Tehranda Respublika Günü qeyd edilib FOTO

Tehranda Respublika Günü qeyd edilib FOTO

Azərbaycanın İrandakı səfirliyində 28 May - Respublika Günü münasibəti ilə rəsmi qəbul təşkil olunub. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbulda İranın rabitə naziri, Azərbaycan-İran hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Ramazanəli Sobhanifər, İran parlamenti və xarici siyasət idarəsinin təmsilçiləri, diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri, Tehranda fəaliyyət göstərən araşdırma mərkəzlərinin təmsilçiləri, iş adamları, azərbaycanlı və xarici tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Cavanşir Axundov 28 May – Respublika günü haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, əsası 1918-ci il mayın 28-də qoyulmuş Azərbaycan Demokratik Respublikasının (ADR) müsəlman şərqində ilk demokratik, parlamentli respublika olduğunu qeyd edib. O bildirib ki, cəmi 23 ay ərzində mövcud olmasına baxmayaraq, ADR-də ordu sistemi formalaşıb, insanların demokratik hüquq və azadlıqları bərqərar olunub və digər mütərəqqi işlərə imza atılıb. C.Axundov Azərbaycanın dini, mədəni, tarixi, coğrafi yaxınlığı və bağlılıqları olan İranla münasibətlərə xüsusi önəm verdiyini vurğulayıb.

Sonra M.Vaezi dost və qardaş Azərbaycan xalqını 28 May-Respublika günü münasibətilə təbrik edib, İranın Azərbaycanla ikitərəfli münasibətlərin intensivləşdirilməsinə böyük əhəmiyyət verdiyini bildirib.

Tədbirdə Azərbaycanın tarixi-mədəni abidələri, adət-ənənələri, mədəni irsi və s. haqqında film nümayiş etdirilib, gənc azərbaycanlı xanəndələr tərəfindən Azərbaycan muğamları və xalq mahnıları səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə