Qadın faktorunun Ulu Öndər amil MÜTƏRƏQQİ QADIN SİYASƏTİ

ZƏRİFƏ QULİYEVA, YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi rayon Ağbirçəklər Şurasının sədri
Qadın faktorunun Ulu Öndər amil MÜTƏRƏQQİ QADIN SİYASƏTİ

Qadınlar cəmiyyətimizin aparıcı qüvvəsidir. Bu ifadə həqiqətən də qadının ictimai rəydəki nüfuzuna, cəmiyyətdəki roluna verilən müstəsna dəyərdir. Məhz bu baxımdan, qənaətə gəlmək mümkündür ki, dünyada öz əsrarəngiz incəliyi, eləcə də potensial gücü ilə seçilən Azərbaycan xanımı hər zaman bu dəyərin ən üst qatında dayanmışdır. Bu gün Azərbaycan qadını dövlətinin güclənməsində, qüdrətlənməsində aparıcı mövqeyini saxlayaraq sözügedən proseslərə yetərincə təsir imkanını əldə edib. Belə ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən uğurlu qadınlar siyasəti və bu siyasətin möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən davam etdirilməsi Azərbaycan qadınına güc verir. Təbii ki, burada ölkənin hakim partiyası tərkibində fəaliyyət göstərən qadınlarımızın da xüsusi əməkləri mövcuddur. Yeni Azərbaycan Partiyası sıralarında birləşən on minlərlə qadın cəmiyyətimizdə nüfuza sahibdirlər və bu vəzifələrin öhdəsindən layiqincə gəlmək iqtidarındadırlar. Onu da qeyd etmək lazımdır ki, Ümummilli Lider Heydər Əliyevin tövsiyəsi ilə 1995-ci ildə Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının yaradılması cəmiyyətimizi saflaşdırmaq üçün qoyulan bir ənənə idi.

Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev tərəfindən 1998-ci ildə "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında" Sərəncam imzalaması, Prezidentin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasını, Azərbaycan qadınlarının I qurultayının keçirilməsi haqqında qərarı da qeyd edilən fikirlərin davamı kimi qiymətləndirilməkdədir. Çünki Heydər Əliyev hər zaman qadınların cəmiyyətdə aparıcı bir qüvvə olduğunu söyləyib. Cəmiyyəti qadınlarsız təsəvvür etmək mümkün olmadığı kimi, bugünkü Azərbaycan cəmiyyətində özünə möhkəm yer tutmuş Yeni Azərbaycan Partiyasını da qadınlarsız təsəvvür etmək mümkün deyil. Qadınların partiyada fəallığı hər şeydən əvvəl onların ictimai-siyasi fəallığı ilə əlaqədardır. Bu gün ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasın, uğurlu ictimai, eyni zamanda siyasi fəaliyyətini davam etdirməsin. Öz vətəndaş mövqeyi, qadın hünəri ilə onlar kişilərlə çiyin-çiyinə əmək fəaliyyətlərini davam etdirirlər. Azərbaycan qadınları tükənməz enerji və məhəbbətlə öz doğma ocağında-ailəsində ömürlərinin şərəfli səhifələrini yaşamaqla bərabər, cəmiyyətdəki aktual problemlərin həllindən də kənarda qalmayaraq var gücləri ilə çalışırlar. Prezident İlham Əliyev Cənablarının apardığı məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycan qabaqcıl dünya dövlətləri sırasında təmsil olunur. Bu gün Azərbaycan qadınına verilən yüksək qiymət ölkə başçısının onlara layiqli dəyər verməsi ilə də sübut olunub. Azərbaycanın bir çox sahələrində çalışan qadınları dövlət mükafatları, fəxri adlarla təltif olunmuşlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan qadınına yüksək dəyərini verərkən demişdir: "Xalqımızın milli varlığını müəyyən edən mədəni-mənəvi dəyərlərimizin, ana dilimizin, adət-ənənələrimizin qorunub saxlanması və bu günlərədək layiqincə yaşadılmasında Azərbaycan qadını misilsiz xidmətlər göstərib. O, müstəqil dövlətçiliyimizə və azərbaycançılıq məfkurəsinə sədaqət, müqəddəs vətənimizin suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı naminə gənclərimizin doğma yurda sonsuz məhəbbət ruhunda formalaşmaları yolunda var qüvvəsini sərf edir.

Azərbaycanın qədim və zəngin tarixinin hər səhifəsində qadınlarımızın müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri var. Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra qadınlar sosial fəallıqlarını xeyli artıraraq elm və təhsil, səhiyyə və mədəniyyət sahələrində mühüm nailiyyətlər qazanıblar. Onlar suveren ölkəmizin dinamik inkişafını təmin edən bütün bu təqdirəlayiq fəaliyyətləri ilə milli dövlət quruculuğu işində öz istedad və bacarıqlarını müvəffəqiyyətlə gerçəkləşdirir, beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil edirlər.

Azərbaycan xanımının, Azərbaycan qadınının ən bariz nümunəsi kimi biz Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da fəaliyyətindən bəhrələnir, bundan qürur hissi duyuruq. İctimai-siyasi fəaliyyətə başladığı gündən cəmiyyətin bütün təbəqələrinin diqqət mərkəzində olan Mehriban xanım Əliyeva haqqında belə təsəvvür formalaşıb. O, səmimidir, məsuliyyətlidir, həssasdır, işgüzardır və xeyirxahdır. 1995-ci ildə təsis etdiyi Azərbaycan Mədəniyyəti Dostları Fondunun məqsədi budur-milli mədəniyyətimizin inkişafına kömək göstərmək, xalqımızın dəyərli mədəniyyət nümunələrinin xaricdə təbliğini dəstəkləmək. Humanizm pirsiplərinə əsasən fəaliyyət göstərən, başlıca missiyası insanlara xeyirxahlıq göstərmək, milli-mənəvi dəyrlərimizi yaşatmaq, mədəniyyətimizi təbliğ etmək olan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşkilatçılığı ilə həyata keçirilən layihələrin əsasında uşaqlara qayğı öndə dayanır. Belə ki, fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində məktəb tikintisinə, yenidən bərpasına, dünya standartlarına cavab verən formada avadanlıqlarla təchiz edilməsinə göstərdiyi diqqət ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Heydər Əliyev Fondunun prezidentinin milli irsimizin qorunması istiqamətində göstərdiyi səylər də təqdirəlayiqdir. Muğamımızın inkişafı yönümündə atılan addımlar göz qabağındadır. Təbii ki, qeyd etdiklərimiz Mehriban xanım Əliyevanın gördüyü işlərin yalnız az bir hissəsidir. Mehriban xanım ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən, sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan, hətta dünya qadınları üçün nümunə və örnəkdir. Bəli, O, məhz Azərbaycan xanımı və ictimai-siyasi xadim kimi biz qadınların fəaliyyətinə stimul verməkdədir.

Mən burada Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının ümumrespublika konfransının keçirilməsinə və möhtəşəm konfransda edilən əhəmiyyətli çıxışlara da diqqət yetirmək istərdim. Belə ki, Baş nazirin birinci müavini, Yeni Azərbaycan Partiyasının İcra katibi hörmətli Əli Əhmədovun, Milli Məclisin vitse-spikeri Bahar xanım Muradovanın, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hicran xanım Hüseynovanın, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyevanın irəli sürddükləri fikirləri, əslində, ölkə qadınlarımızın uğurlu fəaliyyətlərini bütün statistik göstəriciləri ilə nümayiş etdi.

Çıxışlarda bir çox mühüm kontekstlərə toxunularaq vurğulanmışdır ki, qadınlarımız Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsini dəstəkləyir, bu siyasi xəttin reallaşmasında fəal iştirak edirlər. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ayrı-ayrı sosial qrupların deyil, bütövlükdə bütün cəmiyyət üzvlərinin həyatında müsbət dəyişikliklərə səbəb olmuşdur. Belə ki, dövlət siyasətinin prioritet istiqaməti insanların həyat şəraitini yaxşılaşdırmaqdan, daha yüksək yaşayış səviyyəsini təmin etməkdən ibarətdir.

Digər tərəfdən, partiyanın aparıcı üzvləri olan qadınların fəaliyyətinin nəticəsidir ki, YAP Qadınlar Şurası Asiya Siyasi Partiyalar Assosiasiyasının Qadınlar Şurasına üzvdür və bu beynəlxalq təşkilatda müstəqil Azərbaycanın adını layiqincə təmsil edir. Bu günün Azərbaycan qadını ictimai-siyasi həyatın bütün sahələrinə nüfuz edərək ötən müddət ərzində ölkədə keçirilmiş parlament və prezident seçkilərində fəallıq nümayiş etdirmiş, Azərbaycanın demokratik inkişafına töhfələr verməkdə bu gün də davam edirlər. Bu gün ölkəmizdə gender məsələləri bütün səviyyələrdə gözlənilir və qadınların ictimai həyatda özlərini təsdiq etməsi üçün mükəmməl qanunvericilik bazasının yaradılması da özünə bu kimi faktorları səciyyənləndirməkdədir. Müasir Azərbaycan qadını bu gün Milli Məclisdə, beynəlxalq təşkilatlarda, dövlət idarəçiliyində təmsil olunurlar.

Qarşıdan bələdiyyə seçkiləri gəlir. Biz qadınlar bu seçkilərdə də bütün potensialımızı ortaya qoyaraq, ictimai-siyasi fəaliyyətimizi gücləndirəcəyik. Çünki Azərbaycanda bələdiyyələrin 30 faizinə məhz qadınlar rəhbərlik edirlər. Bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də YAP qdınları öz müstəsna fəaliyyətlərini bütün prioritetləri ilə davam etdirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə