Polşanın ilk təyyarəçi-kosmonavtı BSU-da olub

Polşanın ilk təyyarəçi-kosmonavtı BSU-da olub

İyunun 2-də Polşanın ilk təyyarəçi-kosmonavtı Miroslav Hermaşevski Bakı Slavyan Universitetinin (BSU) qonağı olmuşdur. BSU-nun mətbuat xidmətindən SİA-ya bildirmişlər ki, polşalı qonaq fəaliyyət universitetdə göstərən Polyak Dili və Mədəniyyəti Mərkəzi, polşaşünas tələbələrin Azərbaycan və polyak dillərinə tərcümə etdikləri kitablarla tanış olmuşdur.

Universitetin müəllim və tələbələrinin iştirakı ilə keçirilən görüşdə BSU-nun rektoru professor Asif Hacıyev rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında qonağa geniş məlumat vermişdir. Rektor Polşa ali məktəbləri ilə BSU arasında əlaqələrdən, burada fəaliyyət göstərən Polyak Dili və Mədəniyyəti Mərkəzindən, Polyak dili Bazar Günü Məktəbindən danışmışdır. A.Hacıyev bildirmişdir ki, Polşa ilə geniş əlaqələrimiz vardır və bu əməkdaşlığın əsası BSU-nun yaradıldığı gündən qoyulmuşdur.

Azərbaycana Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov tərəfindən dəvət edilmiş kosmonavt Miroslav Hermaşevskinin həyatına həsr olunmuş və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəzdindəki Tərcümə Laboratoriyasında dilimizə tərcümə edilmiş "Çəkisizliyin yükü" kitabının təqdimatının keçiriləcəyi bildirilmişdir.

Azərbaycana ilk dəfə gəldiyini söyləyən polşalı kosmonavt ölkəmizə heyran olduğunu, BSU haqqında hələ Polşada olarkən müəyyən məlumat topladığını vurğulamışdır. M.Hermaşevski düşündüyündən daha səmimi qarşılandığını, BSU-da azərbaycanlı gənclərin polyak dilini öyrənmələrindən razılığını bildirmişdir.

Tədbir iştirakçılarına öz həyatından danışan qonaq kosmonavt olmağı uşaqlıqdan arzuladığını, bu arzusuna çətin hazırlıq mərhələsindən sonra 1978-ci il iyunun 27-də çatdığını, "Soyuz-6" kosmik gəmisində göyləri fəth etdiyini söyləmişdir.

Sonda kosmonavtın həyatına həsr edilmiş "Çəkisizliyin yükü" kitabının təqdimatına dair film nümayiş olunmuşdur.

M.Hermaşevski müəllim və tələbələrin suallarını cavablandırmış, kitablarını xatirə imzası ilə görüş iştirakçılarına hədiyyə etmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə