“Azərsu” ASC-nin 10 illiyi münasibətilə təntənəli tədbir keçirilib

“Azərsu” ASC-nin 10 illiyi münasibətilə təntənəli tədbir keçirilib

Bu gün su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı və "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) 10 illiyi münasibətilə təntənəli tədbir keçirilib. "Azərsu" ASC-də keçirilən tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin əhalinin keyfiyyətli içməli su ilə təminatındakı xidmətlərindən, Səhmdar Cəmiyyətin 10 ildə gördüyü işlərdən və həyata keçirilən layihələrdən bəhs edən sənədli film nümayiş etdirilib.

Sonra su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə fərqlənənlərə "Tərəqqi" medalının və "Əməkdar Mühəndis" fəxri adlarının verilməsi haqqında Prezident İlham Əliyevin sərəncamları oxunub.

"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov çıxış edərək Prezident İlham Əliyevin 2014-cü il 14 may tarixli Sərəncamı ilə hər il iyunun 5-nin "Su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramı kimi təsis olunduğunu və Səhmdar Cəmiyyətin kollektivinin ilk dəfə əlamətdar bayramı qeyd etdiyini vurğulayıb.

2004-cü il iyunun 11-də yaradılan "Azərsu" ASC-nin ötən dövrdə böyük uğurlara imza atdığını deyən Q.Hüseynov ölkə əhalisinin dünya standartlarına uyğun içməli su ilə təminatında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb, su təsərrüfatının inkişafında və müasirləşdirilməsində Prezident İlham Əliyevin diqqət və qayğısından bəhs edib.

Qeyd olunub ki, hələ XX əsrin əvvəllərində xeyriyyəçi neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə dövrünün mürəkkəb mühəndis kommunikasiyalarından sayılan Şollar su kəmərinin tikintisi ilə başlayan əhalinin içməli su ilə təminatı prosesinin sonrakı dövrlərində daha böyük layihələr icra edilib. Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişindən sonra su təsərrüfatında ciddi dönüş yaranıb, problemlərin kompleks həlli məqsədi ilə böyük layihələr icra edilib. Kür su kəmərləri sisteminin, Ceyranbatan sutəmizləyici qurğularının istifadəyə verilməsi, paytaxt Bakının tullantı infrastrukturunun inkişafını nəzərdə tutan "Böyük kanalizasiya" layihəsinin reallaşdırılması, Azərbaycanın ən böyük çirkab sutəmizləyici qurğusu olan Hövsan Aerasiya Stansiyasının, həmçinin bu gün də paytaxtda yaranan tullantı sularının kənarlaşdırmasında əsas arteriya rolunu oynayan "Sənaye zonası", "Şəhərkənarı" və "Sahil" kollektorlarının inşası məhz 1970-1980-ci illərə təsadüf edir.

ASC-nin sədri demişdir ki, Bakı şəhəri və Abşeron yarımadasının su təchizatında müstəsna əhəmiyyət daşıyan Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin ideya müəllifi də ulu öndər Heydər Əliyevdir. Məhz onun rəhbərliyi ilə 2002-ci ilin dekabrında bu məsələ hökumət səviyyəsində müzakirə edilmiş və yeni su kəmərinin tikintisi üzrə araşdırmalar aparılıb.

Ulu Öndərin göstərişi ilə icrasına başlanılmış Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin fəal tikinti mərhələsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilib. Layihədə nəzərdə tutulan işlər 2010-cu ilin dekabrında yekunlaşmış və 2011-ci il ərəfəsində kəmərlə nəql olunan su Bakı sakinlərinə çatdırılıb. Diametri 2000 millimetr olan şüşəlifli borulardan istifadə edilməklə tikilmiş 262 kilometr uzunluğunda özüaxımlı kəmər Abşeron yarımadasının su təminatında müstəsna əhəmiyyət daşıyır.

Q.Hüseynov qeyd edib ki, 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının şəhər, qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün master plan hazırlanıb. Master planın su təchizatı bölməsinin ən böyük layihəsi olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun tikintisi isə artıq yekunlaşmaq üzrədir.

Bundan əlavə, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq "Azərsu" ASC-nin sifarişi əsasında 24 şəhər və rayon mərkəzində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri icra edilir. Ümumiyyətlə, son 10 ildə "Azərsu" ASC tərəfindən regionlarda 3430 kilometr su, 1225 kilometr kanalizasiya xətti, 96 su anbarı, 39 su və kanalizasiya-nasos stansiyaları tikilmişdir. Nəticə etibarilə regionlarda fasiləsiz su alanların xüsusi çəkisi 2 dəfədən çox artaraq 55 faizə çatdırılıb.

Müasir texnologiyaların tətbiqindən, yerli kadrların hazırlanmasında həyata keçirilən tədbirlərdən bəhs edən ASC sədri su təsərrüfatı və meliorasiya işçilərinin dövlət mükafatlarına layiq görülməsini Prezident İlham Əliyev tərəfindən bu sahəyə göstərilən yüksək etimad və inamın ifadəsi kimi dəyərləndirmiş, bunun hər bir işçidə böyük məsuliyyət yaratdığını qeyd edib.

Çıxış edənlər Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində su təsərrüfatı və meliorasiya sahəsinin ilbəil inkişafından, müasirləşməsindən danışıb, fəaliyyətlərinə verilmiş yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Sonra fəaliyyətlərində fərqlənən bir qrup işçi fəxri fərmanlarla təltif olunub.

Sonda tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə