Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən "Unudulmaqda olan dəyərlərimiz" layihəsinə yekun vurulub. SİA-nın xəbərinə görə, bununla bağlı keçirilən tədbirdə layihənin məqsəd və mahiyyəti haqqında məlumat verilib. Qeyd olunub ki, müasir, qloballaşan dünyada hər bir xalqın və ya ölkənin gəncliyi zamana ayaq uydurmaq təlaşında ikən, bir çox hallarda öz kökündən, milli-mənəvi dəyərlərindən qopduğunun fərqinə belə varmır. Bu söylənilənləri Azərbaycan gəncliyinə də aid etmək olar. "Unudulmaqda olan dəyərlərimiz" layihəsinin əsas məqsədi də unudulmaqda olan milli adət-ənənələrimizin gənc nəslə aşılanması və onların qorunmasında gənclərin fəallığının artırılmasıdır. Layihə çərçivəsində təşkil edilən tədbirlərdə milli-mənəvi dəyərlərimiz, unudulmuş deyə biləcəyimiz adət-ənənələrimizdən, mənəvi yaddaşımızın bərpası yönündə görülə biləcək işlərdən, habelə dəyərlərimizin qorunmasında yeni nəslin, ümumən vətəndaşlarımızın üzərinə düşən vəzifələrdən bəhs olunub.
Layihə çərçivəsində keçirilən tədbirlərdə, hazırlanan televiziya proqramlarında Azərbaycanın milli-mənəvi mədəniyyəti haqqında geniş təsəvvür yaradılıb. Toy və yas adətlərimiz, bayramlarımız, milli idman növlərimiz, oyunlarımız, mətbəximiz, geyim mədəniyyətimiz, musiqimiz, xalq mahnılarımız, musiqi alətlərimiz haqqında gənclərə, o cümlədən ictimaiyyətə geniş bilgilər verilib.
Tədbirdə çıxış edən ilahiyyatçı Seyidağa Abbasov bildirib ki, hər bir millətin varlığını sürdürməsində gəncliyin həm rolu olduqca önəmlidir, eyni zamanda üzərinə böyük vəzifə düşür. Qloballaşan dünyada çağdaş gəncliyimizə milli-mənəvi dəyərlər sistemimizi təbliğ etmək sahəsində bu kimi layihələrin önəmi böyükdür. İlahiyyatçı-alim onu da diqqətə çatdırıb ki, əgər yetişməkdə olan gənc nəslə bu gün milli-mənəvi dəyərlərimizi təbliğ etməsək, sabah gec olacaq. Qədim tarixə, zəngin gələnəklərə, böyük mədəniyyətə malik olduğumuzu unutmamalıyıq.
Tədbirdə gəncləri maraqlandıran suallar ətraflı cavablandırılıb, eyni zamanda layihə çərçivəsində hazırlanan bukletlər paylanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB