Ölkəmizdə ovçuluqla peşəkar şəkildə məşğul olan kifayət qədər insan var. Bəziləri isə hardansa əldə etdikləri sənədi olmayan silahlarla heç bir icazəsi olmadan, ov etmək üçün qadağan edilən ərazilərdə bu işlərlə məşğul olurlar. Təbii ki, bu da həm insanların həyatı üçün təhlükədir, həm də təbiətimizi məhv edir. Qanunsuz fəaliyyətlə bağlı müvafiq dövlət strukturları mütəmadi olaraq tədbirlər görür, cəzalar və cərimələr tətbiq olunur.
Bütün bunları nəzərə alaraq, qanuni şəkildə ovçuluqla məşğul olmaq üçün nəyin lazım olduğunu, ölkəmizdə hansı ərazilərdə ovçuluğa icazə verildiyini, ovçuluğun təhlükəsizlik qaydalarını, qanunsuz ovçuluqla bağlı mübarizə işlərini, bir sözlə, ovçuluğua aid "A"-dan "Z"-yə qədər bütün halları araşdırdıq.
Məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə ilə əlaqə saxladıq.
Direktor müavini bizi maraqlandıran mövzu ilə bağlı bütün məqamlar barədə ətraflı məlumat verdi. Onun sözlərinə görə, ölkədə istənilən hüquq və fəaliyyət qabiliyyəti olan, 16 yaşa çatmış, sağlamlığı imkan verən şəxslər ovçuluqla məşğul ola bilər: "Bu işlə məşğul olmaq istəyən şəxsin ilk növbədə ov etmək üçün silahı olmalıdır. Həmin silah da Daxili İşlər Nazirliyinin müvafiq orqanında qeydiyyata alınmalıdır. Daha sonra həmin şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edir. İcazə üçün öncə şəxsin ərizəsi, ov silahının sənədi və şəxsiyyət vəsiqəsinin surəti tələb olunur. Bundan sonra ovçuluq biletinin verilməsi üçün komissiyanın iclası keçirilir və burada vətəndaşın ov sahəsi ilə bağlı bilikləri yoxlanılır. Əgər o, sınaq imtahanından uğurla keçsə, həmin şəxsə ovçu bileti verilir. Bu bileti alandan sonra vətəndaşın 2 il müddətində Azərbaycan Respublikası ərazisində qanunla qadağan olunmayan ov obyektlərində ovçuluqla məşğul olmaq hüququ olur. O, hər dəfə ov zamanı yerli ekologiya şöbələrinə müraciət etməli, qanunla icazə verilən hansı heyvan növünü ovlamaq istədiyini bildirməli, rüsumunu ödəməli və icazə almalıdır. Bu mərhələləri tamamladıqdan sonra ovçu müəyyən olunmuş günlərdə rahat şəkildə qanuni ovla məşğul ola bilər".
O həmçinin qeyd edib ki, ölkədə ova, əsasən mövcud ovçuluq təsərrüfatlarında icazə verilir: "Hazırda Azərbaycanda fəaliyyət göstərən 12 ovçuluq təsərrüfatı var. Onlar müxtəlif zonaları - Bakı ətrafı, Biləsuvar, İmişli, Şəki, Dəvəçi, Quba və digər rayonların ərazilərini əhatə edir. Bundan əlavə, ov etmək üçün sahələri yerli ekologiya şöbələri də müəyyənləşdirə bilər.
Hər vurulan növə görə ödəniləcək rüsumun miqdarı Nazirlər Kabinetinin 2004-cü ilin 6 noyabrında qəbul olunan 176-saylı qərarına əsasən müəyyən edilir və bu barədə məlumat nazirliyin saytında da yerləşdirilib.
Ovçuluq təsərrüfatlarında nazirliyin əməkdaşları olur. Ovçular qeydiyyata düşdükdən sonra həmin əraziyə daxil olmalı, işini bitirəndən sonra eyni yerdən çıxmalı, sonda isə ova baxış keçirilməlidir.
Əgər ovçular geniş sahəsi olan ərazilərə bilərəkdən və ya bilməyərəkdən girsələr, o zaman onlar brokonyer sayılırlar. Onlar tutulduqları halda, böyük miqdarda cərimə ödəməli olurlar.
Ov zamanı təhlükəsizlik tədbirlərinə mütləq əməl olunmalıdır. Bu, əsasən vətandaşın odlu silahla davranmasına aiddir. Odlu silah həm ovçunun özü, həm də digərləri üçün potensial təhlükə mənbəyidir. Məsələn, patronu silaha dolduranda, çıxaranda, silahı saxlayanda, atəş açanda və digər bu kimi hallarda qaydalara mütləq riayət etmək lazımdır.
Nazirlik həmin şəxslərə icazə verməmişdən öncə vətəndaşın bu biliklərə sahib olub-olmadığı yoxlanılır, silahla davrana bilib-bilməməsi müəyyənləşdirilir. Məsələn, yer istiqamətində atəş açmaq qəti qadağandır. Quş yerdə olsa belə, onu vurmaq olmaz. Quş yalnız göyə qalxanda, ona atəş açmaq olar. Ov etmək istəyən insanlar ilk növbədə bu qaydaları, mülki silah haqqında qanunu öyrənməlidir.
Qanunsuz ovla məşğul olanlara qarşı tədbirlər həyata keçirilir. Onlar barədə İnzibati Xətalar Məcəlləsində müvafiq maddələr var. O insanlar tutulduqları halda, saxlanılır, silahı müsadirə edilərək polis orqanlarına təhvil verilir, barələrində ciddi intizam tənbehləri görülür, vurduqları ovun sayı müəyyənləşdirilmiş limiti aşırsa, hətta cinayət məsuliyyətinə cəlb olunurlar. Əgər qanunsuz ovçuluqla məşğul olan şəxsin silahının sənədi yoxdursa, həmin silah dərhal müsadirə olunur, akt tərtib olunur və polis orqanına göndərilir. Hətta bəzən elə hallar olur ki, müfəttişi uzaqdan görəndə silahı atıb qaçırlar. Bu zaman da silah polisə təhvil verilir və polis silahın nömrəsini və kimə məxsus olmasını araşdırır. Bununla da silahın hansısa cinayət işində istifadə olunub-olunmadığı müəyyənləşdirilir".
Qeyd edək ki, Azərbaycan ərazisində 2014-2015-ci illər üçün ov mövsümü mayın 31-dən etibarən açıq elan edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, respublika ərazisində 2014-2015-ci illərin ov mövsümündə vəhşi heyvanların ovlanması müddətləri və normaları müəyyən olunub. Belə ki, təkə 31 may - 18 oktyabr, 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara), Qaban (çöl donuzu) 20 sentyabr - 20 dekabr, 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara), dovşan 15 noyabr 2014-cü il - 9 yanvar 2015-ci il tarixlərində, 2 baş (adambaşına), bataqlıq qunduzu (nutriya) 11 oktyabr 2014-cü il - 21 fevral 2015-ci il tarixlərində (nutriya təsərrüfatı olan təşkilatlara volyerlərdə saxlamaq üçün), çaqqal və yenotun sayının tənzimlənməsi məqsədilə onların ilboyu ovlanmasına icazə verilir.
Vəhşi heyvanların sayının tənzimlənməsi məqsədilə ov edilməsinə qaban (çöl donuzu) - Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki, İsmayıllı, təkə - Zaqatala, Şəki, Qax, Quba, İsmayıllı, Oğuz, dovşan - Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı regionlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında icazə verilir.
Birdəfəlik ov icazəsinin qiyməti isə dovşan 2 manat 20 qəpik, çaqqal 3 manat 96 qəpik, yenot və qunduz 1 manat 65 qəpik, təkə 24 manat 75 qəpik, qaban (çöl donuzu) 16 manat 50 qəpik kimi müəyyən edilib.
Qeyd edək ki, ov üçün icazə Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır. Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ov qadağan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB