Yanlış həyat tərzi sürən gəncləri cəmiyyətə qazandırmaq üçün nə etməliyik? ARAŞDIRMA

Yanlış həyat tərzi sürən gəncləri cəmiyyətə qazandırmaq üçün nə etməliyik? ARAŞDIRMA

Ölkəmizdə bir çox dövlət qurumları və qeyri-hökumət təşkilatları gənclərin maarfilənməsi, asudə vaxtının səmərəli təşkili, mənalı və sağlam həyat tərzi keçirmələri üçün daimi olaraq layihələr həyata keçirir, müntəzəm işlər görürlər. Ölkəmizdə yüksək mədəni və mənəvi dəyərlər, multikulturalizm, bədən tərbiyəsi və idmanın sürətli inkişaf etdirilməsi Azərbaycan gənclərinin həyat tərzinə müsbət təsirsiz ötüşə bilməz. Gənclərin yüksək həyat tərzi keçirməsi, şəxsiyyət kimi formalaşması isə cəmiyyət, xalq, dövlət üçün önəmlidir. Azərbaycan gəncliyinin böyük əksəriyyəti elmə, biliyə maraq göstərir, müxtəlif ictimai-sosial layihələrdə fəal iştirak edir, ölkənin ictimai-sosial-siyasi həyatında mühüm rol oynayır. Bu da ölkəmizin gələcəkdə əmin əllərdə olacağından xəbər verir.

Bütün müsbət cəhdlərə baxmayaraq, bütün ölkələrdə olduğu kimi, bizim cəmiyyətdə də bir qrup gənclərin həyat tərzini düzgün seçmədikləri məlumdur. Belə ki, bu gənclər gecə həyatı yaşayır, daima gecə klublarında olur, günlərini müxtəlif əyləncə obeyklərində, çay evlərində və bu kimi yerlərdə keçirirlər. Bu cür həyat tərzi isə onaların nə özünə, nə də ətrafındakılara heç bir xeyir vermir. Əksinə, həmin gənclərin sağlamlığına ziyan dəyir (Siqaret, qəlyan və s. kimi pis vərdişlər), onlar həyatda mövqe tutmağa gecikir, ümumiyyətlə şəxsiyyət kimi formalaşa bilmirlər.

Onları bu həyat tərzindən çəkindirərək, doğru yola yönləndirmək üçün çıxış yolları və görülən işlər barədə məlumat toplamaq məqsədilə, bu sahədə fəaliyyət göstərən dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının rəhbərlərinin fikirlərini öyrəndik...

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov

- Həyatda hər gəncin yolu fərqlidir. Gənclər, elə gənc yaşlarında maariflənməlidir. Maariflənmə ilk növbədə ailədən başlayır. Hər kəs müəyyən yaş dövrünə çatanda öyrəndiklərinin nə dərəcədə faydalı olacağını gənc yaşından düşünməldir. Sayı çox olmasa da, təəssüf ki, elə gənclər var ki, bugünkü yaşına görə düz istiqamət seçməyiblər. Mətbuatın, ailə tərbiyəsinin, cəmiyyət qınağının və ətrafında olan daha kamil, daha təcrübəli gənclərin onlara müəyyən təsiri olmalıdır ki, gələcəkdə səhv qərar verdikləri üçün təəsüflənməsinlər.

Bu mövzuda həmin gənclərin oturduqları çay evləri və bu tipli ictimaiyyət üçün açıq olan məkanların rəhbərlərindən asılı olan məqamlar da var. Sözügedən məkanların rəhbərliyi yalnız pul qazancının deyil, obyektin fəaliyyət prinsipinin cəmiyyət arasında faydalılığının artırılmasında da maraqlı olmalıdır. Yəni, gənclər asudə vaxtlarında belə nədənsə faydalanmalıdırlar. Bunun üçün də onlara asudə vaxtlarını keçirdikləri əyləncə obyektlərində şərait yaradılmalıdır. İnsanlar dincəlməklə yanaşı, eyni zamanda maariflənə də bilərlər. Məsələn, əgər gənclər belə obyktlərdə dincələn zaman hansısa sosial məsuliyyət əhəmiyyətli sujetə baxırsa, bu, onlarda zamanla müəyyən fikrin aşılanmasında ciddi kömək ola bilər. Məhz buna görə də, obyekt sahibkarları bu məsələlərə ciddi nəzarət etməlidir.

Bu gün Azərbaycan gənci birmənalı olaraq dərk etməlidir ki, gənclər arasında sağlam rəqbətliliyə davamiyyətin güclü olması üçün hər gündən maksimal dərəcədə düzgün istifadə edilməlidir. Belə olan halda o daha tez iş tapacaq, daha tez ailə qura biləcək, daha tez cəmiyyətə fayda verə biləcəyi peşədən yararlanacaq və cəmiyyət də ondan faydalanacaq.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov

- Yeni Azərbaycan Partiyası Gənclər Birliyi (YAP GB), bir çox ictimai təşkilatlar, həmkarlar təşkilatları, qeyri-hökümət gənclər təşkilatları mütamadi olaraq gənclərin asudə vaxtlarının səmərəli təşkili, cəmiyyətə yararlı, faydalı olmaları, ictimailəşmələri, sosiallaşmaları ilə bağlı müxtəlif layihələr həyata keçirirlər. Bunlar arasında ən çox müxtəlifyönlü layihələr həyata keçirən təşkialat da, məhz Yeni Azərbaycan Partiyası Gənclər Birliyidir.

Dünya ölkələri, xüsusilə Amerika və Avropa ölkələri ilə müqayisədə Azərbaycanda tüfeyli həyat tərzi keçirən, pis vərdişləri olan gənclərin faiz nisbəti aşağı səviyyədədir. Lakin bu, Azərbaycanda belə gənclərin heç olmaması anlamına gəlmir. Bu istiqamətdə həm cəmiyyət, həm müxtəlif gənclər təşkilatları, həm də kütləvi informasiya vasitələri tərəfindən xüsusi maarifləndirmə tədbirləri həyata keçirilməlidir. Biz Azərbaycanın gələcəyi olan gənclərimizin bugünkü həyat tərzinin sağlamlaşdırılması, onların parlaq gələcəyinin təmin olunması istiqamətində maksimum səy göstərməliyik.

Həyat tərzi yanlış olan gənclər ilk olaraq ətrafında dəyişikliklər etməlidir. Təşkilatlar həmin gənclərlə ünsiyyət quraraq, yanlış həyat tərzi sürmə həvəsinin səbəblərini öyrənməli, sosial sorğular keçirməli, maarifləndirmə işləri aparmalıdırlar. Bu gənclər seçdikləri yolun onlar üçün nə qədər zərərli olduğunu ilk növbədə psixoloji cəhətdən dərk etməlidir. Gənclər özlərini gələcəyin ailə başçısı kimi yetişdirməli, cəmiyyətə bu cür inteqrasiya etməlidir.

Tüfeyli həyat tərzi sürən gənclərdən uzaq durmamalı, onları cəmiyyətdən təcrid edib öz aləmlərində tərk etməməliyik. Belə gəncləri tədbirlərimizə dəvət etməli, cəmiyyət arasında tanınmış gənclərlə görüşlərini təşkil etməli və onları həyatın tanımadıqları üzü ilə tanış etməliyik.

Belə gənclərin Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Yay və Qış məktəbləri layihələrində bir araya gəldikdən, oradakı mühiti gördükdən sonra pis vərdişlərlə məşğul olması yalnız iradə zəifliyi ola bilər. Çünki, həmin layihələr çərçivəsində gənclərlə ideoloji işlər aparılır, onlara dövlətə, Vətənə, millətə sevgi aşılanır.

Bütün bunlarla yanaşı, gənclərin asudə vaxtlarından səmərəli şəkildə istifadə etmələrində təhsil və elm səviyyəsinin də rolu böyükdür.

Prezident yanında Gənclər Fondunda qeyri-hökümət təşkilatlarına və fərdi şəxslərə layihələrin maliyyələşdirilməsi üçün müəyyən vəsaitlər ayrılır. Ora müraciət edən gənclər təşkilatlarına və fərdi şəxslərə təklifim odur ki, bu istiqamətdə layihələr təqdim etsinlər. Videoçarxlar hazırlanmalı, posterlər quraşdırılmalı, sosial şəbəkələrdə mütəmadi məlumatlar yerləşdirilməli və gənclər arasında yanlış həyat tərzi ictimai qınağa çevrilməldir. Bunu ictimai qınağa çevirməyi bacarsaq, demək ki, qarşısını almağa müvəffəq olacağıq.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova

- Gənclər iki kateqoriyaya bölünür - aktiv və passiv gənclər. Aktiv gənclik asudə vaxtını daha çox təşkilatlarda, müxtəlif dil, kompyuter kurslarında və digər bu kimi yerlərdə keçirir. Passiv gənclik isə ya ümumiyyətlə heç nə etmir, ya da vaxtını gecə klubları, çayxanalar və s. bu kimi yerlərdə keçirir.

Tüfeyli həyat tərzi keçirən gənclərə ilk növbədə gənclər təşkilatları və aktiv gənclər düzgün istiqamət göstərə bilər. Biz heç kimi mühakimə edə bilmərik. Lakin ölkəmizə, Vətənimizə, vətəndaş cəmiyyətimizə, öz ailəsinə faydalı olmaq üçün onları düzgün həyat tərzinə yönəltməliyik.

Cəmiyyətimizdə nümunəvi gənc obrazı nə qədər çox olsa, tüfeyli həyat sürən gənclik daha da azalar. Asudə vaxtın təşkili ilə bağlı ölkəmizdə kifayət qədər resurs var. İdman kompleksləri, kitabxanalar, gənclərin marağını ödəyə biləcək elmi, sosial klublar var.

Təbii ki gənclik çılğınlığı, coşqunluğu sevir. O demək deyil ki, gənclər partilərə, klublara gedə bilməzlər. Amma günün neçə faizini harada keçirmək lazım olduğunu düzgün təyin etmək lazımdır.

Çay evləri gənc oğlanların ən çox yığışdığı yerlərdəndir. Ora əslində sosial, daha sonra isə biznes müəssisəsi sayılır. Gənclər təşkilatları həmin çay evlərinin rəhbərləri ilə danışıqlar aparıb, orada sosial video çarxlar nümayiş etdirə, diskussiya təşkil edə, gənclərə aid elanlar və posterlər yerləşdirə bilərlər ki, ora gələn gənclər təşkil olunacaq yarış və ya tədbirlərdən xəbərdar olsun və bu barədə düşünsünlər.

Gənclərin həyat tərzini seçməsində ən əsas rolu valideynlər oynayırlar. Əgər valideynin dünya görüşü kifayət qədərdirsə, övladının hərtərəfli inkişafını istəyirsə, onun həyat tərzi seçməsinə çox önəm verməlidir. Övladı valideyndən yaxşı hiss edən ikinci insan yoxdur.

Məsələn, övladının hansısa ixtisasa daha çox meyli varsa, onu həmin istiqamətdə fəaliyyət göstərən klublara üzv edə və ya seminarlara, kurslara göndərə bilər ki, həmin gənc o istiqamətə meyl etsin. Valideynlər uşaqların asudə vaxtının səmərəli istifadəsinə fikir verməli, vaxtlarını harada keçirdiklərini diqqətdə saxlamalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə