Lənkəranda 49 sahibkara 11 milyon manatdan çox güzəştli kredit verilib

Lənkəranda 49 sahibkara 11 milyon manatdan çox güzəştli kredit verilib

Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Lənkəran rayonunun Vilvan kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə həsr olunmuş işgüzar forum keçirmişdir.

80-ə yaxın sahibkarın iştirak etdiyi forumda güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilmiş, Lənkəran rayonunun iqtisadi potensialının reallaşdırılmasında prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, pendir istehsalı və meyvəqurutma müəssisələrinin, müasir suvarma sistemlərinin tətbiqi ilə intensiv bağçılıq, tərəvəzçilik və çayçılıq təsərrüfatlarının yaradılması üzrə investisiya layihələrinin təqdimatı keçirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.

Forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2014-cü ilin ötən dövrü ərzində 2127 sahibkara 108,6 milyon manat güzəştli kredit ayrılmışdır. Bu kreditlərdən istifadə edilməklə investisiya layihələrinin reallaşdırılması 5000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

Qeyd olunmuşdur ki, ümumilikdə, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1724 investisiya layihəsinin maliyyələşdirilməsinə 85,2 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, üzümçülük, intensiv bağçılıq, çayçılıq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı, mebel və tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və digər sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 9700-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılmışdır.

İşgüzar forum çərçivəsində Lənkəran və ətraf rayonlardan olan 49 sahibkara 11,1 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər əsasən, heyvandarlıq, arıçılıq, çayçılıq, əkinçilik, çörək, süfrə suyu, konserv məhsullarının istehsalı və başqa sahələrin inkişafına yönəldiləcəkdir. Kreditlərin reallaşdırılması hesabına 200-ə yaxın yeni iş yerinin açılması mümkün olacaqdır.

İşgüzar forumda sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələrinə dair işgüzar müzakirələr aparılmışdır.

Forum çərçivəsində Lənkəran rayonun Digah kəndində güzəştli kredit ayrılmış gündəlik istehsal gücü 15 ton olan çörək zavodunun fəaliyyətinə baxış keçirilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə