Zaman nişanlıların əleyhinə işləyir SƏBƏB NƏDİR?

Zaman nişanlıların əleyhinə işləyir SƏBƏB NƏDİR?

Adət-ənənələrimizə görə, evlilikdən öncə nişan mərasimi mütləqdir. Adətən nişandan sonra ağsaqqalar və ağbirçəklər səbəbkarlarla razılığa gələrək toyun zamanını müəyyənləşdirirlər. Təbii ki, oğlan və qız nişandan öncə bir-birini tanımaq üçün cəhd edirlər. Ancaq nəinki bu dövrdə, hətta nişanlılıq zamanı da hər iki tərəfin görünməyən xasiyyətləri ola bilər. Bəzi hallarda hansısa səbəbdən nişanlı qalma dövrü çox uzanır. Bu dövr uzandıqca isə hər iki tərəf bir-birini daha yaxından tanımağa başlayır. Bəzən qarşı tərəfin xoşuna gəlməyən gizli qalan tərəflər özünü büruzə verəndə digərini qıcıqlandırır və mübahisələrə səbəb olur. Nədənsə uzun nişanlı qalma dövrü (1-3 il) keçən əksər gənclər ayrılıq yaşayırlar.

Bu dövrdə nələrin baş verdiyini öyrənmək məqsədilə psixoloq Təhminə Çələbi ilə əlaqə saxladıq. Onun sözlərinə görə, ümumiyyətlə nişandan öncə qız və oğlanın bir-birini tanıma dövrü olmalıdır: "Bu, öncələr mentalitetimizə görə qəbul olunmasa da, indi belə hallar mövcuddur. Hansısa xanım və ya oğlan görüşdüyü insanı ailəsi ilə tanış edə bilir. Nişanlılıq müddətinin uzun olmasının həm müsbət, həm də mənfi tərəfləri var. Bu zaman qız və oğlan bir-birini daha yaxşı tanımağa başlayır, nişanlılıqdan öncəki görüş vaxtlarındakı kimi yalnız yaxşı tərəflərini göstərmirlər. Onlar bir-birinin ailəsinin içərisinə daxil olurlar. Ailələrində olan özünəməxsus qanunları öyrənirlər. Bu da gələcəkdə onların bir-birinə uyğunlaşmasına kömək edir".

Psixoloq qeyd edib ki, uzun nişanlılıq dövründə qız və oğlanın xarakterində çatışmayan xüsusiyyətlər üzə çıxır: "Artıq hər iki tərəf adaptasiya olmağa başlayır. Onlar bir-birini olduğu kimi də qəbul edə bilərlər. Əslində mənfi tərəfləri, xasiyyətlərinin düz gəlmədiyini görüb vaxtında (nişanlılıq dövründə) ayrılmaq da müsbət haldır.

Ailələrin, böyüklərin, məsələyə aid olmayan uzaq qohumların hər bir işə qarışması da ayrılığa səbəb ola bilər. Məsələn, toy zamanının müəyyənləşdirilməsi, bayramlarda hər dəfə gətirilən daha bahalı hədiyyələr və s. bəzi söz-söhbətlərə yol açır. Maddi problem olan zaman qarşı tərəfdə yaranan söhbətlər problemlər yaradır. Yəni, ailələrin müdaxiləsi ayrılığa gətirib çıxara bilir. Nişanlılıq dövrünün 1 ildən çox uzanması mənasızdır".

T. Çələbi bildirib ki, toydan öncə hər iki tərəfdə stress olur: "Təsadüfü deyil ki, toydan öncə bir çoxları psixoloqa müraciət edərək, ayrılmaq istədiklərini, səhv etdiklərini deyirlər. Amma psixoloqlar anlayırlar ki, onlar toyun stresindədirlər. Bu zaman yaxınları onları alovlandıracaq cümlələrdən istifadə etmək yerinə, bu vəziyyəti anlayışla qarşılamalıdır.

Ancaq bir də qeyd edim ki, evlənib boşanmaqdansa, nişanlı vaxtı xasiyyətlərinin tutmadığını görüb, ayrılmaq daha yaxşıdır. Arzu edək ki, heç bir nişanlı cütlük ayrılmasın".

Bütün xəbərlər Facebook səhifəmizdə