"Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik"
HEYDƏR ƏLİYEV
Ölkəmizdə digər peşə sahələri kimi, su təsərrüfatı və meliorasiya işçilərinin əməyi də çox qiymətli və şərəflidir. Meliorasiya və su təsərrüfatı işçiləri o insanlardır ki, məhz onların əməyi ilə susuz ərazilər su ilə təmin olunur, şorlaşmış sahələr duzlardan təmizlənir, bataqlıqlar qurudulur, bəndlər və dambalar tikilməklə çayların axınları tənzimlənir və ölkə əhalisinin ekoloji cəhətdən təmiz ərzaq məhsulları ilə etibarlı təminatı üçün əlverişli şərait yaradılır. Meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin əhəmiyyətini nəzərə alan Ulu Öndər Heydər Əliyev 1996-cı il iyunun 5-də Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə olaraq "Meliorasiya və irriqasiya haqqında" Qanunu imzaladı.
Möhtərəm Prezidentimiz İlham Əliyevin 24 may 2007-ci il tarixli Sərəncamı ilə 5 İyun Meliorator Günü elan olundu. Dövlət başçımız su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq, 5 iyunun Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü peşə bayramı kimi daha geniş miqyasda qeyd olunması barədə 14 may 2014-cü il tarixli Sərəncam imzaladı. Möhtərəm Prezidentimizin daimi diqqət və qayğının bariz nümunəsi kimi, bu sənədin imzalanması su təsərrüfatı və meliorasiya işçiləri tərəfindən böyük sevinc və minnətdarlıq hissi ilə qarşılandı, onları öz çətin və şərəfli işlərinə daha da həvəsləndirdi. Azərbaycan qədim suvarma əkinçiliyi ölkəsidir. Onun əsas kənd təsərrüfatı bazası sayılan Kür-Araz düzənliyi suvarılan torpaqların istifadə edilməsi baxımından dünyanın ən qədim və nadir regionlarından biridir. Ölkə ərazisi quraq və arid zonada yerləşdiyinə görə burada suvarma aparılmadan, meliorasiya və su təsərrüfatını inkişaf etdirmədən kənd təsərrüfatı məhsullarını yetişdirib yüksək məhsuldarlığa nail olmaq mümkün deyildir. Bunu böyük uzaqgörənliklə qeyd edən və "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik" sözlərini tarixə yazmış müdrik şəxsiyyət, Ulu Öndərimiz Heydər Əliyev bu sahəni daim diqqət mərkəzində saxlamış, onun inkişafına xüsusi əhəmiyyət vermişdir.
Azərbaycanda meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində, lakin onun genişmiqyaslı, intensiv inkişafına Ümummilli Liderimiz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-cu ildən başlanılmışdır. O vaxtdan etibarən ölkənin kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə iqtisadiyyatın bütün sahələrində xüsusi yüksəliş dövrü başlandı. Ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul edildi. Bu qərarlarda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə kompleks meliorasiya proqramları hazırlandı və meliorasiya olunmuş torpaqlarda kənd təsərrüfatı istehsalının sabit şəkildə artırılması üçün mühüm tədbirlər işlənib həyata keçirildi. 1971-1975-ci illərdə ölkədə meliorasiya işlərinə 1966-1970-ci illərdəkinə nisbətən iki dəfədən çox vəsait ayrıldı. Bu müddətdə 23,5 min hektar yeni suvarılan torpaqlar istifadəyə verildi, 156,8 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırıldı, 88 min hektar sahədə torpaqların yuyulması, o cümlədən 48 min hektarda əsaslı yuma, 110,3 min hektar sahədə suvarma şəbəkələrinin yenidən qurulması, 133,2 min hektar sahədə hamarlama işlərinin aparılması təmin olundu, 248,6 min hektar qış otlaq sahələrində su təminatı sistemləri yaradıldı. Bu illər ərzində bir sıra iri irriqasiya və meliorasiya obyektləri, o cümlədən Araz çayı üzərində həcmi 1,35 milyard kubmetr olan Araz su anbarı su- elektrik stansiyası ilə birlikdə, Azərbaycan Respublikası və İran İslam Respublikası ərazilərində 400 min hektar sahəni suvaran Mil-Muğan hidroqovşağı, uzunluğu 37 kilometr, saniyədə 80 kubmetr sərfiyyatı olan Baş Mil Kanalı, ümumi uzunluğu 71 km olan Yuxarı Mil və Yeni Xan qızı kanalları, Naxçıvan MR- də 6 min hektar sahəni suvaran Arpaçay nasos stansiyaları, Naxçıvan suvarma sistemi, Qusar rayonunda Caqar- Cibir magistral kanalı, Şamaxı rayonunda həcmi 3,5 milyon kubmetr olan Zoqolovoçay su anbarı və digərləri tikilib istismara verildi. Həmin dövrdə yerinə yetirilən tikinti işlərinin xarakterik cəhətlərindən biri onların yüksək texniki səviyyədə aparılması idi. 1976-1982-ci illərdə Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində su təsərrüfatı və meliorasiya obyektlərinin tikintisi, torpaq fondunun sağlamlaşdırılması və suvarma-drenaj sistemlərinin yenidən qurulması sahəsində aparılan işlərin miqyası daha da genişləndirildi. Bu illərdə meliorasiya tədbirlərinə yönəldilən vəsaitin miqdarı 1971- 1975- ci illərdəkinə nisbətən 2,4 dəfə artdı, 605 min hektar sahədə suvarma sistemləri yenidən quruldu, 89,6 min hektar yeni suvarılan sahələr istifadəyə verildi, 137 min hektar torpaq meliorativ cəhətdən yaxşılaşdırıldı, 274,4 min hektar sahədə əsaslı hamarlama işləri aparıldı.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı meliorasiya və su təsərrüfatı sahəsini məhv olmaqdan xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona diqqət və dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialından daha səmərəli istifadə yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Ölkənin bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar aqrar sahə ilə paralel olaraq, meliorasiya və su təsərrüfatında da islahatların həyata keçirilməsinə başlanıldı, onların normativ-hüquqi bazası yaradıldı. Bu məqsədlə 40-dan artıq normativ-hüquqi sənəd hazırlandı ki, bunlardan da ən mühümü 1996-cı ildə imzalanmış "Meliorasiya və irriqasiya haqqında" Azərbaycan Respublikasının Qanunudur. Bu qanunla meliorasiya və irriqasiya sahəsində fəaliyyətin əsas istiqamətləri və prinsipləri, meliorasiya və irriqasiya obyektlərinin mülkiyyət hüququ müəyyənləşdirildi. Ulu Öndərin qurub-yaratdığı müstəqil Azərbaycan Respublikası bu gün etibarlı əllərdədir. Prezident kimi fəaliyyət göstərdiyi dövrdə Cənab İlham Əliyev sübuta yetirdi ki, O, Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısıdır. Ölkəmizdə meliorasiya və su təsərrüfatının inkişafına Ümummilli Liderimiz tərəfindən əsası qoyulmuş diqqət və qayğı hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə təsdiq olunub uğurla başa çatdırılan Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları qeyri-neft sahəsi, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafında mühüm rol oynamışdır. Möhtərəm Prezidentimizin 2007-ci il noyabr ayının 8-də Taxtakörpü su anbarının, 2009-cu ilin may ayının 25-də Şəmkirçay su anbarının SES-lə birlikdə təməlqoyma, 2010-cu ilin aprel ayının 29-da Cəlilabad rayonunda tikintisi başa çatdırılmış Göytəpə su anbarının və 15 avqust 2011-ci il tarixində Vəlvələçay-Taxtakörpü kanalının 10,7 kilometrlik birinci mərhələsinin açılış mərasimlərində iştirak etməsi, Taxtakörpü su anbarında tikintinin gedişi ilə tanış olaraq tikinti işlərinin yüksək keyfiyyətlə başa çatdırılması üçün tapşırıq və tövsiyələrini verməsi bunun bariz sübutudur. Dünya Bankının krediti ilə həyata keçirilən "Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə ikinci layihə" çərçivəsində respublikanın 8 rayonunda (Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Masallı, Lerik, Yardımlı, Cəlilabad) içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmişdir. Siyəzən,
Şabran, İsmayıllı və Yardımlı rayon mərkəzlərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatdırılmışdır. Layihə çərçivəsində 283,28 kilometr su xəttləri və 179,2 kilometr uzunluğunda kanalizasiya xətləri çəkilmişdir.
Dövlətimizin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə olan diqqət və dəstəyi ardıcıl davam etməkdədir. Bu il fevralın 5-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyev sahənin qarşısında duran vəzifələrdən danışarkən demişdir: "Meliorasiya layihələri icra edilir. Biz keçən il Taxtakörpü su anbarının açılışını qeyd etdik. Güman edirəm ki, biz bu ilin sonuna qədər Şəmkirçay Su Anbarının açılışını qeyd edəcəyik. Beləliklə, iki nəhəng meliorasiya layihəsi başa çatacaq və biz bundan sonra yeni suvarılacaq torpaqlarda hansı işlərin görülməsi haqqında düşünməliyik".
Azərbaycan Respublikası Prezidentinin Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda meliorasiya ilə bağlı gələcəkdə xüsusi proqramın qəbul edilməsinin vacibliyi barədə verdiyi tapşırığın icrası olaraq, sahənin gələcək inkişafının təmin edilməsi məqsədi ilə Səhmdar Cəmiyyəti tərəfindən "Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatının 2014-2020-ci illərdə inkişafına dair Proqram" hazırlanmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir.
Möhtərəm Prezidentimizin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları və tədbirlər planlarında meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulmuşdur. Hazırda "2008- 2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda, eləcə də digər proqramlarda icrası Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə aid olan tədbirlərin bir hissəsi artıq yerinə yetirilmiş, digərləri də müvəffəqiyyətlə həyata keçirilməkdədir. Səhmdar Cəmiyyəti "Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial- iqtisadi inkişafı üzrə Dövlət Proqramı" üzrə də meliorasiya və su təsərrüfatı sahəsində görüləcək işlərə və tələb olunan vəsaitə dair təkliflərini aidiyyəti üzrə təqdim etmişdir. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində respublikamızda torpaqların su təminatına və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təmin edilməsinə, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə imkan yaranacaqdır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, onun çoxminli kollektivi dövlətimzin diqqət və qayğısına cavab olaraq əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq istiqamətində olan ardıcıl tədbirləri davam etdirəcək, mövcud meliorasiya və irriqasiya sistemlərinin tikintisi, qorunub saxlanılması, onların lazımi səviyyədə istismarının həyata keçirilməsi, təmir- bərpa işlərinin təşkili sahəsində qarşılarında qoyulmuş vəzifələri tam məsuliyyəti ilə dərk edərək, onların vaxtında və layiqincə yerinə yetirilməsində daha səylə çalışacaq və bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB