Hicran Hüseynova Ümumdünya Qadın Sammitində iştirak edir

Hicran Hüseynova Ümumdünya Qadın Sammitində iştirak edir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova Parisdə keçirilən Ümumdünya Qadın Sammitində iştirak edir. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 5-7 iyun tarixlərini əhatə edən Ümumdünya Qadın Sammiti qadınların iqtisadi inkişaf sahəsində mövcud olan praktik strategiyaları və ən yaxşı təcrübəni araşdırmaq məqsədilə keçirilən biznes və hökumət liderlərinin beynəlxalq forumudur.

Sammit zamanı H. Hüseynova Azərbaycanda qadın sahibkarlığının genişləndirilməsi və bu sahədə əldə etdiyi nailiyyətlər mövzusunda çıxış edib. Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramı və Sahibkarlığa Kömək Milli Fondunun qadın sahibkarlara ayırdığı maliyyə kreditləri, eləcə Mərkəzi Asiya Ölkələrinin iqtisadiyyatı üzrə Xüsusi Proqram (SPECA) çərçivəsində qadın sahibkarlığının inkişafı üzrə keçirilən beynəlxalq konfransların verdiyi müsbət nəticələr barədə statistik məlumatlar qonaqların diqqətinə çatdırılıb.

Komitə sədri toplantıda iştirak edən digər ölkə rəsmiləri ilə ikitərəfli görüşlər keçirib və gələcək əməkdaşlıq üçün fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə