Azərbaycanda hərbi jurnalist ixtisasının yaradılması təklif olunur

Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən jurnalistlərlə Bakı Dövlət Universitetinin tələbələri arasında görüş keçirilib
Azərbaycanda hərbi jurnalist ixtisasının yaradılması təklif olunur

Bu gün "Xalq" qəzetinin redaksiyasında Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən jurnalistlərlə Bakı Dövlət Universitetinin tələbələri arasında görüş keçirilib. SİA-nın məlumatına görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Dağlıq Qarabağ mövzusu Azərbaycan jurnalistlərinin siyasi əqidəsindən asılı olmayaraq, şərəf və ləyaqət mövzusudur: "Dağlıq Qarabağ problemi hər azərbaycanlının olduğu kimi, jurnalistlərimizin də ən ağrılı yeridir. Bugünkü ahıl jurnalistlərimizin əksəriyyəti Qarabağ müharibəsində iştirak edib, döyüş bölgələrində olub, orada baş verən hadisələrdən reportajlar hazırlayıblar. Gənc jurnalistlər isə bunları yalnız böyüklərindən eşidiblər. Bu görüşü təşkil etməkdə əsas məqsədimiz gənc jurnalistlərin Qarabağ mövzusunda təcrübəsini artırmaqdır".

MŞ sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, baş verən hadisələrin gələcək nəsillərin yaddaşından silinməməsi üçün jurnalistlərin görəcəyi işlərdən də danışıb.

"Xalq" qəzetinin baş redaktoru Həsən Həsənov isə çıxışında ermənilərin Azərbaycan ərazilərində məskunlaşmasından, burada kök salaraq torpaqlarımızda dövlət yaratmalarından bəhs edib.

H.Həsənov deyib ki, Qarabağ münaqişəsi özünü qabarıq şəkildə göstərəndə, jurnalistlər mənbə tapmaq üçün xeyli əziyyət çəkirdilər: "Sonrakı illərdə Ümummilli Lider Heydər Əliyev tərəfindən bunun aradan qaldırılması istiqamətində bir neçə fərman imzalandı ki, bunlar da Qarabağ mövzusunun fəal şəkildə işlənməsinə şərait yaratdı. Təsadüfi deyil ki, hazırda Qarabağ münaqişəsi ilə bağlı müxtəlif dillərdə yüzlərlə kitab, minlərlə məqalə, bir neçə film var.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir Məmmədli isə qeyd edib ki, Qarabağ münaqişəsi ilə bağlı bir çox həqiqətləri, məhz jurnalistlərin araşdırması ortaya qoyub.

Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov deyib ki, Qarabağ münaqişəsinə aid çoxsaylı əsərlər yazılsa da, Qarabağda yaşayan qarışıq ailələr haqqında mövzuya toxunulmayıb.

Tədbirdə çıxış edən "APA" İnformasiya Agentliyinin baş direktoru, "APA" Holdinqin Direktorlar Şurasının sədri Nurşən Quliyev isə Azərbaycanda hərbi sahədə ixtisaslaşmış juranilstlərin az olduğunu diqqətə çatıdırıb. Bu sahədəki boşluğun aradan qaldırılması üçün hərbi jurnalist ixtisası üzrə kadrların hazırlanmasını təklif edib.

Tədbir müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə