Avropa Azərbaycan Cəmiyyəti Londonda xeyriyyə tədbirinə dəstək verib

Avropa Azərbaycan Cəmiyyəti Londonda xeyriyyə tədbirinə dəstək verib

Artıq ikinci ildir ki, Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Böyük Britaniya deputatları arasında təşkil olunan "Macmillan" adlı kəndirlə dartınma müsabiqəsinin "Qızıl" sponsoru kimi çıxış edir. TEAS-dan verilən məlumata görə, iyunun 3-də - müsabiqənin 27-ci ildönümündə parlamentin Lordlar Palatası ilə İcmalar Palatası arasında yarış keçirilmişdir. Mübarizənin qalibi isə İcmalar Palatasının komandası olmuşdur.

BBC-nin əməkdaşı Ceremi Vaynın aparıcılığı ilə keçirilən xeyriyyə tədbiri xərçəng xəstəliklərindən əziyyət çəkənlərə tibbi yardım və onların ailə üzvlərini informasiya və maliyyə dəstəyi ilə təmin edən "Macmillan Cancer Support" adlı təşkilata yardım üçün təşkil olunmuşdur. Ötənilki tədbir zamanı 135 min funt sterlinq vəsait toplanmışdır.

İdmanın kəndirlə dartınma növü Böyük Britaniyada XVI əsrdən geniş yayılmağa başlasa da onun mənşəyi qədim Misir və Çinə gedib çıxır. Bu idman növü indi İngiltərə şəhərlərinin ənənəvi həyatının əsas elementlərindən biridir.

Lordlar Palatasının spikeri Lady D’Souza demişdir: "Burada olan insanların çox azının xərçəng xəstəliyinin təsirinə bu və ya digər formada məruz qalma ehtimalı vardır. Bəzilərinin ya dostları, ya qohumları, bəzilərinin isə hətta özləri bu xəstəliyə tutulmuşlar. Bu xəstəlik zamanı diaqnoz və müalicələr uzun müddət qorxu və həyəcana səbəb olur və insanlarda cavablandırılması zəruri olan çoxlu suallar yaranır ki, bəzən onlar çox nadir hallarda bu sualların cavabını alırlar. Mən özüm şəxsən Macmillanın tibb bacılarının xidmətini görmüşəm və onların göstərdiyi xidmət yüksək səviyyədədir. Həqiqətən də onların işi çox qiymətlidir".

"Macmillan Cancer Support" təşkilatının icraçı direktoru Ciaran Devane bütün sponsorlara təşəkkür edərək bildirmişdir ki, "Macmillan" davamlı şəkildə həm Lordlar, həm də İcmalar Palatasının üzvləri ilə sıx əlaqədə olmuşdur. Onlar bizim üçün gərgin əmək sərf edirlər və bizi dəstəkləmək üçün vaxtlarını ayırırlar. Seçkilərdən sonra yeni parlament təşkil olunacaq və bizim yeni və yenidən seçilən deputatların dəstəyinə ehtiyacımız olacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə