Şeyxülislam: “Müsəlman deyilən şəxsi öldürmək kafirlikdir”

Şeyxülislam: “Müsəlman deyilən şəxsi öldürmək kafirlikdir”

"Qardaşın qardaş qan tökməsi haramdır". SİA-nın xəbərinə görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şyexülislam Allahşükür Paşazadə İslamofobiya ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, islamofobiya və müsəlmanlar arasında parçalanma yaratmaq cəhdləri var və bu, göz qabağındadır: "Məsələn, Suriyada hər iki tərəfdən döyüşənlər müsəlmanlardır, hər iki tərəfdəkilər Allahu-Əkbər deyir. Bu vəziyyəti yaradanlar kimlərdir?! Bu durumu məqsədli şəkildə yaradırlar. Dünyada dinlər, dövlətlər, xüsusən müsəlmanlar arasında münaqişə yaradaraq onları zəiflədib, bu ölkələrin, xalqların sərvətlərinə yiyələnmək istəyirlər. Bəzi dövlətlər, müsəlman xalqlar bunu dərk edir, bəziləri isə dərk etmir".

A. Paşazadə bildirib ki, islamda öldürmək yoxdur: "İslamda bir qardaşın qanı digər qardaşa halal deyil. Dünyanın hansı yerində olur-olsun, müsəlman deyilən şəxsi öldürmək kafirlikdir. Bu məsələ o şəxsləri qane edir ki, o şəxslər müsəlman qanına susayıblar. Xüsusən Qərb dövlətləri özləri birbaşa iştirak etməsə də, onların vasitəçiləri bu prosesdə iştirak edir, müsəlmanları bir-birinə qarşı qoymağa çalışırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə