1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günüdür

Azərbaycanda uşaqların sosial müdafiəsi daim diqqət mərkəzindədir
1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günüdür

Hər il dünyanın əksər ölkələrində iyunun 1-i Uşaqları Beynəlxalq Müdafiə Günü kimi geniş qeyd edilir. Sivil dünyanın bir parçası olan Azərbaycanda da bu əlamətdar gün əsl ümumxalq bayramı kimi, rəngarəng tədbirlərlə qeyd edilməklə, dövlətimizin uşaqlarla bağlı məqsədyönlü siyasətinin əsl təntənəsinə çevrilir.

Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət uşaqlara, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara dövlət qayğısının ildən-ilə artırılmasına səbəb olmuşdur. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan olunması bu istiqamətdə işlərin daha geniş vüsət almasına şərait yaratmışdır.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ailə başçısını itirmiş 39 min 342 nəfər uşağa və 63 min 94 nəfər sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa aylıq sosial müavinət ödənilir. Həmçinin respublikamızda ünvanlı dövlət sosial yardımı alan ailələrin 38 min 287-si tərkibində 3 və daha çox uşağı olan ailələrdir. Ünvanlı yardım alan ailələrdə 18 yaşadək ailə üzvlərinin sayı isə 285 min 872 nəfərdir. Müvafiq qanunvericiliyə əsasən, ünvanlı yardım təyin olunmuş ailələrdə 1 yaşadək uşaqların hər birinə görə ailəyə əlavə olaraq ayda 45 manat müavinət də verilir.

Prezident İlham Əliyevin "Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında" 27 dekabr 2013-cü il tarixli Fərmanına əsasən, beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə 2014-cü il yanvarın 1-dən ayda 30 manat müavinətin ödənilməsinə başlanılmışdır. Bu il mayın 1-nə olan məlumata əsasən beşdən çox uşağı olan qadınların uşaqlarının ümumi sayı 5 min 300 nəfərdən çoxdur.

Sağlamlıq imkanları məhdud uşaqların dövlət himayəsində yaşadığı Şağandakı 3 nömrəli və Saray qəsəbəsindəki 7 nömrəli internat evləri Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində yenidən qurulmuşdur. Müasir tələblərə uyğun şəraitin yaradıldığı bu müəssisələr uşaqların lazımi tibbi və reabilitasiya xidmətləri ilə təmin olunması üçün tam təchiz edilmişdir.

Hazırda ƏƏSMN-in tabeliyində olmaqla Bakı və Naxçıvan şəhərlərində sağlamlıq imkanları məhdud uşaqlar üçün uşaq bərpa mərkəzləri fəaliyyət göstərir. Bununla bərabər, əlilliyi olan şəxslərlə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların xaricdə bərpa-müalicəsinin təşkili, onların yaradıcılıq imkanlarının dəstəklənməsi istiqamətində ƏƏSMN tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.

Azərbaycan Prezidentinin "Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında" 2013-cü il tarixli 9 yanvar Sərəncamı bu qəbildən olan uşaqlara diqqət və qayğının növbəti təzahürü olmuşdur. Sərəncama əsasən, ƏƏSMN-in sifarişləri əsasında vətəndaş cəmiyyətləri tərəfindən 2 min 500 nəfərdən artıq uşağa və onların ailələrinə müxtəlif növ sosial xidmətlər göstərilir. Eyni zamanda, hazırda ƏƏSMN-in sifarişi ilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya mərkəzi və sosial sığınacaq inşa olunur. Bu müəssisə çətin həyat şəraitində və risk qrupuna daxil olan uşaqları yaşayış şəraiti ilə təmin etməklə yanaşı, onların tibbi-psixoloji və sosial reabilitasiyası, uşaqlara nəzarətsizliyin profilaktikası və s. istiqamətlərdə müvafiq tədbirlər həyata keçirəcəkdir.

Beynəlxalq Əmək Təşkilatının ölkəmiz tərəfindən ratifikasiya edilmiş bir sıra konvensiyalarına uyğun olaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsində uşaqların işə qəbulu üçün minimum yaş həddi 15 yaş, həmçinin yaşı 18-dən az olan işçilərin əməyindən istifadə olunmasının xüsusiyyətləri, onlar üçün müvafiq təminatlar nəzərdə tutulmuşdur. Əmək fəaliyyəti üçün minimum yaşdan aşağı yaşda olan uşaqların hər hansı ödənişli işlərə cəlb olunmasına, əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə uşağın onu fiziki, əqli və mənəvi baxımdan təhlükə altına qoyan əməyə cəlb olunmasına, ümumən uşaq əməyinin ən pis formalarına qarşı Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən məqsədyönlü tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə