Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 96-cı ildönümü, 28 May-Respublika Günü ilə əlaqədar Təbrizin "Beynəlxalq İpək Yolu" restoranında rəsmi qəbul keçirilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan və İranın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan rəsmi qəbulda Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə çıxış edərək 1918-ci ildə erməni silahlı birləşmələrinin Azərbaycan əhalisinə qarşı soyqırımlar törətdiyi vaxtda, Azərbaycan xalqının böyük bir təhlükə ilə üz-üzə qaldığı bir zamanda istiqlaliyyətin əldə edildiyini, yeni yaranan Azərbaycan Xalq Cümhuriyyətinin tezliklə hüquqi dövlət quruculuğu sahəsində uğurlu addımlar atdığını bildirib.
Baş konsul, Paris Sülh Konfransı tərəfindən də müstəqil dövlət kimi tanınan Azərbaycan Xalq Cümhuriyyətinin təəssüf ki, həmin dövrdə cəmi 23 ay yaşadığını, lakin yaradılan bu tarixin xalqımızın varlığına hopduğunu və 70 il əsarətdən sonra Azərbaycanın öz müstəqilliyinə yenidən qovuşduğunu qeyd edib. Baş konsul müasir Azərbaycanın müstəqilliyinin məhz ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və müdrik siyasəti nəticəsində qorunub saxlanıldığını vurğulayaraq, bu siyasi kursun ölkə Prezidentimiz tərəfindən də uğurla davam etdirildiyini və bunun nəticəsində hazırda Azərbaycan Respublikasının dünyanın stabil inkişaf edən ölkələrindən birinə çevrildiyini bildirib.
Baş konsul, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri, həmçinin, Azərbaycan Respublikasının xarici və daxili siyasəti, sosial-iqtisadi, mədəni, elmi və digər sahələrdə əldə etdiyi yüksək nailiyyətləri haqqında da məlumat verərək, Azərbaycanın dost və qonşu ölkə olan İranla əlaqələrinə də xüsusi önəm verildiyini və bu əlaqələrinin inkişaf etdiyini qeyd edib, Azərbaycan Respublikasının milli bayramı, "28 May-Respublika Günü" nün Təbriz şəhərində də qeyd olunmasının bu əlaqələrin bir təzahürü olduğunu diqqətə çatdırıb.
Rəsmi qəbulda İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin valisi İsmayıl Cabbarzadə də çıxış edərək İranla Azərbaycan arasında olan ortaq bağlılıqlardan, səmərəli əməkdaşlıqlardan söhbət açıb, İran-Azərbaycan əlaqələrinin inkişaf etdiyini və daha da inkişafı üçün geniş potensialların mövcüd olduğunu bildirib, "28 May-Respublika Günü" ilə bağlı İran tərəfinin təbriklərini çatdırıb.
Çıxışlardan sonra Azərbaycan Respublikasına dair film nümayiş olunmuş, sənətçilərin royalda ifası ilə Azərbaycan xalq mahnılarının sədaları altında ziyafət verilib, "Azərbaycan-96" rəmzi yubiley tortu da kəsilmişdir. Rəsmi qəbulda İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin valisi və vilayətin digər dövlət rəsmiləri, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, Türkiyə Respublikasının Təbrizdəki baş konsulu və Baş Konsulluğunun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Rəsmi qəbul iştirakçılar tərəfindən maraqla qarşılanmış və xoş təəsürat bağışlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB