ÖLÜM YAXINLAŞIR DİQQƏT!

Məlum olduğu kimi, insan səhhəti ilə bağlı bəşəriyyətin ən böyük problemlərindən biri siqaretdir. Bu istiqamətdə bir çox məlumat xarakterli yazılar olsa da, cəmiyyətdə hələ də maarifləndirmə işlərinə ehtiyac olduğunu nəzərə alaraq, yenidən bu mövzuya qayıtdıq.

Belə ki, mütəxəssislərin də göstərdiyi kimi, siqaretin istifadəsi qanunlara qarşı olmasa da, bu, az dozada narkotika sayılır və insan bədənində asılılıq yaradır. Ancaq digər narkotik vasitələrdən fərqli olaraq, iradəli insanlar siqaretdən bidəfəlik qurtula bilirlər.

Qeyd edək ki, siqaretin dumanında nikotin, qətran və digər zərərli qazlar var. Qətranın tərkibində isə 4000-ə qədər kimyəvi maddə mövcuddur. Bunlardan da çoxu toksiki, yəni zəhərlidir və məlum olub ki, 43 maddə xərçəngə yol açır.

Siqaret dumanında ən çox rast gəlinən maddə karbon mono-oksiddir. Karbon mono-oksid xüsusilə qanda oksigen daşınmasını azaldır. Nikotin isə asılılıq yaradır.

Nikotin yüksək dozada qəbul olunduqda insanı öldürə bilər. O, qan təyziqini və ürək döyüntülərini artırır, karbon mono-oksidlə birlikdə ürək-damar xəstəliklərinə yol açır.

"Siqaret çəkmək ölüm riski yaradır"

Siqaretin fəsadları və ondan qurtulma yolları ilə bağlı Səhiyyə Nazirliyinin "Sağlam həyat tərzi" proqramının milli koordinatoru, Kardiologiya İnstitutunun elm üzrə direktor müavini Azad Hacıyevlə əlaqə saxladıq:

- Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyənləşdirilən insanlarda ölüm riski yaradan əsas 8 xəstəlik var. Bu 8 xəstəliyin 6-sı sırf siqaret çəkməkdən yaranan xəstəlikdir. Bu, əsas sübutdur ki, siqaret çəkmək ölüm riski yaradır.

Siqaretin tərkibində olan nikotin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən narkotik maddə kimi qəbul olunur. Bu, artıq təsdiq olunub. Hər gün siqaret çəkən insan yüngül narkomandır. Asılılıq olsa da, iradəsini toplaya bilən insanlar siqaret çəkməyi dayandıra bilirlər.

Tüstü əsasən haradan keçirsə, ilk sıradan çıxan orqanlar da onlar olur. Məsələn, ağız boşluğu, tənəffüz yolları, mədə və s. Ancaq insan bədəninində elə bir daxili orqan, elə bir sistem yoxdur ki, siqaretin təsiri altına düşməsin. Damar sistemləri sıradan çıxır, hətta uzun müddət - 10 ildən çox siqaret çəkən insanların ayaqlarında da xəstəliklər əmələ gəlir və ayaqları kəsiləcək dərəcəyə çatır.

Şəkər xəstələrində isə zədələnmiş damarları siqaret daha da zədələyir və damarlara ikitərəfli mənfi təsir olur, daha tez və pataloji dəyişikliklər gedir.

Əsas qorxu isə cavan insanlar üçündür. Çünki 40-50 yaşdan sonra çox az insan siqaret çəkməyə başlayır. Ona görə, siqaretin təhlükələri barədə məlumatlar əsasən, şagirdlər, tələbələr və bu yaşlarda olan insanlar arasında yayılmalıdır.

Müxtəlif proqramlarda seçilmiş kontingent arasında sorğudan məlum olub ki, ölkəmizdə 40-60 faiz kişlər, 10 faizə qədər qadınlar siqaret çəkirlər. Qadınlar əsasən düzgün cavab vermədiklərinə görə,bu rəqəm təxminən müəyyənləşdirilib.

Siqareti tərgitməyin müxtəlif yolları var. Müxtəlif saqqız formalarında nikotin tərkibi olan vasitələr, dərinin üstünə yapışdırılan nikotin tərkibli leykoplastrlar, gipnozlar, elektron siqaretlərin köməyi ilə bu zərərli vərdişi azaltmaq və tərgitmək olar. Onların tərkibində ona görə az miqdarda nikotin var ki, asılılıq olmasın və siqareti çəkmək dayandırılsın. Bunlar individual olaraq müəyyənləşdirilir. İradəsi möhkəm elə insanlar var ki, bir gündə siqareti tərgidə bilir. Ancaq elələri var ki, onlar üçün çətin olur və bu üsullardan istifadə edilir.

Bu barədə kitab da var. Rus və ingilis dillərində olan bu kitab Azərbaycan dilinə tərcümə olunub. Bir çox insanlar bu kitabı oxuyub bitirənə qədər siqareti çəkməmək qərarına gəlir.

Mütəxəssislər müəyyənləşdirib ki, siqaretin hüceyrə səviyyəsində izləri 6 ilə qədər qalır. Ancaq təxminən 6 aya tənəffüs sistemi, tənginəfəslilik, öskürək və s. bərpa olunur. Bu zaman insanlar idmanla məşğul olmalıdır.

Onu da qeyd edək ki, ölkəmizdə siqaretin fəsadları barədə bir çox maarifləndirici işlər aparılır. Artıq hər gün daha da inkişaf edən ölkəmizdə gənclərin daha çox elmə, savada meyl göstərməsi, gənc nəslin hər bir davranışına elmi tərəfdən baxması siqaret kimi insan həyatına təhlükə yaradan vasitələrdən imtinasına gətirib çıxarır.

Bir sözlə, siqaretin insan həyatı üçün heç bir xeyirli təsiri yoxdur. Əksinə hər çəkilən siqaret insan ömrünü qısaldır.

Bütün xəbərlər Facebook səhifəmizdə