Azərbaycan Gənclərinin VII Forumu öz işinə başlayıb (YENİLƏNİB) FOTO

Azərbaycan Gənclərinin VII Forumu öz işinə başlayıb (YENİLƏNİB) FOTO

Bu gün Azərbaycan Gənclərinin VII Forumu öz işinə başlayıb. SİA-nın məlumatına görə Forum Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi" 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq yarımbəndinin icrasının təmin edilməsi məqsədi həyata keçirilib.

Tədbir Azərbaycan Respublikasının himni ilə açıq elan edilib.

Forumda Prezident Administrasiyasının rəsmiləri, millət vəkilləri, QHT və Gənclər Təşkilatlarının rəhbərləri, dövlət rəsmiləri, mərkəzi strukturların rəhbərləri, beynəlxalq humanitar təşkilatların nümayəndələri, Respublikanın ayrı-ayrı yerlərindən olan gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, Foruma 1783 nümayəndə heyəti qatılıb, hazırda onlardan 1739-u iştirak edir. 44-ü isə müəyyən səbəblərdən Foruma qatıla bilməyiblər.

Tədbirdə Azərbaycan gənclər siyasəti ilə bağlı videoçarx nümayiş edilib.

Prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubu səslənib. Məktubu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə oxuyub.

Forumda çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkədə həyata keçirilən gənclər siyasətindən söz açıb. O, həmçinin VI gənclər forumundan sonrakı müddətdə həyata keçirilən işlər haqqında məlumat verib: "XXI əsr bütün hadisələrin, prioritetlərin və beynəlxalq vəziyyətin böyük sürətlə dəyişməsi ilə seçilir. Lakin hazırda Prezident İlham Əliyev tərəfindən aparılan gənclər siyasəti bu çağırışlara adekvat və deyərdim ki, qabaqlayıcı cavab verir".

Çıxışın sonunda nazir forum iştirakçılarına uğurlar arzu edib.

Tədbirin davamında söz alan Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin (YAP GB) sədri Seymur Orucov Forum iştirakçılarını salamlayaraq YAP GB adından gəncləri təbrik edib.

O bildirib ki, hər bir xalq gələcəyə olan inamını gənclərə bağlayır: "Yeni Azərbaycan Partiyası ölkəmizdə ən böyük siyasi partiyadır və onun da 600 min üzvündən 250 mindən çoxunu gənclər təşkil edir".

YAP GB tərəfindən görülən işlərdən danışan S. Orucov vurğulayıb ki, təşkilat dövlətimizin, ölkə başçısının apardığı siyasəti gənclər arasında təbliğinə böyük diqqət ayırır: "Biz bir çox layihələr həyata keçiririk. Onlardan ən böyüyü, geniş miqyaslısı Yay və Qış məktəbləri layihəsidir. 2007-ci ildən Azərbaycanda ilk dəfə olaraq başlanan bu layihə 50 nəfərlə başlamışdısa, son illər partiya rəhbərliyinin diqqət və qayğısı nəticəsində 600-ə qədər gənci əhatə edir".

S. Orucov həmçinin bildirib ki, bu gün Azərbaycan gəncliyi prezident İlham Əliyevə güvənir və hər zaman Prezident İlham Əliyevlədir. Onun sözlərinə görə, Azərbaycan gəncliyinin gələcəyinin qarantı məhz Prezident İlham Əliyevdir.

Açılış mərasimi məruzələrlə davam edib.

Xatırladaq ki, Forumun açılış mərasimindən sonra gənclər 5 seksiya üzrə işlərini davam etdirəcəklər. Seksiyalarda gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi, gənclərin ictimai həyatda iştirakı və beynəlxalq əməkdaşlığı, müasir gənclərin təhsil və elmin inkişafında yeri və rolu, gənclərin sosial inkişafı və sahibkarlıq, yaradıcı gənclərə dəstək və ölkənin innovativ potensialı istiqamətində müzakirələr aparılacaq.

Həmçinin son forumdan keçən 3 il ərzində görülən işlər barədə hesabat veriləcək, qarşıda duran vəzifələr və Azərbaycan gəncliyinin aktual problemləri müzakirə olunacaq.

Forumun sonunda qətnamə və forum iştirakçılarının Azərbaycan gənclərinə müraciəti qəbul olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə