Xəzərdə balıqlarda virus aşkarlanmayıb

Xəzərdə balıqlarda virus aşkarlanmayıb

Bir müddət əvvəl İRNA informasiya agentliyi tərəfindən İranın Mazandaran əyalətinin Xəzər dənizi sahillərində kefal balıqlarının virusa yoluxması və balıqlarda aşkarlanan xəstəliyin həm insan, həm də heyvalar üçün təhlükəli olması barədə məlumatlar yayılmışdı. SİA-nın xəbərinə görə, Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzindən verilən məlumatda bildirilir ki, Kənd Təsərrüfatı Nazirliyinin göstərişinə əsasən ölkəmizin Xəzər dənizi sahillərində və sahilyanı ərazilərində aparılan nəzarət tədbirləri iyunun 5-də yekunlaşdırılıb.

2014-cü ilin martın 5-dən həyata keçirilən nəzarət tədbirləri balıqların kürüvermə və dənizə qayıtma dövrlərini əhatə edib, müvafiq qurumlar və balıqçılarla əlaqəli şəkildə aparılıb. Həmin müddətdə dəniz sahili rayonların hər birindən, xüsusilə ölkəmizin İran İslam Respublikası ilə həmsərhəd olan cənub bölgəsindən gətirilən kefal balıqları Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Götürülən nümunələrin heç birində virus xəstəliyi müəyyən edilməyib. Eləcə də ölkəmizin dəniz sularında, dəniz sahili ərazilərində və çaylarında xəstəlikdən tələf olmuş, yaxud virusa yoluxmaqda şübhəli bilinən balıqlara təsadüf olunmayıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti aparılan nəzarət tədbirlərinin nəticəsinə istinad edərək bir daha bildirir ki, Azərbaycanın Xəzər dənizi sahillərində və sahilə yaxın ərazilərində, həmçinin mənsəbi dənizlə birbaşa əlaqəli olan çaylarında kefal balıqlarının virus xəstəliyinə yoluxması halları qeydə alınmayıb və ərazi epizootik cəhətdən sabitdir.

Bütün xəbərlər Facebook səhifəmizdə