Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yer Elmləri Bölməsi, eləcə də Geologiya və Geofizika İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzi və Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə "Seysmologiya, mühəndis seysmologiyası və "ANTELOPE" sistemi istifadəçiləri qrupu"nun (AUG) VI beynəlxalq konfransı öz işinə başlayıb. SİA-nın xəbərinə görə, tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq qonaqları salamlayıb və konfransın əhəmiyyətindən danışıb
Onun sözlərinə görə, dünyanın inkişaf edən ölkələrində seysmoloji tədqiqatlar üçün istifadə olunan "ANTELOPE" sistemi proqramına dair konfrans Azərbaycanın dövlət və hökumət rəsmiləri, 20-yə yaxın xarici ölkədən seysmoloq-alim və mütəxəssis, həmçinin beynəlxalq seysmoloji təşkilatların nümayəndələrini bir araya toplayıb.
Beynəlxalq tədbirdə fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə, Missuri Universitetinin professoru Erik Sandvol, Rusiya Elmlər Akademiyası Yer Fizikası İnstitutunun direktoru Sergey Tixotski, Yaponiyanın "OYO Seysmik Sənaye Korporasiyası"nın prezidenti Kajivara Toru və müxtəlif ölkələrin təmsilçiləri çıxış ediblər.
Qonaqlar konfransın seysmologiya elminin perspektiv inkişafına böyük töhfələr verəcəyini, bir sıra ölkə alimlərini birgə tədqiqatlara yönəldəcəyini vurğulayıblar.
AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov Cənubi Xəzərin subduksiya modelinin seysmik, qravimetrik, geodinamik meyarları və onun neft-qazlılıqla əlaqəsi, ölkə ərazisinin yer qabığının indiki deformasiyasından danışıb.
Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişli 2004-2013-cü illərdə Azərbaycan ərazisində seysmikliyin təzahür xüsusiyyətləri mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə müasir informasiya texnologiyalarının tətbiqi nəticəsində seysmologiya sahəsində əldə olunan elmi nəticələr, bina və tikililərdə ərazinin seysmikliyinin nəzərə alınması və "ANTELOPE" sistemi proqramının tətbiqinə dair elmi məruzələr də dinlənilib.
Mayın 31-nə qədər davam edəcək konfransın sonuncu günü iştirakçıların Şamaxı rayonuna ekskursiyası nəzərdə tutulur. Ekskursiya iştirakçıları rayonun palçıq vulkanları, tarixi mədəni abidələri və AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası ilə tanış olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB