Naxçıvan Dövlət Universitetinin (NDU) nəzdində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin "Heydər Əliyev və Azərbaycan" mövzusuna həsr olunmuş növbəti məşğələsi keçirilmişdir. NDU-nun mətbuat şöbəsindən bildirmişlər ki, məşğələni giriş sözü ilə universitetin rektoru, Əməkdar Elm Xadimi, professor Saleh Məhərrəmov açaraq ümummilli liderimiz Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, Ulu Öndərin titanik siyasi fəaliyyətindən, müstəqil, inkişaf etmiş Azərbaycan naminə göstərdiyi misilsiz xidmətlərdən söz açmışdır.
Bildirilmişdir ki, Azərbaycan Milli Məclisinin 1997-ci il 27 iyun tarixli qərarı ilə dahi şəxsiyyətin ölkə rəhbərliyinə qayıdışı günü rəsmi olaraq Milli Qurtuluş Günü elan edilmişdir. Qurtuluş Günü xalqımızın fəlakətlərdən xilas olduğu gün kimi müasir tariximizə qızıl hərflərlə yazılmışdır. Həmin gündən sonra ümummilli liderimiz Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliyi nəticəsində müstəqilliyimizin və dövlətçiliyimizin əsası qoyulmuş, Azərbaycan güclü bir dövlətə çevrilmişdir.
Universitetin tarix-filologiya fakültəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov bildirmişdir ki, Heydər Əliyev idarəçilik fəlsəfəsinin əsas ideya-siyasi istiqamətini xalqın tarixi yaddaşının bərpası, sürətli inkişaf strategiyasının gerçəkləşməsi kimi mühüm amillər təşkil edir. Ümummilli Liderimiz Naxçıvanda fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə muxtar respublikanı işğaldan və məhv olmaqdan xilas etmişdir.
Rəsul Bağırov qeyd etmişdir ki, Naxçıvanda Ulu Öndərin rəhbərliyi ilə ölkə əhəmiyyətli qərarlar qəbul edildiyi bir vaxtda Azərbaycanın digər bölgələrində bunun əksi olan proseslər – siyasi hərc-mərclik, özbaşınalıq, vətəndaş müharibəsi baş qaldırmışdı. Ölkəmizin məhvə sürükləndiyi belə bir vaxtda xalq yeganə ümid və xilas yolunu Naxçıvandan başlanan qurtuluşda – Ümummilli Liderimizin böyük siyasətə qayıdışında tapmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB