Astarada ucqar dağ kəndində səmimi görüş

Astarada ucqar dağ kəndində səmimi görüş

Astarada İcra başçısı Qəzənfər Ağayev ucqar dağlıq ərazidə yerləşən Anboba kəndinin sakinlərilə görüşüb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, ucqar dağlıq ərazidə yerləşən kəndlərə gedən Rinə-Toradi yolunun yaxınlığındakı Anboba kəndində yaşayan əhalinin əsas məşğuliyyəti heyvandarlıq, meyvəçilik və arıçılıqdır. Uzun illər idi ki, kənddə müasir tələblərə cavab verən məktəb binası yox idi. Hazırda kənd sakinlərinin arzusu yerinə yetirilir. Burada səksən şagird yerlik yeni məktəb binasının tikintisi sürətlə aparılır. İşin gedişi göstərir ki, məktəbin tikintisi yeni dərs ilinə kimi başa çatdırılacaqdır. Rayon İcra hakimiyyətinin başçısı Q. Ağayev Anboba kənd məktəbinin tikintisində işlərin gedişi ilə maraqlanmış, tövsiyə və tapşırıqlarını verib.

Asxanakəran inzibati nümayəndəliyinə aid olan Anboba kənd sakinləri ilə görüşdə çıxış edən icra başçısı son dövrdə respublikamızda, eləcə də rayonumuzda aparılan geniş quruculuq və abadlıq işləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün ölkədə genişmiqyaslı tikinti işləri vüsət alıb, əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün konkret əməli tədbirlər həyata keçirilib. Möhtərəm Prezidentimizin Sərəncamı ilə Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Astara şəhərində Dənizkənarı Park və bulvarın tikintisi əhalinin böyük sevincinə səbəb olub. Çimərlik üçün ayrılan ərazidə geniş abadlıq işləri aparılır. Gələcəkdə Rinə-Toradi avtomobil yolunun əsaslı təmirinə başlanılacaqdır.

Kənd sakinlərindən Manafəli Teymurov, Zülfiəli İbadov, İman Bəyəliyev və başqaları çıxış edərək ucqar dağlıq ərazidə yerləşən Anboba kəndinə gəldiyinə, sakinlərlə səmimi görüş keçirdiyinə görə icra başçısı Q.Ağayevə təşəkkürlərini bildirmiş, respublikamızda o cümlədən rayonda aparılan geniş abadlıq və quruculuq işlərindən, xüsusən dağ kəndlərinə gedən yolların əsaslı təmirinə ciddi diqqət yetirilməsindən razılıqlarını ifadə edblər. Çıxışlarda ərazidə yerləşən elektrik xətlərinin yenidən qurulması, istehsal olunan sitrus meyvələrinin emalı üçün sexlərin yaradılması, Motlayataq-Anboba, Biləsər-Motlayataq yolunun təmir edilməsi, kənddə feldşer-mama məntəqəsi yaradılması barədə təkliflər verilib.

Anboba kənd sakinləri ilə keçirilən görüşü yekunlaşdıran icra başçısı qeyd edib ki, burada qaldırılan məsələlərin icrası üçün müvafiq tədbirlər görüləcək, elektrik xətləri təmir ediləcək, kənd yollarının təmirinə diqqət artırılacaqdır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə