Fazil Mustafa: "Səhiyyə sahəsində ciddi islahatlar aparılmalıdır"

Fazil Mustafa: "Səhiyyə sahəsində ciddi islahatlar aparılmalıdır"

Milli Məclisin bugünkü iclasında deputatlar Prezident İlham Əliyevin bir neçə gün əvvəl imzaladığı əfv sərəncamını yüksək qiymətləndiriblər. SİA-nın xəbərinə görə, iclasda çıxış edən millət vəkilləri İlyas İsmayılov, Fazil Mustafa azadlığa çıxan şəxslərin ailələrini təbrik ediblər.

Millət vəkili Fazil Mustafa çıxışı zamanı onu da bildirib ki, ölkədə siyasi məhbusun olub-olmaması məsələsi Avropa məkanında müzakirə çıxarılmamalıdır.

O həmçinin səhiyyə sahəsindəki mövcud problemlərdən də söz açıb. Onun sözlərinə görə, bu günə qədər bir çox vətəndaşlarımız ölkənin birinci xanımı Mehriban Əliyeva və ölkə başçısı İlham Əliyevin dəstəyi ilə istər Azərbaycanda, istərsə də xarici ölkələrdə müalicə alırlar: "Təbii ki, bununla kifayətlənmək olmaz. Odur ki, ölkənin səhiyyə ssitemində ciddi islahatlar aparılmalıdır".

Millət vəkili həmçinin əlavə edib ki, səhiyyə ocaqlarında bazar günü çalışan insanlara əlavə vəsait mükafat şəklində ödənilməlidir: "Tibb işçiləri istirahət günlərində növbətçi kimi işə çıxırlar, lakin bunun müqabilində onlara heç bir əlavə ödəniş edilmir. Bu da insanların hüququnun pozulması deməkdir".

Fazil Mustafa eyni zamanda dərmanların əksəriyyətinin baha olmasından da şikayətlənib. O bildirib ki, ən çox da qocaların atdığı dərmanlar həddindən artıq bahadır: "Pensiyaçıların da aldığı məvaciblə həmin dərmanları almaq mümkün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə