Gənc alimlərə ilk dəfə “Akademik Əli Quliyev adına mükafat” verilib

Gənc alimlərə ilk dəfə “Akademik Əli Quliyev adına mükafat” verilib

Bu gün AMEA akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) gənc alim və mütəxəssislərin mükafatlandırlması mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Vaqif Fərzəliyev institutda çalışan gənc alim və mütəxəssisləri daha yüksək səviyyəli elmi tədqiqatlar aparmağa təşviq etmək məqsədilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi münasibətilə institutda çalışan gənc doktorant, disertant və magistrlər arasında keçirilən "Ən yaxşı elmi məruzə" müsabiqəsi qaliblərinin müəyyənləşdirildiyini diqqətə çatdırıb.

İnstitutun adını daşıyan Azərbaycanın görkəmli kimyaçı alimi akademik Əli Quliyevin xatirəsini əbədiləşdirmək məqsədilə "Akademik Əli Quliyev adına mükafat"ın təsis edildiyini söyləyən V. Fərzəliyev bildirib ki, bu mükafata yüksək elmi nəticələr göstərən gənc alimlər layiq görülə bilər. Onun sözlərinə görə, namizədlərin seçimi zamanı nüfuzlu (yüksək impakt-faktorlu) jurnallarda məqalələrinin dərci, beynəlxalq konfranslarda məruzə ilə çıxışlar, alınan patentlər, elmi əsərlərə olan istinadlar kimi göstəricilər nəzərə alınıb.

Tədbirdə çıxış edən AMEA Gənc alim və mütəxəssislər şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov təmsil etdiyi qurumdan gənclərin elmə cəlb olunması istiqamətində müxtəlif tədbirlərin həyata keçirildiyini bildirdi. O, ilk dəfə olaraq regionlarda elmin təbliği layihəsinə start verildiyini, bir sıra nəticələrin əldə olunduğunu söylədi. Gənc alim və mütəxəssislər arasında müsabiqələrin keçirilməsi və istedadlı gənclərə mükafatların verilməsini ən mühüm tədbirlərdən biri kimi dəyərləndirib.

"Ən yaxşı elmi məruzə" müsabiqəsi haqqında məlumat verən institutun Gənc alim və mütəxəssislər şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayevtəqdim olunan məruzələrin müsabiqədə iştirak edənlərin elmi-tədqiqat mövzularına və ya fəaliyyət göstərdikləri laboratoriyanın illik fəaliyyət planına daxil olan aktual problemlərə həsr olunduğunu vurğulayıb.

Sonra qaliblərin mükafatlandırılma mərasimi keçirildi. "Ən yaxşı elmi məruzə" müsabiqəsinin nəticələrinə əsasən I, II, III yerlərə və həvəsləndirici mükafata layiq görülən institutun doktorantları Günel Məhərrəmova, Nəzər Nəzərov, Aysel Rəhimova və Şəhanə Əzimovaya diplomlar təqdim olunub.

Həmçinin Ə.Sucayev və Səbiyyə Osmanova "Akademik Əli Quliyev adına mükafat"a layiq görülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə