Avtomobilə edilən hansı müdaxilələr ölümə aparır? ARAŞDIRMA

Avtomobilə edilən hansı müdaxilələr ölümə aparır? ARAŞDIRMA

Ölkəmizdə durmadan artan avtomobil sayı peşəkar və qeyri-peşəkar sürücülərin çoxalmasına səbəb olur. Bu isə öz növbəsində qəzaların sayının artmasına gətirib çıxarır. Hamıya məlumdur ki, sürücü məsululiyyətsizliyi səbəbindən kifayət qədər qəzalar baş verir, hər il onlarla insan dünyasını dəyişir.

Bəzi sürücülərin daha çox gözədəyən qaydalarla (nişan, işıqfor, sürət və s.) yanaşı, həm də digər texniki qaydaları pozduqları və bu səbəbdən bir çox qəzaların baş verdiyi məlumdur.

Nəqliyyat vasitələrinin zavod konstruksiyalarına dəyişiklik edən sürücülər bunun müxtəlif qəzalara səbəb ola biləcəyini düşünmürlər. Çünki, VAZ istehsalı olan və digər bu tipli avtomobillərin onsuzda təhlükəsizlik sisteminin zəif olduğunu bilə-bilə (əyləc sistemi, təhlükəsizlik yastıqlarının olmaması və s.) onun istismarı qaydalarını pozmaq hər an özünə, daşıdığı sərnişinlərə və ətrafdakılara ölüm təhlükəsi yaratmaq deməkdir.

Məsələn, nəqliyyat vasitəsinin "peredok"unu bir neçə sm qaldırmaq onun ağırlıq mərkəzini dəyişir ki, bu da qəfil və ya sürətli manevrlər zamanı avtomobilin aşması və digər qəzalarla nəticələnə bilər.

Bəzi "avtoş"lar isə VAZ istehsalı olan avtomobillərdə sükanı bir neçə santimetr aşağı salmağı lazım bilirlər. Digərləri arxa yayların bir neçə qatını kəsərək nəqliyyat vasitəsinin arxasının yerlə sürünməsinin daha "səmərəli" olduğunu düşünürlər. Elələri də var ki, avtomobilə "16"-lıq əvəzinə "18"-lik diski-təkər pərçimləyir. Bu kimi hallar isə avtomobillərin qəza vəziyyətlərində idarəsini çətinləşdirir və qəzalara meyilliliyi artırır. Sözügedən hallarla bağlı mütəxəssis rəyini də öyrəndik:

Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi MMC-nin baş mütəxəssisi Müslüm Alışanov:

- Sürücülər tərəfindən nəqliyyat vasitələrinin istismar qaydalarının pozulması müxtəlif fəsadlar törədir. Bu fəsadlar əsasən avtomobillərin qurğularında müəyyən dəyişikliklərin aparılması, əlavə avadanlıqlardan istifadə edərək görünmə məhdudiyyəti yaradılması və s. kimi hallarda baş verir. Sözügedən hallar İnzibati Xətalar Məcəlləsinin 155-ci maddəsi ilə tənzimlənir.

Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər qəzalara gətirib çıxarır.

Arxa yayların kəsilməsi, qabaq amartizatorların yuxarı qaldırılması avtomobilin ağrılıq mərkəzinin dəyişir. Belə avtomobillərdə sürətindən asılı olaraq dönmələrdə aşma təhlükəsi çox olur.

Nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsi görünmə məhdudiyyətləri yaradır ki, bu da qəzalara səbəb olur.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov:

- Nəqliyyat vasitələrinin konstruksiyasına dəyişiklik etmək, işıq cihazlarına və yaxud sükan idarə etmə mexanizminə müdaxilə etmək texniki cəhətdən avtomobilin fəaliyyətində normativlərin tələblərinin pozulmasıdır.

Avtonəqliyyat vasitələrinin istismar qaydaları pozulmamalıdır. İstehsalçı zavodun təyin etdiyi səs siqnalları olmalıdır, lüzumsuz olaraq yüksək sürətlə hərəkət edilməməlidir, çoxavazlı, yüksək tonlu, musiqi tipli səs siqnallarını avtomobilə quraşdırmaq və onları istifadə etmək yolverilməzdir.

İlin əvvəlindən iyunun 2-dək olan məlumata görə, ümumilikdə 231 mindən çox protokol tərtib olunub. 70 mindən artıq piyada məsuliyyətə cəlb olunub. 3 mindən artıq sərxoş vəziyyətdə avtomobili idarə edən, 3 min 6 yüz işıqforun qırmızı işığında hərəkət edən sürücülərə protokol tərtib olunub.

Sonda sözügedən qanun pozuntularının İnzibati Xətalar Məcəlləsinin 155-ci madddəsi ilə tənzimləndiyini nəzərinizə çatdıraraq, bu maddəni təqdim edirik:

Maddə 155. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması

155.1. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni:

155.1.1. nəqliyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə yerindən tərpətməyə və ya onun hərəkəti zamanı qapıları açmağa;

155.1.2. nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə;

155.1.3. dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına;

155.1.4. hərəkət zamanı sükanı əlindən buraxmağa, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etməyə;

155.1.5. su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılmasına;

155.1.6. nəqliyyat vasitəsinin təkərlərində və ya banında yol örtüyünü zibilləyən palçıq varsa, yaxud onlardan yanacaq-sürtkü materiallarının, kimyəvi maddələrin, tikinti və digər materiallarının axması olarsa, onlarla örtüyü təkmilləşdirilmiş yollarda hərəkət etməyə;

155.1.7. hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına;

155.1.8. küçəni keçən kor piyadanın işarəsi ilə nəqliyyat vasitəsini dayandırmamasına;

155.1.9. yol-nəqliyyat hadisələri nəticəsində və ya nəqliyyat vasitəsinin nasazlığı səbəbindən zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün və ya təbii-fəlakət yerlərinə getmək üçün, yaxud qanunvericilik aktı ilə nəzərdə tutulmuş digər təxirəsalınmaz hallarda yük daşıyan nəqliyyat vasitələrini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşlarına təqdim edilməməsinə;

155.1.10. beynəlxalq yük daşımalarını həyata keçirən yük avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan və ya işləməyən yaxud möhürlənməsi pozulmuş taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini əks etdirən taxoqramları doldurmadan idarə edilməsinə görə - qırx manat miqdarında cərimə edilir.

155.2. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni:

155.2.1. tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına;

155.2.2. normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə;

155.2.3. nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə;

155.2.4. nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə yüz əlli manat miqdarında cərimə edilir

155.2-1. Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - beş yüz manat miqdarında cərimə edilir.

155.2-2. Bu Məcəllənin 155.2-1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə min manat miqdarında cərimə edilir.

155.2-3. Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat miqdarında cərimə edilir.

155.3. Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə altmış manat miqdarında cərimə edilir.

155.4. Bu Məcəllənin 155.1.1-155.1.6, 155.1.8, 155.2.1-155.2.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılır.

155.6. Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə əlli manat miqdarında cərimə edilir.

155.7. Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, habelə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə beş yüz manatdan səkkiz yüz manatadək miqdarda miqdarda cərimə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə