Müxtəlif cinayətlərə görə cəzalar sərtləşdirildi vətəndaşların nəzərinə
Milli Məclisin yaz sessiyası üçün son plenar iclasında Cinayət Məcəlləsinə dəyişikliklər müzakirə olunub. SİA-nın xəbərinə görə, dəyişikliklər barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli mılumat verib.
Onun sözlərinə görə, dəyişikliklərə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası 3 aydan 20 ilədək müddətə müəyyən edilir: "Cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən azadlıqdan məhrum etmə müddətinin qismən və ya tamamilə toplandığı hallarda, azadlıqdan məhrum etmənin yuxarı həddi 20 ildən, hökmlərin məcmusu üzrə isə 25 ildən artıq ola bilməz".
Eyni zamanda cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti 20 ildən çox ola bilməz.
Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya 20 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir.
Hökmlərin məcmusu üzrə təyin edilən azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti 25 ildən çox ola bilməz.
Hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Soyqırım əlamətləri olmadan əhalini bütövlükdə və ya qismən məhv etmə 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təcavüzkar müharibəni aparma 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Şəxslərə qarşı zorlama, fahişəliyə məcbur etmə, məcburi sterilizasiya və ya cinsi zorakılıqla əlaqədar digər hərəkətləri etmə 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dövlətin və ya siyasi təşkilatın göstərişi, dəstəyi və ya razılığı ilə uzun müddət ərzində qanuni müdafiədən kənarlaşdırmaq məqsədilə şəxsi tutma, həbs etmə və ya oğurlama və sonradan şəxsin azadlıqdan məhrum edilməsini danma və ya onun aqibəti və ya yeri barədə məlumat verməkdən imtina etmə 10 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, müzakirələrin sonunda dəyişikliklər qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB