Diasporla İş üzrə Dövlət Komitəsinin Almaniyada səfərdə olan nümayəndə heyəti bu ölkədəki diaspor təşkilatlarının rəhbərləri ilə toplantı keçirib. Komitədən SİA-ya verilən xəbərə görə, Frankfurt şəhərində baş tutan görüşdə diaspor təşkilatının rəhbərləri və diaspor fəallarından Samira Patzer-İsmayılova, Başar Kömür, Etibar Qəniyev, Ağahüseyn Babayev, Təranə Tağıyeva, Tofiq Qarayev, Elnur Rixter və digəriləri iştirak edib.
Toplantıda 2014-cü ildə görülmüş işlərə dair qısa hesabat dinlənilib, bu ilin növbəti yarım ili, həmçinin, 2015-ci il üçün qarşıda duran vəzifələr, eləcə də problemlər müzakirə edilib, təkliflər irəli sürülüb.
Görüşdə əsas diqqət erməni diasporunun qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı Avropa ölkələrindəki fəaliyyətinə qarşı mübarizənin aparılmasına və Avropada yaşayan azərbaycanlıların ictimai-siyasi həyatda iştirakının təmin olunması sahəsindəki problemlərə ayrılıb. Toplantıda həmçinin, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya oyunları zamanı Azərbaycanın beynəlxalq aləmdə turizm potensialının, iqtisadiyyatının və zəngin mədəni irsinin təbliği məqsədilə Avropada fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən müxtəlif kampaniyaların təşkili ilə bağlı da geniş fikir mübadiləsi aparılıb.
Dövlət Komitəsinin şöbə müdiri İlham Məmmədov bildirib ki, qondarma erməni soyqırımının 100 illiyi və 2015-ci il I Avropa Oyunları ilə bağlı gələn il Azərbaycan diaspor təşkilatlarının üzərinə böyük vəzifə düşür: "Qondarma erməni soyqırımı ilə bağlı erməni diasporunun təbliğatına qarşı Azərbaycan diaspor təşkilatları əks tədbirlər keçirməli, eyni zamanda Azərbaycanı sevməyən qüvvələrin I Avropa Oyunları zamanı ölkəmizə qarşı gözlənilən qara piar kampaniyasının qarşısını almalıdırlar".
Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov isə 2015-ci il qondarma erməni soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan və Türkiyənin birgə fəaliyyətinin vacibliyindən danışıb. O deyib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində dörd ölkənin (Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan) daxil olduğu Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının regional koordinasiya mərkəzləri yaradılır. Yaxın günlərdə Almaniya və Ukraynada, daha sonra isə Fransa, ABŞ da daxil olmaqla 8 ölkədə bu mərkəzlərin yaradılması nəzərdə tutulub.
Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samirə Patzer-İsmayılova bəzi Avropa ölkələrində Azərbaycana qarşı ikili standartın müşahidə olunduğunu bildirib. Diaspor fəalı bunun qarşısını almaq üçün Azərbaycan diaspor təşkilatlarının akademik fəaliyyətini gücləndirməsinin vacib olduğunu deyib. Onun fikrincə, diaspor təşkilatları öz işini elə qurmalıdır ki, alman cəmiyyəti Azərbaycan haqqında düzgün informasiya ala bilsin.
Mayns-Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür Azərbaycan diaspor təşkilatlarının siyasi partiyalarda iştirakını vacib sayıb və təşkilatları bu istiqamətdə aktiv iş görməyə çağırıb.
Tədbirdə çıxış edən Alman-Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin sədri Rasim Sadıqov isə almanların Azərbaycana köçürülməsinin 195 illiyi ilə əlaqədar hər iki ölkənin üç şəhərində hər iki millətin təmsilçilərinin iştitakı ilə mədəni kütləvi tədbirlər keçirməklə bu tarixi geniş qeyd etməyi təklif edib. Rasim Sadıqov hesab edir ki, bu tədbirlər xalqlar və ölkələr arasında münasibətləri möhkəmləndirməkdə səmərəli ola bilər.
Toplantıda çıxış edən Alman-Azərbaycan Gənclər Birliyinin sədri Elnur Rixter azərbaycanlı gənclərin diaspor fəaliyyətindən və onların qarşılaşdığı problemlərdən, Almaniyada Xəzər Cəmiyyətinin sədri Etibar Qəniyev isə əsasən yerli media ilə əlaqləlrin gücləndirilıməsinin vacibliyindən danışıb. Diaspora fəalı Kəmalə İsgəndərova isə şagird mübadiləsinin reallaşdırılmasını təklif edib. O deyib ki, Frankfurtda - çalışdığı beynəlmiləl məktəbin şagird və müəllimlərdən ibarət bir qrupun Azərbaycana iki-üç həftəlik səfərinin təşkili ölkəmizin təbliği baxımından faydalı və əhəmiyyətli ola bilər. Kəmalə İsgəndərova bu layihənin həyata keçirilməsində iş adamlarını da maliyyə dəstəyi göstərməyə çağırıb.
Almaniyadakı diaspor fəallarının problemlərini, gələcək fəaliyyətlə bağlı rəy və təkliflərini diqqətlə dinləyən Dövlət Komitəsinin rəhbər nümayəndələri toplantıda səslənən bütün məsələlərin diqqətdə saxlanılacağını, Dövlət Komitəsinin səlahiyyətində olmayan problemlərlə bağlı isə ən qısa zamanda müvafiq qurumlara müraciət ediləcəyini bildiriblər. Həmçinin qərara alınıb ki, Almaniyadakı Azərbaycan diasporunu narahat edən bütün məsələlərin birbaşa olaraq aidiyyatı qurumlara çatıdırılması üçün yaxın günlərdə həmin nazirliklərin nümayəndələrinin də iştirakı ilə onlayn müzakirələr təşkil edilsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB