Bahar Muradova: ""Əlil" ifadəsinin işlənməsinin qəti əleyhinəyəm"

"İnsanların qüruruna toxunacaq ifadələr qanunvericilikdən çıxarılmalıdır"
Bahar Muradova: ""Əlil" ifadəsinin işlənməsinin qəti əleyhinəyəm"

"Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli sosial şəraitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Uşaqların hüquqlarını qorumaq onların sosial təhlükəsizliyini, emosional vəziyyətlərinin stabil saxlanılması, sağlam şəxsiyyətlər olaraq formalaşmasını təmin etmək deməkdir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentdə bu gün keçirilən "Azərbaycanda Uşaq problemləri: Reallıqlar və perspektivlər" adlı tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, əvvəllər çox vaxt əldə olunan nailiyyətlərdən danışılırdı, ancaq problemlər arxa plana keçirdi: "Buna görə də bəzən özümüzü niyə xoşbəxt hiss etdiyimizi bilmirdik. Hətta bədbəxtliyimizin nədən ibarət olduğunu belə bilmirdik. Lakin bu gün müstəqil cəmiyyətdə yaşayırıq. Müstəqil dövlət olaraq da cəmiyyətin bütün sahələrində yeniliklərin əldə olunmasına şərait yaradılıb. Bunlardan ən önəmlisi isə uşaqlarımızın sağlam böyüməsini təmin etməkdir".

Milli Məclisin sədr müavini onu da əlavə edib ki, bu gün Azərbaycan bütün vətəndaşlarının hüquq və azadlıqlarını təmin etdiyi kimi uşaqlar üçün də çox faydalı şərait yaradıb: "Uşaqların sağlamlığı üçün bütün qanunverici aktları qəbul edib. Əminliklə demək olar ki, uşaqların rastlaşdığı problemlər Milli Məclisin komitə iclasları ilə yanaşı, plenar iclaslarda da müzakirə olunur. Uşaqların asudə vaxtlarının səmərəli təşkili vacib məsələlərdən biridir. Bununla bağlı məsələlər maliyyəyə bağlı olduğundan, qanuna dəyişiklikləri istədiyimiz zaman həyata keçirə bilmirik. Lakin bu məsələ hələ də parlamentin gündəliyində yer alan önəmli layihələrdən biridir. Bizim üçün vacib məsələ uşaqların təhlükəsizliyi və uşaq cinayətlərinin baş verməməsi, eləcə də onlara xüsusi yanaşmanın olmasıdır. Parlamentin müvafiq komitələri bu məsələlərlə ciddi məşğuldurlar".

"Fiziki imkanları məhdud olan uşaqların problemi bizi narahat edən növbəti məsələlərdən biridir. Onları əlil kimi qələmə veririk. Ancaq həmin ifadənin işlənməsinin qəti əleyhinəyəm. Hesab edirəm ki, qanunlarda terminologiyaya ciddi diqqət yetirilməlidir. Çünki həmin insanların qüruruna toxunacaq ifadələri qanunvericiliyimizdən çıxarmalıyıq. Fiziki imkanları məhdud olan uşaqların təhsili, cəmiyyətə inteqrasiyası, psixoloji problemlərinin aradan qaldırılması istiqamətində ciddi düşünülməlidir"- deyə, Bahar Muradova çıxışına əlavə edib.

B.Muradova həmçinin qeyd edib ki, Azərbaycanda uşaq müdafiəsi sahəsinin inkişafına dəstək vermək və cəmiyyətin diqqətini prioritetli məsələlərə cəlb etmək məqsədilə mütəmadi olaraq geniş müzakirələrin aparılması, habelə geniş əhali, eləcə də orta ümumtəhsil məktəblərin şagirdləri arasında uşaq hüquqları və BMT-nin Uşaq Hüquqları Konvensiyası barəsində maarifləndirmənin davamlı olaraq təşkili xüsusi əhəmiyyət kəsb edir: "Bu məqsədlə Uşaq Hüquqları üzrə QHT Alyansı müvafiq dövlət qrumları ilə əməkdaşlıq çərçivəsində hər il 1 İyun - Uşaqların Beynəlxalq müdafiəsi və həmçinin 20 noyabr BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbulu gününə həsr edilən silsilə tədbirlər həyata keçirir. Bu gün keçirilən tədbir də məhz bu qəbildəndir".

Daha sonra çıxış edən UNİCEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard Azərbaycanın müstəqillik qazandıqdan bir neçə ay sonra Uşaq Hüquqlarının Müdafiəsi haqqında Konvensiyanı ratifikasiya etdiyini xatırladaraq qeyd edib ki, bu konvensiyanı ratifikasiya etməklə, Azərbaycan bütün uşaqların, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların qayğısına qalmaqda qərarlı olduğunu bütün dünyaya sübut etdi: "Ötən illər ərzində UNİCEF Mili Məclislə sıx əməkdaşlıq edib, yüksək nəticələr əldə olunub və uşaqların hüquqlarının qorunması ilə bağlı vəziyyət xeyli yaxşılaşıb. Odur ki, parlament Azərbaycan qanunvericiliyinin beynəlxalq konvensiyalara uyğunlaşdırılması istiqamətində xeyli işlər görüb".

M.Herevard bundan sonra da UNİCEF-in uşaq hüquqlarının qorunması və bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi sahəsində Milli Məcilis ilə yaxından əməkdaşlıq etməyə hazır olduğnu diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə