"Avropa parlamentinə seçkilər Avropa Birliyində çatların artmasını göstərir". Bu haqda "Washington Post" qəzeti yazıb. Birləşmiş Avropanın əleyhinə olan partiyalar Avropa parlamentinə seçkilərdə rekord sayda deputat yeri əldə edib. Qəzet "Avropa Birliyi nədir?" sualına cavab tapmağa çalışır.
Avropa Birliyi o deməkdir ki, təyyarəyə bircə bilet almaqla polşalı Londonda və ya Parisdə gedib iş tapa bilər, italiyalı mühəndis Almaniyada avtomobil zavodunda işləyə bilər, yunan aşpaz İspaniyada və ya Danimarkada restoranda çalışa bilər.
Ancaq Avropanın illərlə çəkən borc böhranı, içsizliyin artması, iqtisadiyyatın yerində sayması, hətta Avropa Birliyinin bünövrəsi olan Fransa kimi ölkədə də bir çoxlarını vadar edir ki, problemlərə görə məhz Avropa Birliyini ittiham etsinlər.
Fransada Avropa Birliyinə seçkilərdə hamıdan çox səs toplamış anti-Avropa Birliyi millətçilərinin lideri Marine Le Pen deyib ki, fransızlar kiminsə qıraqdan onları idarə etməsini istəmir.
Ancaq qəzet qeyd edir ki, sağ və sol ifrat millətçilər nə qədər böyük uğur qazansalar da 751 yerlik Avropa parlamentində onlar yerlərin yalnız 3-də 1-ni qazanıblar. Yerdə qalanlar yenə də Avropada inteqrasiya tərəfdarı olan partiyalardadır.
Qəzet hesab edir ki, sağ və sol ifratçı partiyaların uğuru daha çox, hər bir ölkənin daxilində hakim partiyalara başağrısı yarada bilər.
Məsələn, Britaniyada immiqrasiya əleyhinə olan Müstəqillik partiyası Avropa parlamentinə seçkilərdə Britaniyada bütün partiyalardan çox səs yığdı. Gələn ilki parlament seçkilərində onlar mühafizəkar partiyaya verilən səslərin bir qismini ala və bununla da müxalifətdəki Əmək partiyasını hakimiyyətə gətirə bilər. Bundan başqa, ifrat sağçı və solçuların uğuru Almaniya kansleri Merkel kimi siyasətçilərin də mövqeyini sərtləşdirə bilər.
Berlin, məsələn, necə deyərlər, "mənfəət turizminin" qabağını almağa çağırır. "Mənfəət turizmi" deyəndə, sosial müdafiə sistemi zəif olan, məsələn, Bolqarıstan və Rumıniya kimi ölkələrin vətəndaşlarının rifah sistemi yüksək olan Almaniya kimi ölkələrə köçüb-yaşaması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB