Yazıçı-publisist, Əməkdar Jurnalist Vasif Səmədov və tanınmış alim Rövşən Vəlizadənin bu yaxınlarda çapdan çıxmış "Leyla Əliyeva: "Xocalıya ədalət!" (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)" üçcildliyinin III cildi Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində son illərdə görülmüş məqsədyönlü işlərlə bağlı müəlliflərin gərgin araşdırmaları, yorulmadan apardıqları tədqiqatlar nəticəsində ərsəyə gələn dəyərli mənbədir.
SİA-nın AzərTac-a istinadən verdiyi xəbərə görə, nəfis tərtibatla çapdan çıxmış III cild hazırlanarkən də əvvəlki cildlərdə olduğu kimi, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin birgə yaratdıqları istintaq qrupunun materiallarından və AzərTAc-ın fotoarxivindəki fotoşəkillərdən istifadə edilib.
Kitabda beynəlxalq terrorun bir qolu olan erməni terrorçularının müxtəlif tarixi dövrlərdə Azərbaycan torpaqlarında, xüsusilə ötən əsrin son illərində Ermənistan və onun havadarlarının köməyi ilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalı şəhərində törətdikləri kütləvi qırğınlardan, vəhşiliklərdən, soyqırımından bəhs edilir.
Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun elmi şurasının qərarı ilə nəşr edilmiş bu kitab "Xocalıya ədalət!" Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyasının 5 illiyi münasibətilə nəşr olunub.
Qan yaddaşı ilə yazılmış bu üçcildlik əsər həm ölkəmizdə, həm də xaricdə milli dünyagörüşünə malik, Vətən torpağının bütövlüyünü düşünən və onun uğrunda fədakar mübarizəsini əsirgəməyən hər bir azərbaycanlının stolüstü kitabı olmalıdır.
Nəşrin sonunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Kampaniya davam edir. Məqsədimiz Xocalı hadisələri barədə dünya ictimaiyyətini məlumatlandırmaq və beynəlxalq hüquqi müstəvidə tanınmasına nail olmaqdır" kimi müdrik kəlamları bizləri bir daha müvafiq istiqamətdə fədakar olmağa çağırır.
"Xocalıya ədalət!" kampaniyasının beş illik uğurlu fəaliyyətindən bəhs edən bu kitab bütövlükdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın - nəcib, humanist, müqəddəs və həm də çətin, lakin şərəfli bir missiyanı layiqincə yerinə yetirən bir Azərbaycan xanımının bəşəriyyətə ədalət çağırışı ilə yaşayan, işləyən bir insan ömrünün salnaməsidir.
Tədqiqatda Azərbaycan, ingilis, rus dillərində, həmçinin qəzet və jurnallardan, internet resursları olmaqla 103 mənbədən istifadə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB