Arxeologiya üzrə nadir kataloq nəşr edilib FOTO

Arxeologiya üzrə nadir kataloq nəşr edilib FOTO

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Tufan Axundovun müəllifi olduğu "Qafqaz sivilizasiyasının başlanğıcında. Azərbaycanın neoliti. Birinci kitab: Şomutəpə" (Т. Ахундов "У истоков Кавказской цивилизации. Неолит Азербайджана. Книга первая: Шомутепе", Bakı, 2013) adlı tədqiqat əsəri rus dilində nəşr edilib.

SİA-nın xəbərinə görə, Şomutəpə neolit məskəni elmi dairələrdə onun ilkin tədqiqatçısı olmuş mərhum arxeoloq, tarix elmləri doktoru İdeal Nərimanovun nəşr edilmiş tədqiqat işlərində yalnız bir neçə nümunə ilə tanınırdı. Tufan Axundovun yeni tədqiqatı isə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji fondunda 50 ildən artıq bir dövr ərzində saxlanılan və Şomutəpə neolit məskənindən aşkar edilən arxeoloji materiallar kolleksiyasını bütün tamlığı ilə elmi dövriyyəyə daxil edir. Müəllifün yazdığına görə, əsərin əsas məqsədlərindən biri Azərbaycan, Qafqaz və dünyanın neolit abidələrini tədqiq edən mütəxəssislər üçün Şomutəpə materialları ilə tanış olmağa, onlar barədə tam müstəqil fikir yürüdülməsinə imkanın yaradılmasıdır.

Tufan Axundov tərəfindən hazırlanan kitabda Azərbaycan arxeoloqlarının uzun illər boyu məskəndə apardığı tədqiqat nəticəsində əldə edilən tapıntılar ilk dəfə olaraq tam təsnif edilib, kataloq şəklində Azərbaycanın, dünya akademik elmi çevrələrinin və geniş oxucu kütləsinin ixtiyarına verilib. Əsərdə Şomutəpədə aparılmış tədqiqatlar barədə qısa məlumat verilib, abidədən toplanan materiallar kateqoriyalar üzrə qruplaşdırılıb və təsnif edilmişdir, hər bir əşyanın rənqli fotosu, bir qisminin isə qrafik rəsmləri əks olunub. Əsər "Qafqaz sivilizasiyasının başlanğıcında. Azərbaycanın neoliti" ümumi başlıq altinda hazırlanan bir neçə kitabın yalnız birincisidir. Hazırda "Qarabağ neolit abidələri. Birinci cild" adlı ikinci kitab çapa hazırlıq mərhələsindədir. Tədqiqat əsəri artıq Azərbaycan və dünya arxeoloqları arasında ciddi marağa səbəb olub.

Qeyd edək ki, T. Axundovun göstərilən əsəri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurası tərəfindən nəşrə tövsiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə