giləzi broyler fabrikindən daxil olmuş 6 min ədəd yumurta satılıb qurtarmaq üzrədir.

Paytaxt sakinləri yarmarkadakı meyvə-tərəvəz, göyərti və ağartı məhsullarının təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirdilər. Yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən qayda-qanuna ciddi nəzarət olunurdu.

Binəqədi rayonu, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada fermerlər və digər torpaq mülkiyyətçiləri alıcılara bazardakından 25-30 faiz ucuz qiymətlərə meyvə-tərəvəzlər, bostan və süd məhsulları təklif edirdilər.

Bu məhsullar arasında mövsümə uyğun meyvə-tərəvəzlərdən alça, çiyələk, gilas, ərik, lobya, təzə kartof, soğan, bol çeşidli göyərti çoxluq təşkil edirdi.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənovun sözlərinə görə, şənbə və bazar günlərində Goranboy, Siyəzən, Bərdə, Ağstafa və digər rayonların fermerləri və digər torpaq mülkiyyətçiləri yarmarkada 17,4 ton meyvə-tərəvəz və süd məhsulları satıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə